Məhkəmə qərarları › İş №2(103)-8261/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8261/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8261/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Capay qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(005)-1438/2020 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə və cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə X8 ilə ailə qurmuşdur. Bu nikahdan 4 övladları doğulmuşdur. Böyük oğlu X9 02.04.2018-ci il tarixdə dünyasını dəyişmişdir. Rəhimov Etibar ruhi əsəb xəstəliyindən - şizofreniyadan əziyyət çəkmiş və dəfələrlə 1 saylı X11 müalicə almasına baxmayaraq, son vaxtlar xəstəliyi kəskinləşmişdir. Ona və uşaqlara qarşı aqressiv münasibəti və zorakı hərəkətləri onlara eyni evdə yaşamağa imkan verməmişdir. İddiaçı məcbur olub Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə 21 fevral 2019-cu il tarixdə boşanmışlar. Məhkəmənin qərarı ilə uşaqlar onun himayəsində qalmışlar. Uşaqları ilə birgə 17 mart 2019-cu il tarixdə yaşadıqları evi tərk etmişdir. Həmin evi Rəhimov Etibar İ qrup əlil olduğu üçün dövlət onlara vermişdir. Sonradan bir müddət Xırdalan qəsəbəsində olan uçuq-sökük, şəraitsiz evlərində yaşamışlar. 25 iyul 2019-cu il tarixdə eşitmişdir ki, keçmiş həyat yoldaşı Etibar intihar etmişdir. Uşaqları dəfn mərasiminə aparmaq istəsə də, qohumları buna icazə verməmişlər. Bu hadisə uşaqların psixologiyasına çox pis təsir etmişdir. Elə həmin vaxtdan keçmiş qaynanası Cavabdeh2 və qayını X1 qəsəbəsində Dövlət Qaçqınlar Komitəsi tərəfindən tikilib onlara verilən 4 otaqlı evləri ola-ola onların evini zəbt etmişlər. Yuxarıda qeyd etdiyi kimi Xırdalanda yerləşən ev yaşayış üçün yararsız olduğundan neçə vaxtdır Kürdəxanıda bibisigildə qalırlar. Qeyd edilənləri nəzərə alaraq, onun 3 yetkinlik yaşına çatmayan uşağı ilə birgə ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(005)- 1438/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı uşaqları - X5, X12 və X6 ilə birlikdə ünvan 3 ünvana köçürülməsi qət edilmişdir. Cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən mübahisəli mənzili X4 gözdən əlilliyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09.02.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən verilmişdir. Rəhimov Etibar həmin mənzilə köçdüyü gündən onlar Etibarla həmin mənzildə yaşamışlar. Ona daimi qulluq etmişlər, anası və o, həmişə Etibarın yanında olmuşlar. Xırdalan şəhəri Masazır kəndi Sarı Aşıq küçəsində onların 6 sot torpaqda 10 otaqlı fərdi yaşayış evləri vardır. Etibarın arvadı Almazın təkidi ilə həmin evi Almaza və uşaqlarına vermişlər. Razılığa əsasən Etibara verilmiş mənzildə isə Etibar, anası və o, yaşamışlar. Nərimanov rayon məhkəməsi iddia tələbini təmin edərkən iddiaçıların həmin mənzildə qeydiyyatda olmasına əsaslanmışdır. Lakin şəxsin yaşayış yeri qanuna əsasən qeydiyyatı ilə deyil, adətən yaşadığı yerə görə müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(005)-1438/2020 saylı qətnaməsi İddiaçı uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair hissədə ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək mübahisəli mənzildə uşaqları ilə birlikdə qeydiyyatda olmaqla həmin mənzildən istifadə hüququna malik olmalarını, iddia tələbinin rədd edilməsi üçün qanuni əsasların olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3698/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3698/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız hesab edərkən iddiaçının uşaqları ilə birlikdə bir müddət mübahisəli mənzildə yaşadıqdan sonra könüllü olaraq Masazır qəsəbəsindəki evinə getməsini, Etibar Rəhimovla birgə yaşadığı dövrdə əldə etdiyi istifadə hüququnu 2019-cu ildə itirməsini, iddiaçının mənzildə qeydiyyatda olmasının onun mənzildən istifadə hüququna malik olması üçün əsas verməməsini, mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvü ilə ailə münasibətlərinə xitam verildikdə onun yaşayış sahəsindən istifadə hüququnun saxlanılmamasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının qüvvəsi düzgün tətbiq edilmədən çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli mənzil mərhum Etibar Rəhimova gözdən İ qrup əlil kimi güzəştli şərtlərlə əvəzsiz verilsə də, evli olmaqla ailə tərkibinin 6 nəfərdən ibarət olması nəzərə alınmaqla ona 3 otaqlı mənzil verilmiş və iddiaçı əri ilə birlikdə həmin mənzilə köçüb ora qeydiyyata alınmaqla və orada yaşamaqla mənzildən istifadə hüququ əldə etmişdir. İşdən görünür ki, mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvəzsiz olaraq Etibar Rəhimova verilsə də, onun həmin mənzilə dair mülkiyyət hüququ yaranmamışdır. Belə olduqda apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin qüvvəsini tətbiq etməklə mübahisəni həll etməkdə haqlı olmamışdır. Belə ki, qanunun həmin norması mülkiyyətçi ilə onun keçmiş ailə üzvü arasında olan münasibətləri tənzimləyir. Etibar Rəhimov, qeyd olunduğu kimi, mənzilin mülkiyyətçisi olmamış və mübahisənin yarandığı ərəfədə sağ olmamaqla göstərilən vəziyyətdə mülkiyyətçi - keçmiş ailə üzvü münasibətləri prizmasından mübahisə həll edilə bilməzdi. Müəyyən olunduğu kimi, Etibar Rəhimov vəfat etmiş, onun ölümündən sonra isə mənzildə qanuni əsaslarla istifadə hüququ əldə etməsi müəyyən olunmayan şəxslər yaşamaqda davam edirlər. Mənzildən istifadə hüququ əldə etmiş iddiaçı və onun üç uşağı isə həmin hüquqlardan istifadə etmək imkanından məhrum olunmuşlar. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə əldə etdiyi istifadə hüququnu itirməsi barədə nəticəyə yenə də Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından gələrkən nəzərə almamışdır ki, həmin norma hazırkı vəziyyətdə göstərilən anlama gəlmək üçün əsas vermir. Mənzilin hazırda hansı hüquqi statusa malik olması, iddiaçının mənzildən istifadə hüququnu kimə münasibətdə itirməsi qətnamədən görünmür. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası qətnaməni qanunsuz və əsassız sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İşə yenidən baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab verən qanuni və əsaslı qətnamə qəbul edilməlidir Məhkəmə iclasında İddiaçı Capay qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti verən qaynı artıq mənzili tərk edərək çıxmışdır. Ona görə də şikayətinin təmin edilməməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən mübahisəli mənzili X4 gözdən əlilliyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09.02.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən verilmişdir. Hazırda İddiaçı və onun uşaqları mənzildə qeydiyyatdadır və həmin mənzilə istifadə hüququ əldə etmişlər. İddiaçının digər tələbi cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarıdır. Məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları olmadığından, o, cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə iddia tələbi irəli sürmək subyektiv hüquqa malik deyil. Bu səbəbdən məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün hesab etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, tərəflər arasında məhz mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2016-cı ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 68ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, iddiaçının köçmək istədiyi mənzil mərhum X4 gözdən əlilliyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09.02.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən verilmişdir. Bu mənzil mülkiyyət hüququ ilə hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçı üç uşağı ilə birlikdə mərhum Etibar Rəhimovun ailə üzvləri kimi həmin mənzilə köçmüş və sonuncu ilə birgə təsərrüfat aparmışlar. Mənzil sosial kirayə müqaviləsi ilə mərhum Etibar Rəhimova məxsus olsa da iddiaçı və uşaqları da həmin yaşayış sahəsindən istifadə hüququ əldə etmiş, iddiaçı isə mülki hüquqi fəaliyyət qabiliyyətli şəxs kimi sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşımışdır. Düzdür, iddiaçının mərhum Etibar Rəhimovla olan nikahı sonuncunun ölümündən 6 ay əvvəl pozulsa da, Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən iddiaçı həmin yaşayış sahəsində yaşayışını qanuni əsaslarla 17 mart 2019-cu ilədək davam etdirmiş, sonuncu tarixdən isə həmin yaşayış sahəsini məcburən tərk etmiş və orada qanuni əsaslarla yaşamaqdan müvəqqəti məhrum olmuşdur. Ona görə də, qeyd olunan mənzildən iddiaçının və uşaqlarının istifadə hüququ itirilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2(005)- 1438/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar