Məhkəmə qərarları › İş №2(103)-8257/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8257/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8257/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Pərviz Zalışovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh4, üçüncü şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X4 Agentliyinin nümayəndəsi İmanqulu Rüstəmovun iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikililərin sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı özünü sahəsi 34,5 ha təşkil edən əhəngdaşı yatağına münasibətdə hüquqi varis hesab edir. Bunu təsdiq etmək üçün o, aşağıda göstərilən sənədlərə istinad edir. Azərbaycan SSR Dövlət X5 Komitəsinin 04.06.1980-cı il tarixli 66 nömrəli “Yatağayırma aktı”na əsasən Maştağa Tikinti Materialları Kombinatı üçün əhəngdaşının hasilatı məqsədilə Nardaran kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəngdaşı yatağı ayrılmışdır. Ölçüsü 68 ha təşkil edən həmin sahədən 34,5 ha sahə Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 02.06.1988-ci il tarixli 195 nömrəli qərarı ilə Bakı Şəhər İcraiyyə Komitəsinin “X2 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilmiş, qalan 33,5 ha sahəsi isə Maştağa Tikinti Materialları Kombinatının istismarında saxlanılmışdır. Daha sonra Bakı Şəhər İcraiyyə Komitəsinin “X2 və İstismarı üzrə Birliyinin Xüsusi Məişət Tikinti Tresti”nin Nardaran X8 özəlləşdirilmiş və Ədliyyə Nazirliyi Kollegiyasının 06.07.1994-cü il tarixli qərarı ilə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1№-X12 X8” adı ilə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Daha sonra - 10.03.2003-cü il tarixdə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin Nardaran X8”nın bazasında İddiaçı yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Hazırda isə iddiaçı, yəni İddiaçı hesab edir ki, cavabehlər ona aid olan yataq sahəsində tikinti işləri aparıblar, nəticədə isə hüquqi varis kimi onun hüquqları pozulub. Bunu təsdiq etmək üçün o, aşağıda göstərilən sənədlərə istinad edir. FHN Sənayedə X1 və X4 Agentliyi tərəfindən verilmiş 16.10.2014-cü il tarixli aktda qeyd olunub ki, İddiaçı-nin istifadəsinə verilmiş yatağ sahəsində yerin təkinin mühafizəsi və texniki təhlükəsizliyin müayinəsi aparılmışdır. Müayinə zamanı yatağ ərazisində Agentliyin icazəsi olmadan tikinti işləri aparılaraq ərazinin zəbt edilməsi aşkarlanmış və akt tərtib edilmişdir. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Departamentinin əməkdaşları tərəfindən verilmiş arayışdan görünür ki, “X6”nın sərhədləri daxilində topogeodezik araşdırmalar aparılmış və araşdırmaların nəticələrinə görə iddiaçının istifadəsinə verilmiş 4,0 + 1,0 ha yataq sahəsinin həqiqətən 68 ha ölçüdə “X6”nın hüdudları daxilində olması təsdiqlənmiş və sözügedən əhəngdaşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evləri tikilmişdir. Cavabdehlər bununla razılaşmırlar və tikinti apardıqları torpaq sahələrinə hüquqlarının olduğunu bildirirlər. Bunu təsdiq etmək üçün onlar aşağıda göstərilən sənədlərə istinad edilər. Sabunçu RİH-nin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin aparatı tərəfindən 28.02.2005-ci il tarixli 05/463 nömrəli qərarla Cavabdeh1 ümumi ölçüsü 0,12 ha olan 881 nömrəli; 03.03.2005-ci il tarixli 05/483 nömrəli qərarla Cavabdeh2 ümumi ölçüsü 0,12 ha olan 882 “a” nömrəli; 05.03.2005-ci il tarixli 05/498 nömrəli qərarla Cavabdeh4 ümumi ölçüsü 0,12 ha olan 883 nömrəli; 05.03.2005-ci il tarixli 05/499 nömrəli qərarla Cavabdeh3 ümumi ölçüsü 0,12 ha olan 883a nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İH Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 22.04.1991-ci il tarixdə verilmiş 33 saylı orderdən isə görünür ki, Cavabdeh6 Nardaran Bağlar Sahəsində 0,12 ha sahəsi olan 631”B” nömrəli bağ ayrılmışdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, “X6” adlandırılan ərazinin iddiaçıya aid olan hissəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş daş hasar və tikililər sökülsün və cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının fəaliyyəti məhdudlaşdırıldığına görə vurulmuş zərərin əvəzi kimi 249.216 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, “X6” adlandırılan ərazinin iddiaçının istifadəsinə verilmiş hissəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş daş hasarlar və tikililər iddiaçının vəsaiti hesabına sökülsün, iddia qalan hissədə rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Pərviz Zalışov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs FHN Sənayedə X1 və X4 Agentliyinin nümayəndəsi İmanqulu Rüstəmov bildirdi ki, karxana uzun müddətdir fəaliyyət göstərir, orada tikinti aparılması qanunvericiliyə uyğun deyil. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. İddiaçının istinad etdiyi sənədlər torpaq səhəsinə deyil, yerin təkinə aiddir. Həmin sənədlərdə “yataq” ifadəsinin işlədilməsi də bunu təsdiq edir. Nəzərə alınmalıdır ki, “torpaq sahəsi” və “yerin təki” fərqli anlayışlardır. Torpaq sahəsi yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsində qeyd olub ki, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsindən fərqli olaraq yerin təki yer səthindən aşağıda yerləşir. “Yerin təki haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub ki, yerin təki - yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineralxammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. İddiaçıya və ya onun hüquqi varisi olduğu təşkilata torpaq sahəsi ayrılmayıb. Odur ki, iddiaçının torpaq sahəsinə hər hansı hüququ (istifadə və s.) yoxdur. Buna baxmayaraq iddiaçı toraq sahəsində yerləşən hasarın və tikililərin sökülməsini tələb edir. “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinin axırcı cümləsində qeyd olunub ki, yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Odur ki, iddiaçının yerin təkindən istfadə hüququnun (icazəsinin) olması torpaq sahəsinə hüququnun olması demək deyil, torpaq sahəsi torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ona ayrılmalıdır. Belə ayrılma isə olmayıb. Bu, mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə verdiyi 26.01.2018-ci il tarixli mütəxəssis rəyində (cild 1, iş v. 173) qeyd olunub ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində “X6”na torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir sənəd aşkarlanmadı. Beləliklə, iddiaçının torpaq səhəsinə (yerin səthinə) dair hər hansı hüququ olmadığından o, yerin səthindəki hasarın və tikililərin sökülməsini tələb etmək hüququna malik deyil. Ona görə də qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə ləğv olunsun. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikililərin sökülməsi barədə” tələbi rədd olunsun. Mütəxəssis rəyinin verilməsinə görə 229 (iki yüz iyirmi doqquz) manat İddiaçıdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar