Məhkəmə qərarları › İş №2(103)-8256/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8256/2021

23.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8256/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh1 Şixbaba qızının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şixbaba qızına və Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)-1367/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Şixbaba qızına və Quba regional ASAN xidmət mərkəzində notariat ofisinə qarşı 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 24 avqust 2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı daimi olaraq Quba rayonunun İqriq kəndində yaşayır. Mərhum bacısı X5 və qardaşı X6 da vəfat etdikləri günədək onunla birlikdə ata evində yaşamışlar. İradə Babayeva və Vüqar Babayev heç vaxt nikaha daxil olmamış, övladları yoxdur. Torpaq islahatı zamanı bacısı İradəyə və qardaşı Vüqara Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə yaşadıqları İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,45 ha əkin sahəsindən ibarət torpaq sahəsi ayrılmış və adlarına Torpağa mülkiyyət hüququna dair JN 610 Kod 30304038 saylı dövlət aktı verilmişdir. Bacısı İradə uzun müddət iflic xəstəsi olmuş və 10 fevral 2006-cı il tarixdə vəfat etmiş, qardaşı Vüqar isə 30 mart 2007-ci il tarixdə özünü asaraq intihar etmişdir. Bacı və qardaşının mülkiyyətində olan torpaq sahələrini o idarə etdiyindən bacı və qardaşının vərəsəsi kimi torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. Bacısının və qardaşının mülkiyyətində başqa daşınar və daşınmaz əmlak olmamışdır. Notarius tərəfindən ona Vüqar və İradənin vərəsəsi olması barədə məktub verilsə də, o, çıxarış almaq istəyərkən ona həmin torpaq sahəsinə başqa şəxsin adına çıxarış verildiyi, Bakı şəhər sakini Cavabdeh1 Şixbaba qızı ilə onun bacısı İradə və qardaşı Vüqar arasında 30 dekabr 2006cı il tarixli alqı-satqı müqaviləsinin olması bildirilmişdir. Həmin müqavilə əsasında da qeyd olunan torpaq sahəsinə dair Cavabdeh1 Şixbaba qızının adına 24 avqust 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O həmin sənədlərlə tanış olduqda qeyd olunan alqı-satqı müqaviləsinin saxta olduğunu öyrənmişdir. Belə ki, bacısı İradə 10 fevral 2006-cı il tarixdə öldüyü halda alqı-satqı müqaviləsi sonuncunun adından 30 dekabr 2006-cı il tarixdə bağlanmışdır. İradə və Vüqarın şəxsiyyət vəsiqələri ümumiyyətlə olmamışdır. Alqı-satqı müqaviləsində olan imzalar İradə və Vüqara məxsus deyildir. Bu fakt iddia ərizəsinə əlavə edilmiş bağışlama müqaviləsi və sürücülük vəsiqəsi ilə də təsdiq olunur. Qeyd olunan sənədlərdəki Vüqar Babayevin imzaları ilə alqı-satqı müqaviləsindəki imza eyni deyildir, fərqlidir. Həmin torpaq sahəsi əvvəlcədən onun istifadəsində olmuş və hal-hazıra kimi də onun istifadəsindədir. O, Cavabdeh1 tanımır, görməmiş və Cavabdeh1 həmin torpaq sahəsinə gəlməmişdir. Quba rayon ASAN xidmət mərkəzində notariat ofisindən aldığı məktubdan görünür ki, qeyd olunan alqı-satqı müqaviləsi notariat ofisinə təhvil verilmiş sənədlər arasında mövcud deyildir. Bütün bunlar onu göstərir ki, həmin alqı-satqı müqaviləsi qanunsuz olaraq saxta yollarla əldə edilmişdir. Bacı və qardaşı vəfat etdiyindən o uzun müddət mirası qəbul etmək üçün müraciət etməmiş, daha sonra torpağın sənədlərini tapa bilməmiş, həmin sənədlərin bərpa edilməsi ilə məşğul olmuş, daha sonra torpağın satılması ona məlum olmuş, bütün bu müddət ərzində torpaq sahəsi onun istifadəsində olmuş, həmin torpaq sahəsinə nəzarət etmiş, əkib-becərmişdir. Ona görə də Cavabdeh1 Şixbaba qızı ilə X5 və X6 arasında Quba rayon Notariat kontorunda bağlanması göstərilən 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Şixbaba qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 24 avqust 2015-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)- 1367/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. İddiaçının nümayəndəsi Vəkil3 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)- 1367/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan Quba rayon Alekseyevka kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 1966-cı il təvəllüdlü X5 İddiaçı bacısı, 1971-ci il təvəllüdlü X6 isə qardaşıdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 10 fevral 2006-cı il tarixdə ölmüşdür. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 30 mart 2007-ci il tarixdə ölmüşdür. Torpağa mülkiyyət hüququna dair JN-610 KOD 30304038 saylı dövlət aktından müəyyən olunur ki, X5 və X4 Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,45 ha torpaq sahəsi verilmişdir. X1 və X5 ilə alıcı Cavabdeh1 Şixbaba qızı arasında bağlanmış 30.12.2006-cı il tarixli torpağın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Quba rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 2000ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN-610 KOD 30304038 saylı dövlət aktına əsasən Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsini ******* AZM-ə alıcıya satmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan xidmət mərkəzində notariat ofisinin 19.12.2019-cu il tarixli 1806 nömrəli məktubundan müəyyən olunur ki, Quba rayon Notariat Kontorunda 30 dekabr 2006-cı il tarixdə JN-610 KOD 30304038 saylı dövlət aktına əsasən X6 və X5 ilə Cavabdeh1 Şixbaba qızı arasında bağlanmış alqı-satqı müqaviləsi Quba regional Asan xidmət mərkəzində notariat ofisinə təhvil verilmiş arxiv sənədləri arasında mövcud deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 avqust 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 Şixbaba qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 noyabr 2019-cu il tarixli **********78 saylı məktubundan müəyyən olunur ki, X5 və X3 adına olan Quba rayonu İqriq kəndində yerləşən ümumi birgə 0,45 ha torpaq sahəsinə verilmiş JN-610 KOD 30304038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı Quba rayon notariat kontorunun 30 dekabr 2006-cı il tarixli 4-ə/794 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Şixbaba qızının adına özgəninkiləşdirilmişdir. Quba rayonunun notariusu X7 04 fevral 2017-ci il tarixli 52 saylı məktubundan müəyyən olunur ki, İddiaçı 04 fevral 2017-ci il tarixli 90/91 nömrəli ərizəsinə və Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2017-ci il tarixli 143/144 saylı arayışa əsasən İddiaçı 30 mart 2007-ci il tarixdə vəfat etmiş X3 və 10 fevral 2006-cı il tarixdə vəfat etmiş X2 qanuni vərəsələri sırasına daxildir. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 18 mart 2021-ci il tarixli 216 saylı arayışından müəyyən olunur ki, İddiaçı 10 fevral 2006-cı il tarixdə vəfat etmiş bacısı X2 və 30 mart 2007-ci il tarixdə vəfat etmiş qardaşı X3 dəfn xərclərini çəkmiş və onların Alekseyevka Bələdiyyəsinə olan vergi borclarını ödəmişdir. 18 mart 2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Əlihüsüyn oğlu torpaq vergisinə görə 35,49 manat ödəniş etmişdir. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 269 saylı arayışından müəyyən olunur ki, İddiaçı bacısı X5 vəfat etdikdən sonra onun adına olan JN-610 nömrəli Dövlət aktında göstərilən 0,45 ha özəl pay torpağına sahiblik edir və vergiləri ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan xidmət mərkəzində notariat ofisinin 19 mart 2021-ci il tarixli 833 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı ərizəsinə və 04 fevral 2017ci il tarixli 90 və 91 nömrəli vərəsəlik işinə əsasən İddiaçı 30 mart 2007-ci il tarixdə vəfat etmiş X3 və 10 fevral 2006-cı il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsidir. Quba RPŞ-nin 15.01.2018-ci il tarixli arayışından müəyyən olunur ki, Quba rayonu İqriq kəndində yaşayan İddiaçı 12 yanvar 2018-ci il tarixdə Quba PRŞ-nə ərizə ilə müraciət edərək mərhum bacısı İradə Babayevaya və qardaşı Vüqar Babayevə məxsus olan Quba rayonu İqriq kəndi ərazisində yerləşən torpaq sahəsi üçün verilmiş torpağa mülkiyyət hüququna dair JN-610 kod: 30304038 nömrəli Dövlət Aktının naməlum şəraitdə itməsini bildirmişdir. Qeyd olunan sənəd itmiş və ya tapılmış əşya kimi Quba PRŞ-nə daxil olmamışdır. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 123 saylı arayışdan müəyyən olunur ki, 01 sentyabr 1971-ci il tarixdə Quba rayonu İqriq kəndində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 01 sentyabr 1989-cu ildən 30 mart 2007-ci ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 124 saylı arayışdan müəyyən olunur ki, 10 fevral 1966-cı il tarixində Quba rayonu İqriq kəndində anadan olmuş X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 10 fevral 1984-cü ildən 10 fevral 2006-cı ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02 avqust 2021-ci il tarixli 018-11349-1221 saylı məktubundan görünür ki, 1971-ci l təvəllüdlü X6 25.05.1988-ci ildən Quba rayonunun İqrik kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. 1966-cı il təvəllüdlü X2 isə Azərbaycan Respublikasının ərazisində qeydiyyatı barədə məlumat yoxdur. Vüqar Babayev və İradə Babayeva Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri ilə təmin olunmamışlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, İddiaçı bacısı İradə Babayevanın və qardaşı Vüqar Babayevin ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etməsini sübut edə bilmədiyinə görə hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Bundan əlavə, Cavabdeh1 30 dekabr 2006-cı ildə dəyərini iddiaçının qardaşı olan Vüqar Babayevə tam ödəməklə sonuncunun da mülkiyyətində olan Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsini alarkən həmin vaxt ona ikinci satıcı kimi təqdim olunan şəxsin əslində İradə Babayeva olmadığını bilmədiyindən, vicdanlı alıcı olmaqla yanaşı aldığı torpaq sahəsinə müqavilə bağlandıqdan sonra sahiblik və istifadə etməyə başlamışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə, mübahisəli torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsində olduğu üçün daimi yaşayış yeri torpaq sahəsinin yerləşdiyi kənd olan İddiaçı də 30 mart 2007-ci il tarixdə ölmüş qardaşı Vüqar Babayevin hələ sağlığında torpaq sahəsini satmasını bilməli idi. Məhkəmə belə hesab etmişdir ki, 10 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edən iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbindən də təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcılardan biri olan 10 fevral 2006-cı il tarixdə ölmüş İradə Babayevanın iradə ifadəsi olmamışdır. Mülki Məcəllənin : 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Əgər müqavilə bağlanarkən satıcılardan biri olan Vüqar Babayevin iştirak etməsini fərz etsək belə, satılan torpaq sahəsi X14 Babayevanın ümumi paylı mülkiyyətində olduğuna görə, İradə Babayevanın iştirakı və iradə ifadəsi olmadan bağlandığına görə həmin müqavilə etibarsızdır. Mülki Məcəllənin : 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı mərhum bacısı X2 və mərhum qardaşı X3 qanun üzrə vərəsəsidir. (i.v.23, 134) Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Vüqar qardaşı Əfqanla həmin torpaq sahəsində, torpaq sahəsi satılanadək pomidor əkib becəriblər.” (i.v.177) Hətta cavabdeh tərəfin təşəbbüsü ilə dindirilmiş şahidin ifadəsi də onu təsdiq edir ki, İddiaçı 30 dekabr 2006-cı il tarixədək olan dövrdə, yəni bacısı İradə Babayevanın ölümündən sonra miras əmlaka faktiki sahiblik etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı miras əmlaka faktiki sahiblik etmədiyinə görə hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə yanlışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02 avqust 2021-ci il tarixli 018-11349-1221 saylı məktubundan görünür ki, 1971-ci il təvəllüdlü X6 və 1966-cı il təvəllüdlü X5 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri ilə təmin olunmamışlar. Belə olan halda, müvafiq notariat hərəkətini aparmış notariusun notariat hərəkəti aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini hansı qaydada müəyyən etməsi məlum deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci l tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir... Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Mülki Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Alqı-satqı müqaviləsində satıcılardan biri kimi göstərilmiş X3 müqaviləyə imza etdiyini fərz etsək belə, həmin müqavilə X2 iradə ifadəsi olmadan bağlana bilmədiyinə görə həmin müqavilə bütövlükdə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi özü-özlüyündə əhəmiyyətsiz əqd olduğundan, hər hansı müddətin keçməsindən və məhkəmə qərarından asılı olmadan bağlandığı andan etibarsızdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətinin keçməsinə istinad etməkdə və Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına istinad etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 və X9 ifadələrində qeyd olunan torpaq sahəsinin X6 tərəfindən Murad Muradova satılmasını göstərmişlər. Rauf Orucəliyev ifadəsində göstərmişdir ki, “bütün kənd bilirdi ki, Murad torpağı alıb...Mən Murada dedim, Murad dedi ki, get ək torpağı, torpaq mənimdir...Torpaq satıldıqdan sonra həmin sahəyə Muradın tapşırığı ilə mən nəzarət edirəm, qarğıdalı və sair kənd təsərrüfatı məhsulları əkir və becərirəm...Murada əkdiyim qarğıdalıdan pay vermişəm.” Murad Muradov ifadəsində göstərmişdir ki, “...45 sot torpaq sahəsinin dəyəri olan 4500 ABŞ dollarını mən Vüqara vermişəm...Torpağı aldıqdan 3-4 ildən sonra məni Quba rayon prokuroru dəvət etdi, prokurorun qəbulunda mən iki qadını gördüm, prokuror məndən İqriqdə torpaq sahəsi alıb-almadığımı soruşdu, mən Vüqardan 4500 ABŞ dollarına torpaq sahəsi almağımı dedim...” (i.v.177-179) Cavabdeh tərəfin təşəbbüsü ilə dindirilmiş qeyd olunan şahidlərin ifadələri də Cavabdeh1 müqavilə bağlanarkən torpaq sahəsi almağa iradə ifadəsinin olmadığını təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, şahidlər torpaq sahəsinin alınmasına görə 4500 ABŞ dolları məbləğində pul ödənilməsini göstərsələr də, alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti altı milyon manat (AZM) göstərilmişdir. Halbuki, ABŞ dollarının 2006-cı ildə Azərbaycan manatına nisbətən məzənnəsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına istinad olunmaqla verilmiş internet məlumatlarını əsas götürdükdə, altı milyon manat (AZM) 1342 ABŞ dollarına bərabər olmuşdur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əqd əhəmiyyətsiz olmaqla Cavabdeh1 tərəfindən alqı-satqıya görə pul vəsaiti ödənilməsi təsdiq olunmadığından, ikitərəfli restitusiyanın tətbiq olunmasına əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(001)- 1367/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. X6 və X5 ilə Cavabdeh1 Şixbaba qızı arasında Quba rayonu İqriq kəndində yerləşən 0,45 ha torpaq sahəsinə dair 30.12.2006-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 24.08.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar