Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8268/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4614/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 4614/2020 saylı qərardadı ilə iddiaçı "İddiaçı" MMC-nin cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2 qarşı "borcun ödənilməsi və s." tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilmiş, İddiaçı MMC-yə məxsus olan “KİA” markalı “GERATO” modelli **-PJ-*** qeydiyyat nömrəli avtomaşının üzərinə həbs qoyularaq, həm cavabdeh, həm də digər şəxslər tərəfindən istismarının qadağan edilməsi qərara alınmışdır. Hazırda cavabdehlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)-4614/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın məzmununa diqqət yetirsək məhkəmə iddianın təmini tədbiri ilə bağlı MPM-nin normalarını sadalamış, iddiaçının ərizəsinin nə üçün, hansı əsasla qismən təmin edilməsini bir cümlə ilə belə əsaslandırmamışdır. Halbuki, qanunvericiliyə görə hakim çıxardığı qərardadı, qətnaməni əsaslandırmalıdır. Yəni, məlum deyil ki, hakim nə üçün ərizəni qismən təmin etmək qərarına gəlmişdir (qərardad aşkar əsassızdır). Digər tərəfdən, avtomobilin üzərinə həbs qoyulması cavabdeh (lizinq alan) Cavabdeh1 MMC-nin həmin əmlakdan istifadə hüququna toxunur. Belə ki, “həbs qoyulma” məhfumu geniş anlayışdır, bu əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunması ilə yanaşı, həm də əmlakı istifadə etmək hüququnun məhdudlaşdırılmasmdan (istismarının qadağan olunmasından), avtomobilin polis tərəfindən saxlanılaraq götürülməklə cərimə meydançasına (o cümlədən ödənişli saxlanc yerlərində) yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, avtomobilin üzərinə həbs qoyulması həm də ondan istifadəni (istismarını) qadağan etdiyi halda, məhkəmə lüzum olmadan (əlavə olaraq) avtomobilin istismarının həm cavabdeh, həm də digər şəxslərə qadağan edilməsinə qərar vermişdir. Halbuki, avtomobilin üzərinə həbs qoyulursa onun istismarı da qadağandır. Həmçinin, iş materialları ilə sübut olunur ki, əmlakla bağlı lizinq müqaviləsi bağlanmış, əmlak iddiaçı “xxxxxxxxx” MMC-nin mülkiyyətindədir. Belə olan halda əmlakın üzərinə həbs qosulmasma lüzum qalmır. Çünki, cavabdeh istəsə belə əmlakı özgəninkiləşdirəbilməz. Yəni, əgər cavabdehin əmlakı özgəninkiləşdirmək hüququ ümumiyyətlə yoxdursa bu hüququ qadağan etmək hansı məna kəsb edir? Anlaşılmır. Əmlakın istismarının cavabdehə qadağan edilməsi isə cavabdehin əmlak üzərində istifadə hüququnu pozur. O səbəbdən ki, cavabdeh iddiaçıya avtomobil üçün qismən də olsa ödəniş etmişdir. Eyni zamanda, avtomobil gündəlik (şəxsi işlər, məişət qayğıları və s. ilə bağlı) istismar olunan əmlak növünə aiddir, onun istismarının qadağan olunması cavabdehin iş və məişətdəki fəaliyyətinə birbaşa təsir edir (bu fəaliyyətə dolayı müdaxilədir). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası iddianın əsaslılığına hüquqi qiymət vermədən nəzərə alır ki, iddianın predmeti lizinq müqaviləsi üzrə borcun tutulması və nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması təşkil edir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4614/2020-li iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8268/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8268/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver