Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-824/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili, habelə digər Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin miras əmlak hesab edilməsi və payın müəyyən edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin miras əmlak hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair (hər iki iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 18 saylı Notariat Kontoru cəlb edilməklə) mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Xətai rayonu, 18 saylı notariat ofisində atası Ələkbər Kərimovun mülkiyyətçisi olduğu ünvan 1 üzrə aparılmış 2002-2007-ci il tarixli vərəsəlik işinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin mənzilə dair Validə Kərimova və Cavabdeh2 arasında ½ bölgüyə dair reyestr çıxarışının, Validə Kərimova tərəfindən Cavabdeh1 ½ hissənin bağışlanması haqqqında müqavilənin, bağışlama müqaviləsi əsasında Cavabdeh1 və Cavabdeh2 adına verilmiş dövlət reyestr çıxarışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən əmlakın miras əmlak hesab edilməsi, onun vərəsəliyinin tanınması və həmin miras əmlakda ¼ hissədə vərəsə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İlham Kərimov da iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, 18 saylı notariat ofisində atası Ələkbər Kərimovun mülkiyyətçisi olduğu ünvan 1 üzrə aparılmış mənzilin anası Validə Kərimova və qardaşı Cavabdeh2 arasında bölünməsi barədə 2002-2007-ci il tarixli vərəsəlik işinin qanunsuz hesab edilərək ləğv edilməsi, vərəsəlik işinin nəticələrinin, Validə Kərimova və Cavabdeh2 adına ½ paylarla verilmiş reyestr çıxarışının, Validə Kərimovaya məxsus ½ payın Cavabdeh1 bağışlanması müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə dair verilmiş dövlət reyestr çıxarışının etibarsız hesab edilməsi, miras əmlak sayılan Xətai rayonu, Sarayevo küçəsi, ev 13, mənzil 23 ünvanında yerləşən əmlak üzrə onun vərəsəliyinin tanınması, həmin miras əmlakın vərəsələr arasında bərabər pay bölgüsünə uyğun ¼ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, İddiaçı və İlham Kərimovun iddiaları təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə, 11.09.1964-cü il tarixli qanunla qüvvəyə minən keçmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci və 552-ci maddələrinə istinad etmişdir. Bu mənzil mərhum Ələkbər Kərimova veriləndə orderdə ailə üzvləri olaraq onlar da təsbit edildiyi üçün dövlət tərəfindən 5 otaqlı mənzillə təmin olunmuşlar. Vərəsəlik institutunda vərəsələrdən birinin və ya ikisinin və ya bir qisminin əmlakı faktiki istifadəyə qəbul etməsi baş verdiyi halda mirasın bir hissəsi də qəbul edilmiş olduğundan digər üzrlü səbəbdən iştirak hüquqları olan ailə üzvləri iştirak etməsə belə, müddət ötürülmüş hesab edilmir. Qanunvericiliyin mahiyyətinə əsasən, miras əmlakdakı paylarını həm faktiki istifadəçi kimi, həm də vərəsəlik hüququ əsasında məhkəmə qaydasında tələb etmək imkanı digər vərəsələr üçün saxlanılır. Məhkəmədə iş materiallarından bəlli olmuşdur ki, mərhum Ələkbər Kərimovun 1998-ci ildə ölümündən sonra ilk vərəsəlik işi 2002-2007-ci illərdə açılmış və bu işdə həyat yoldaşı Validə Kərimova və qeydiyyatda evdə qalan Cavabdeh2 adından 18 saylı notariat kontorunda verilmiş ərizədə başqa vərəsələrin, yəni bacı, qardaşlarının olmadığını bildirməklə əmlakı bütöv mənimsəmək məqsədli fakt baş vermişdir. Digər bacı, qardaşlarının olduğu gizlədilmişdir. 2002-2007-ci illərdə aparılan vərəsəlik işində 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilmişdir. Bu halda İddiaçı, İlham Kərimovun və digər vərəsələrin hüququ Cavabdeh2 və Validə Kərimova tərəfindən gizlədilmə əsasında pozulmuşdur. Cavabdeh2 1995-ci ildən xarici dövlətdə-İsraildə yaşadığından onun 2002- 2007-ci illərdə vərəsəlik işində iştirak edib-etməməsi kifayət qədər şübhəlidir. Eyni zamanda, iddiaçının mərhum anası Validə Kərimova 2016-ci ildə dünyasını dəyişmiş, onun sağlığında iddiaçının oğlu bu mənzildə bir neçə il yaşamışdır. Hələ mərhum anasının sağlığında vərəsələr hamısı el adətinə uyğun olaraq ata və ananın əldə etdiyi və hamısının bərabər istifadəçi olduğu mübahisələndirilən mənzilin yalnız anaları dünyadan köçəndən sonrakı müddətdə bərabər paylara böləcəklərini razılaşdırdıqları üçün yalnız hazırda cavabdehlərdən Cavabdeh1 və bu prosesdə iştirak etməyən vərəsəlik ərizəsində imzasının Cavabdeh2 məxsus olması şübhəli olan vərəsəlik işindən və sənədləşdirmədən məlumatsız olmuşlar. Yalnız 18 saylı notariat kontoruna və məhkəməyə müraciət etdikləri zaman 2019-cu il tarixdə onların iştirakı təmin edilmədən belə bir işin aparılmasını və vərəsəlik payının mənimsənilməsini bilmişlər. İlham Kərimovda, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İlham Kərimovun atası Kərimov Ələkbər 1998-ci ildə vəfat edəndən sonra bütün ailə üzvəri anası, 3 qardaşı və bacısı arasında şifahi razılaşma olmuşdur ki, anaları sağ olduğu üçün hamısının bərabər səviyyədə istifadəçi olduqları bu mənzildə paylarını gələcəkdə böləcəklər. X6 2016-cı ildə vəfat etmişdir. Onların razılığı ilə böyük qardaşı İddiaçı oğlu analarının sağlığında evlənib orada yaşamışdır. Ayrıca otaq təmir edilmiş və toy cehizləri də orada yerləşmişdi. Bacıları Cavabdeh1, bu mənzilə Sovetskidə olan evi söküləndən və kompensasiya alandan sonra onların razılığı ilə köçmüşdür. Ümumiyyətlə, bu məhkəmə prosesinə qədər onların mənzilin 1995-ci ildən İsraildə yaşayan Cavabdeh2 və Cavabdeh1 adına sənədləşdirilməsindən xəbərləri olmamışdır. Son nəticədə kiminsə digərlərindən xəbərsiz və yaxud başqa qardaşların vərəsəliyinin gizlədilməsi yolu ilə mənzilə sahib durmasını məhkəmədə sənədlərlə tanış olduqda bilmişlər. İlham Kərimov və qardaşı İddiaçı vərəsəlik payının müəyyən edilməsindən məlumatlı olmadıqlarından və şəxsən Cavabdeh2 tərəfindən vərəsələrin olması barədə məlumat gizlədildiyindən iştirak etməmişlər. Həmçinin, İlham Kərimov vərəsə payının digər şəxslərə verilməsi və yaxud da ondan imtina edilməsi barədə heç bir ərizə verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və digər Cavabdeh2, apellyasiya şikayətlərinə etiraz edərək həmçinin bildirmişlər ki, iddia qaldıran şəxslər mirası qanunla müəyyən edilmiş müddətdə faktiki və ya ərizə verməklə qəbul etməmişlər. Ona görə də, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs İlham Kərimov, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras qoyan Ələkbər Kərimovun övladlarıdır, vəfat etmiş Validə Kərimova isə onun arvadı olmuşdur. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi ev 13v, 23 saylı mənzil, 24.02.1996-cı il tarixdə Ələkbər Kərimovun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Ələkbər Kərimov, 25.10.1998-ci ildə ölmüşdür. Miras qoyan, öldüyü günə qədər mübahisəli mənzildə arvadı Validə Kərimova və oğlu Cavabdeh2la birlikdə yaşamışdır. Notariat orqanının verdiyi 25.09.2002-ci il tarixli, 2V-01-114 saylı və 17.07.2007-ci il tarixli, 2V-01-136 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, Ələkbər Kərimovun vərəsələri kimi arvadı Validə Kərimova və oğlu Cavabdeh2 qeyd olunmuş, ünvan 2 ünvanında yerləşən miras əmlaka hər birinin ½ hissədə vərəsəlik hüququ üzrə payı tanınmışdır. Validə Kərimova, 08.05.2008-ci il tarixli müqaviləyə əsasən miras əmlakdan ona düşən ½ payı qızı Cavabdeh1 bağışlamışdır. 17.06.2008-ci il tarixdə sözügedən mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Validə Kərimova 05.11.2016-ci il tarixdə ölmüşdür. Qeyd edilənlər, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunda 25.09.2002-ci il tarixdə 2V-01-114 və 2V-01-136 nömrəli vərəsəlik işlərinin təsdiq edilmiş surətləri, Bakı şəhəri 75 saylı MKİS-in 03.05.2002-ci il tarixli, 582 nömrəli arayışı, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2018-ci il tarixli arayış, 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.03.2019-cu il tarixli arayış, 08.05.2008-ci il tarixli mənzil bağışlama müqaviləsi, Seriya MH ******* nömrəli, 17.06.2008ci il tarixli çıxarış,DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26.04.2019-cu il tarixli, **********35 saylı məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs, vərəsəlik payının müəyyən edilməsindən xəbərləri olmadıqlarını və Cavabdeh2 tərəfindən digər vərəsələrin olması barədə məlumatın gizlədildiyini, bütün vərəsələr arasında mənzilin yalnız anaları vəfat etdikdən sonra bərabər paylara böünməsinin şifahi şəkildə razılaşdırıldığını və miras əmlaka faktiki sahiblik etdiklərini bildirərək, hazırkı tələblərini irəli sürmüşlər. Cavabdehlər isə etiraz edərək, İddiaçı və İlham Kərimov tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü, həmçinin tərəflərindən mirasın faktiki qəbul edilməsinə yönələn hər hansı hərəkət edilmədiyini bildirlər. Kollegiya ilk növbədə bildirir ki, vərəsəlik mübahisəsi həll edilərkən əvvəlcə şəxsin belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik də belə hüquqlardan biridir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə tərəflər arasındakı mübahisəli hüquq münasibəti miras qoyanın öldüyü 25.10.1998-ci il tarixdə yarandığı üçün iddiaya 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin: 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Həmçinin, diqqətə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Hazırkı işdən görünür ki, İddiaçı və İlham Kərimov, ataları Ələkbər Kərimov 25.10.1998-ci il tarixdə vəfat etdikdən sonra mirasın faktiki qəbul edilməsinə yönəlmiş hərəkətlər etməmiş, eləcə də qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. İddia qaldırmış şəxslər, mirası qəbul etmələrini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, sübutetmə yükü baxımından mirası vaxtında qəbul etdiklərini sübuta yetirmək yükü onların üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya vurğulayır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, İddiaçı və İlham Kərimov, ataları Ələkbər Kərimovdan qalmış mirası hər hansı formada qəbul etmədikləri üçün mübahisəli mənzil üzərində onların vərəsəlik hüququ aradan qalxmışdır. Çünki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Odur ki, birinci instansiya məhkəməsi “2002-2007-ci il tarixli vərəsəlik işinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin mənzilə dair Validə Kərimova və Cavabdeh2 arasında ½ bölgüyə dair reyestr çıxarışının etibarsız hesab edilməsi” tələblərini və bu hissənin həllindən asılı olan digər tələbləri rədd etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və X3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6670/2019 saylı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-824/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-824/2020
22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver