Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8262/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(001)-2088/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair 1402AZ**********62 nömrəli qaz sayğacı vasitəsi ilə qanunsuz yazılmış 294,40 manat məbləğində borcun silinməsi və həmin mənzilə qaz təchizatı bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi və dəymiş maddi ziyanın kompensasiya tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, əlavə olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış AKX-0211335/02-2020 saylı 13 fevral 2020-ci il tarixli müqavilənin 2.4.5 əndinə əsasən, maddi zərərin ödənilməsi üçün cavabdehdən 8.500 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 89, M5, m3 (ünvan 2) mənzil onun adına 2019-cu ilin may ayında rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı orda yaşamamış və yalnız 2020-ci ilin fevral ayında su , qaz və digər xidmətləri müqavilə əsasında öz adına keçirmişdir. 2020-ci ilin avqust ayında ona Dövlət Neft Şirkəti nəzdində X3 Sahəsi nümayəndəsi tərəfindən zəng vurularaq, həmin mənzildə sayğacın dəyişdirilməsi üçün təlimatların olması və sayğacın yenisi ilə əvəz olunmalı olması bildirilmişdir. 09 sentyabr 2020-ci ildə X3 Sahəsinin iki nəfər nümayəndəsi tərəfindən sayğac yenisi ilə əvəz edilmişdir. Eyni zamanda iddiaçıya bildirmişlər ki, sayğaca borc yazılıb. 09 sentyabr 2020-ci il tarixindən öz mənzilinə köçə bilməmiş və məcburən başqa ünvanda yaşayırdı və bu pandemiya dövründə izafi xərclər verməli olmuş. Bu azmış kimi, qış mövsümündə mənzildə isitmə olmadığına görə (mənzil qazla işləyən kombi sistemi ilə təhiz olunub) bahalı təmir korlanıb və küllü miqdarda ziyan dəyib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(001)-2088/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı (abonent №**********31980, ünvan 1 (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Şövkət Məmmədova küçəsi, ev 9C, mənzil 199) itirilmiş qaza görə hesablanmış borcdan 294,40 (iki yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində borc silinməsi və həmin mənzilə təbii qazın verilməsi bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mənzildə qaz təchizatı “Azeriqaz” İstehsalat Birliyi tərəfindən birtərəfli dayandırıldığına və isti su, isitmə sistemi, yemək bişirmək və sair yaşayış üçün zəruri həyat tərzi mümkün olmadığına görə, o, ailə üzvlərində, 09.09.2020-ci il tarixindən öz mənzilinə köçə bilməmiş və məcburən başqa ünvanda yaşamalı oldu və bu pandemiya dövründə xərclər verməli oldu. Bu azmış kimi, 2019/2020 Bakıda qış mövsümü son dekadada misli olunmayan dərəcədə soyuq keçmiş və mənzildə isitmə olmadığına görə (mənzil qazla işləyən Almaniya istehsalı olan Valliant kombi sistemi ilə təchiz olunub), bahalı təmir korlanıb və küllü miqdarda ziyan dəyib. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə 13 fevral 2020-ci il tarixli müqaviləndən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. 09 sentyabr 2020-ci il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 2-da smart itron tipli G-4 markalı 1402A7**********62 nömrəli sayğac mənfi rejimdə işlədiyi üçün yenisi ilə əvəz edilmişdir. İddiaçı məxsus **********8 №-li Smart sayğacına dair Abonent saldosundan görünür ki, 2020-ci il üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 0 manat, qalıq və akta görə hesablanmış borc 294,40 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Bundan başqa məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin təbii qazın verilməməsi ilə bağlı hərəkəti nəticəsinə iddia ərizəsində tələb etdiyi 8.500 manat məbləğində maddi zərər dəyməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı apellyasiya şikayətinə kirayə müqaviləsinin surətini əlavə etsə də, həmin sübut birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Kirayə müqaviləsinin surəti apellyasiya icraatı zamanı təqdim edilsə də, bunun birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 8500 manat məbləğində maddi ziyanın vurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin 8500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsassız hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(001)-2088/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(001)-2088/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8262/2021
12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver