Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8247/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2141/2022 saylı qətnaməsindən Cavabdeh3 və maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlaka birgə hüququ olan Cavabdeh2 ilə Cavabdeh3 arasında 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilməsi, həmin əqd əsasında yaranmış hüquqi nəticələr ləğv edilməsini, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2141/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, AN-İ ******* və AN-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən 02 dekabr 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianının rədd edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs 02 dekabr 2022ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianının rədd edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2141/2022 saylı qətnaməsinin surəti Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həmin qəbzi nəzərə almadan, Cavabdeh3 qəbzə imza edərək məhkəmə qətnaməsini həmin tarixdə almasını araşdırmadan, prosessual müddətin ötürülməsinə qiymət vermədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, qeyd edilən poçt qəbzinə əsasən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını, Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh3 və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2141/2022 saylı qətnaməsindən Cavabdeh3 və maraqlarına toxunan şəxs kimi qeyd edilən Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8247/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8247/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver