Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-823/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, Cavabdehlə aralarında bağlanmış 15.07.2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, müqaviləyə əsasən ödənilməli olan 1440,24 manat lizinq, 224,31 manat cərimə borcu olmaqla, cəmi 1664,55 manat ödənilməmiş borcun, lizinq predmetinə vurulmuş 8414 manat zərər məbləğinin və ödənilmiş 30,40 manat (30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı) məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.07.2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh ödənilməmiş lizinq haqqına görə 1440,24 manat, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7105 manat olmaqla, cəmi 8565,24 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən müqavilə üzrə ilkin olaraq iddiaçıya 2333 manat, cədvəl üzrə ayda 526,99 manat olmaqla 17 ay (8,958.83 manat) ödəniş etməklə, cəmi 11.291.83 manat vəsait ödənilmiş, müqavilənin pozulmasına əsas olan hərəkətə tərəfindən yol verilməmişdir. Müvəqqəti sahibliyinə verilmiş avtomobillə yüngül nəqliyyat hadisəsi törətmiş və avtomobili təmir üçün ustaya apararaq, təmir işlərinə başlatmışdır. Bu haqda iddiaçını məlumatlandırdıqda o, nəqliyyat vasitəsinə baxmaq üçün avtomobilin olduğu təmir yerini soruşmuş, həmin ünvana xəbərsiz gedərək, iradəsinə zidd olaraq avtomobili həmin yerdən götürərək, naməlum istiqamətdə aparmışdır. Məlumatı və iştirakı olmadan avtomobilə iddiaçı tərəfindən birtərəfli qaydada baxış keçirilmiş, təmir xərclərinin maksimum dəyəri 1700-2000 manat, avtomobilin isə 16.200 manatla qiymətləndirilməsinə baxmayaraq, qanunsuz olaraq təmir xərclərinin 8414 manat olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza da həmin qanunsuz tərtib olunmuş 26.12.2017-ci il tarixli akta istinad etməklə vurulmuş ziyan məbləğinin 7105 manat olmasını müəyyən etmişdir. Müəyyən olunmuş ziyan məbləği avtomobilin bazarda satış qiymətindən cüzi fərqlənmiş, nəqliyyat hadisəsi zamanı avtomobilin tamamilə məhv olunması anlamını yaratmışdır. Nəqliyyat hadisəsi nəticəsində isə avtomobilin yalnız ön sol qanadı, mühərrik qapağının bir hissəsi, alın şüşəsinin dam tərəfdən olan cüzi hissəsi əzilmiş, ön alın şüşəsi qırılmışdır. Bütün bunların aradan qaldırılmasına və avtomobilin əvvəlki vəziyyətə gətirilməsinə ehtiyat hissəsləri və usta xərcləri da daxil olmaqla cəmi 1700-2000 manat vəsait tələb edilirdi. İddiaçı lizinq predmeti olan avtomobili müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə 30.11.2016-cı il tarixdə cavabdehin onlara könüllü təhvil verdiyini, təhvil-təslim aktı üzrə avtomobili qəbul etdiklərini bildirsə də, tərəfindən müqavilə öhdəlikləri pozulmamış, avtomobil onlara qeyd etdikləri formada təhvil verilməmiş, aralarında hər hansı akt tərtib olunmamış, ümumiyyətlə onun avtomobili qaytarmaq niyyəti olmamış, 11.000 manatdan artıq vəsait ödədiyi avtomobili aylıq ödənişləri davam etdirməklə mülkiyyətinə keçirmək istəmişdir. Lakin iddiaçı müqavilə öhdəliklərini yerinə yetirməmiş, qanunun tələblərinə və iradəsinə zidd olaraq nəqliyyat vasitəsini olduğu yerdən aparmış, daha çox qanunsuz gəlir əldə etmək üçün avtomobili başqa şəxsə satmış, tərəfindən ödənilmiş vəsaitləri qeyri-qanuni yolla mənimsəmiş, xeyli vəsait ödədiyi əmlakın 3-cü şəxsə satılması haqqında ona məlumat verilməsini təmin etməmiş, satış məbləği, satışdan əldə olunmuş vəsaitin hansı istiqamətlərə yönəldilməsi, müqavilənin ləğvi məbləğindən fərqlər haqqında məlumat verməyərək, onu müqavilədə nəzərdə tutulmuş hüquqlarından məhrum etməklə müqavilə şərtlərinə əməl etməmişdir. Lizinq predmeti iddiaçının mülkiyyəti olduğu kimi, həmin nəqliyyat vasitəsi üçün ödənilmiş 11.291,83 manat vəsait də onun mülkiyyətidir. Məhkəmə isə, ödənilmiş həmin vəsaitin gələcək taleyinə münasibət bildirməmiş və bütün bunlar da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ləğv olunmuş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə dəymiş zərərin məbləği hissəsində dəyişdirilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına görə, AC seriyalı 490081 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «Nissan Sunny» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxxLizinq” ASC-dir. 15.07.2015-ci il tarixli maliyyə lizinq müqaviləsinə əsasən, «xxxxLizinq» ASC (lizinq verən) «Nissan Sunny» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh lizinqə vermişdir. «xxxxLizinq» ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən, 30.11.2016-cı il tarixə Cavabdeh 1440,24 manat əsas, 224,31 manat cərimə olmaqla, cəmi 1664,55 manat borcu var. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15907 saylı, 26.07.2018-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Nurgün Motors» servis mərkəzinin 26.12.2017-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxılışlı «Nisan Munny» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7105 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 424.5, 467, 748-1.12 və 748-1.12.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddia qismən təmin edilməli, lizinq məbləği üzrə yaranmış borc, azaldılmış 20 manat cərimə, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilən qiyməti 7105 manat və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ali Məhkəmə, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, 11.09.2020-ci il tarixli qərarında vurğulamışdır ki, ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Lizinq alanın məsuliyyəti” adlanan 750-ci maddəsinə görə, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin maddənin 2-ci cümləsinin tələbləri baxımından müqavilə üzrə tərəflərin münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan müqavilənin 10-cu bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin xeyrinə sığorta edilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi lizinq obyektinə vurulmuş ziyanla bağlı sığorta ödənişinin lizinq verənə ödənilib-ödənilməməsini araşdırmamışdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi, avtomobilə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi üzrə ekspert rəyi yalnız “Nurgün Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş 13.12.2016-cı il tarixli qüsur aktına əsasən verilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi ziyanın düzgün müəyyən edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə sığorta şirkətlərinə müvafiq sorğular göndərilmiş və iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən 25.12.2020-ci il tarixli, 3317 saylı məktubla bildirilmişdir ki, ** AN *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobil 15.07.2015-ci il tarixdən 14.07.2018-ci il tarixədək İddiaçı MMC tərəfindən ASC-də kasko sığorta növü üzrə sığortalanmışdır. Sözügedən avtomobilin 2015-2019-cu il tarixləri aralığında sığorta hadisəsi baş verməmişdir. “xxxx” ASC tərəfindən isə, 08.01.2021-ci il tarixli, 0047 saylı mıktubla bildirilmişdir ki, “Nissan Sunny” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil 16.07.2015- 16.07.2016-cı il tarixlərdə ASC-də PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta müqaviləsi mövcud olmuşdur. Sığorta müqaviləsinin mövcud olduğu müddətdə avtomobilin iştirakı baş vermiş sığorta hadisəsi haqda məlumat ASC-yə daxil olmamışdır. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli, 9/405 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında razılaşdırılmış ödəniş qrafikində 30.11.2016-cı il tarixədək ödənilməli olan mükafatın 2.902,67 manat, ödənilməli olan əsas məbləğin isə 5.529,18 manat olduğu nəzərə alınmaqla, Cavabdeh 30.11.2016-cı il tarixə “xxxx” MMC-yə ümumilikdə borcu 748,06 ((5.529,18+2.902,67) - 7.683,79) manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatı zamanı ödəniş qrafikinə əsasən 30.11.2016-cı il tarixə əsas məbləğ üzrə ödənilməli olan qalıq borc 9.047,82 manat məbləğində müəyyən edilir. Lakin tədqiqat zamanı borc alan tərəfindən aparılan ödənişlər üzrə real borc qalığı 9.624,13 manat məbləğində müəyyən edilir. Belə olan halda yuxarıda göstərilənləri nəzərə alaraq 30.11.2016-cı il tarixə Cavabdeh 15.07.2015-ci il tarixli, 06/00134/LİZ saylı maliyyə lizinq müqaviləsi üzrə “xxxx” MMC-yə gecikdirilən əsas borcu 576,31 (9.624,13 - 9.047,82) manat, faiz (mükafat) borcu 264,66 manat, ümumilikdə isə 840,97 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli, 9/405 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Nurgün Motors» servis mərkəzinin 13.12.2016-cı il tarixli qüsur aktında olan məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Nisan Munny» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7105 manat təşkil edir. 2014-cü il buraxılışlı «Nisan Munny» markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2016-cı il tarixli orta bazar qiyməti təxminən 17.000 manat, hadisədən sonra qalıq dəyəri isə 10.000 manat təşkil edir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Kollegiya, qeyd olunan mübahisəli halların xüsusi bilik tələb etdiyini nəzərə almaqla, ekspert rəylərini həmin halların müəyyən edilməsi üçün mötəbər hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi hissələrdən cavabdehdən iddiaçının xeyrinə lizinq predmetinə vurulmuş zərərə görə 7105 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, ödənilməmiş lizinq haqqına görə 1440,24 manat tutulması hissəsində isə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ödənilməmiş lizinq haqqının məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021-ci il tarixli eskpert rəyinə uyğun olaraq 840,97 manat müəyyən olunmalıdır. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apeılyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1993/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi “Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməmiş lizinq haqqına görə 1440,24 manat tutulması” hissəsində dəyişdirilsin: Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməmiş lizinq haqqına görə 840,97 (səkkiz yüz qırx manat doxsan yeddi qəpik) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-823/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-823/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver