Məhkəmə qərarları › İş №2(103)-8240/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8240/2021

18.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8240/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, tərcüməçi X1 və İddiaçı iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeyri-qanuni hərəkətlərin qadağan olunması” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilərək, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim P.Zamanlı, iş № 2(011)-4593/2020) İddiaçı Xətai Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərardadına uyğun olaraq geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin müvafiq məktubunda 14.01.2021-ci il tarixdə 20 manatı Bakı Apellyasiya Məhkəməsinə ödəməsi qeyd edilmişdir. Elektron terminal sistemlərində çap edilən qəbzlərin məzmununun natamam olmasına görə o, məsuliyyət daşımır. ”Kapital Bank” ASC-nin daxili poçt hissəsində sənəd nömrəsi deyilən yerdə PNJ ******* kodu Bakı Apellyasiya Məhkəməsinin kodudur. Həmin kodun terminal monitorunda görünüb qəbzdə çıxmaması ona hüquqi vəzifə yaratmır. Xətai Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi və Bakı Apellyasiya Məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, rüsumun təyinatının məhz Bakı Apellyasiya Məhkəməsi üçün ödənilməsi qeyd olunmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadında olan göstərişləri yerinə yetirmişdir. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməmiş, həmin qərardad hazırda qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin qərardadı hazırda qanuni qüvvədə olduğuna və birinci instansiya məhkəməsi üçün həmin qərardaddakı göstərişlər məcburi olduğuna, hazırkı qərardad ləğv edildiyi təqdirdə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin qərardadındakı göstərişlər açıq qaldığına görə şikayət verilən qərardadın ləğv edilməsi qeyri-mümkündür. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermiş, həmin şikayət mümkün hesab edilmiş və apellyasiya şikayətinin baxılması zamanı cari şikayət təqdim edildiyindən mülki iş apellyasiya baxışından çıxarılmışdır. Göründüyü kimi, hazırkı qərardadın ləğvi həm də prosessual baxımdan əhəmiyyətsizdir. Apellyasiya şikayəti artıq məhkəmə baxışında olduğundan qərardad öz əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar