Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-827/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı2, cavabdeh-iddiaçı Kərimov X2, onun vəkili X1 iştirakı ilə, birinci mülki iş - iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Kərimov X3 və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiasına, iddiaçı Kərimov X2 cavabehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayətinə, ikinci mülki iş - iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X3 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 26.08.2018-ci il tarixli qətnaməsindən Kərimov X2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı mülki iş əvvəl ayrı-ayrı 2 mülki işdən ibarət olub, həmin işlər birlikdə baxılmaq üçün apellyasiya icraatı zamanı bir icraatda birləşdirilib. Birinci mülki iş: Birinci mülki işdə 2 iddia var: ilk və qarşılıqlı iddia. İlk iddia İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaldırılıb. Həmin iddia ərizəsində X13 cavabdeh kimi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs kimi göstərilib. İlk iddiada tələb olunub ki, cavabdeh Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş 07.09.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunsun. Həmin şəhadətənamədə qeyd olunub ki, 04.10.1967-ci ildə ölmüş Meyransa Osat qızının vərəsəsi, ünvan 1 ünvanında yaşayan X13 tam irs almalıdır. Şəhadətnamə verilən əmlak Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanında yerləşən 0,08503 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən ibarətdir Qarşılıqlı iddia X13 tərəfindən qaldırılıb. Həmin iddiada İddiaçı1 və İddiaçı2 cavabdeh kimi göstərilib. Qarşılıqlı iddiada tələb olunub ki, hədiyyə verən Meyransa Osat qızı ilə hədiyyə alan X5 arasında 30.09.1967-ci il tarixdə bağlanmış, Bakı şəhəri 4 saylı Notariat Kotorunda notariat qaydasında təsdiq edilmiş, Sabunçu rayonu, Ramana qəsəbəsi, Hüsü Hacıyev küçəsində yerləşən 1 №-li evin 1/3 hissəsinin bağışlanmasına dair müqavilə etibarsız hesab olunsun. Sabunçu Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Bu qətnamədən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddiaya aid hissədə ləğv edilsin və ilk iddia təmin olunsun. İkinci mülki iş: İkinci mülki işdə bir iddia var. Həmin iddia İddiaçı1 tərəfindən qaldırılıb. İddia ərizəsində X13 cavabdeh kimi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi isə üçüncü şəxs kimi göstərilib. İddiada tələb olunub: 1) DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 01.02.2017-ci il tarixli, **********39 nömrəli cavab məktubu (cild 2, iş v. 9) ləğv edilsin; 2) DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının mülkiyyət hüququna dair 19.08.2016-cı il tarixdə aparılmış reyestr qeydiyyatı qismən – 47 №-li evin “B” tikilisinə aid hissədə ləğv edilsin; 3) həmin qeydiyyatı təsdiq edən reyestr çıxarışı (cild 2, iş v. 42) qismən – 47 №-li evin “B” tikilisinə aid hissədə etibarsız hesab edilsin; 4) həmin reyestr çıxarışına əsasən X10 əldə etdiyi reyestr çıxarışı (cild 2, iş v. 40) qismən – 47 №-li evin “B” tikilisinə aid hissədə ləğv edilsin; 5) 47 №-li evin “B” tikilisi Meyransa Osat qızına məxsus olmadığna görə onun ölümündən sonra miras qalan əmlak hesab edilməsin. Daha sonra, İddiaçı1 adından onun nümayəndəsi “iddianın dəyişdirilməsi barədə” ərizə (cild 2, iş v. 63) təqdim edərək “B” tikilisinə münasibətdə reyestr qeydiyyatlarının və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 26.08.2018-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının adına verilmiş reyestr çıxarışı və X10 adına verilmiş reyestr çıxarışı həmin evin “B” tikilisinə aid hissədə etibarsız hesab edilsin. Bu qətnamədən X13 apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. İzahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı2 1-ci iş üzrə qətnamədən özünün verdiyi apellyasiya şikayətinin əsaslı olduğunu, 2-ci iş üzrə qətnamədən X10 verdiyi apellyasiya şikayətinin isə əsassız oılduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən X13 2-ci iş üzrə qətnamədən özünün verdiyi apellyasiya şikayətinin əsaslı olduğunu, 1-ci iş üzrə qətnamədən İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən vəkil Vüsal Yadigarov vəkili olduğu X10 apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İki mülki iş üzrə qətnamə qəbul olunduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Birinci mülki iş: Birinci mülki işdə ilk və qarşılıqlı iddia var. Hər iki iddia rədd olunub. Qətnamənin yalnız ilk iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirilib, qarşılıqlı iddiaya aid hissə mübahisələndirilməyib. Ona görə qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə qətnamənin əsaslılığı yoxlanılmır. İlk iddiaya aid hissədə qətnamə ləğv edilməli və həmin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, ilk iddia üzrə mübahisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evin “B” tikilisi ilə bağlıdır. Həmin ev “A” və “B” tikililərindən ibarətdir. Ev 0,08503 ha torpaq sahəsində yerləşir. Evin əvvəlki ünvanı “Hüsü Hacıyev küçəsi, ev № 1” kimi göstərilib. X7 məxsus olub. Meyransa Osat qızı (hədiyyə verən) 30.09.1967-ci il tarixdə evin 1/3 hissəsini Mirzə Umudova (hədiyyə alana) bağışlayıb. Onların arasında bağışlama müqaviləsi bağlanıb, müqavilə Bakı şəhəri 4 saylı Notariat Kotorunun notariusu tərəfindən notariat qaydasında təsdiq olunub. Hədiyyə verən Meyransa Osat qızı hazırkı mübahisənin tərəfi olan X10 nənəsidir. Hədiyyə alan Mirzə Umudov hazırkı mübahisənin tərəfi olan İddiaçı1 qayınatasıdır. İddiaçı1 1980-ci ildən, onunla birgə iddia qaldıran İddiaçı2 isə 1999-cu ildən evdə qeydiyyatdadır. Bağışlama müqaviləsi etibarlıdır. Bağışlama müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllədə belə tələb müyyən olunmuşdur ki, müqavilə notariat qaydasında təsdiq edildiyi gündən 1 ay keçənədək yerli xalq deputatları sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. 30.09.1967-ci il tarixli bağışlama müqaviləsi qeydə alınmayıb. Lakin bu qaydaya əməl edilməməsi müqavilənin etibarsızlığına səbəb olmur, çünki həmin Məcəllədə belə nəticə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verənin özünün də mülkiyyət hüququ lazımi qaydada qeydə alımamış, onun adına tikiliyə dair texniki pasport olmuş, hədiyyə verənin mülkiyyət hüququ dövlət reyestrində onun ölümündən sonra qeydə alınmışdır. Mübahisə həmin Məcəllə qüvvədən düşdükdən sonra yaranıb. Hazırda qüvvədə olan Mülki Məcəllədə bağışlama müqaviləsinin yerli icra orqanında qeydə alınması barədə tələb müəyyən edilməyib. Odur ki, mübahisənin düzgün həll edilməsi üçün bağışlama müqaviləsinin yerli xalq deputatları sovetinin icraiyyə komitəsində qeydə alınıbalınmamasının əhəmiyyəti yoxdur, müqavilə əqd kimi etibarlıdır, ona görə də əqdə uyğun hüquqi nəticələr doğurub. Bağışlama müqviləsinin əqd kimi doğurduğu hüquqi nəticə ondan ibarətdir ki, “B” tikilisi hədiyyə verənin mülkiyyəti sayılmır, çünki iradəsini ifadə edərək onu özgəninkiləşdirib. O cümlədən nəzərə alınmalıdır ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürülüb, lakin həmin iddia rədd olunub. Qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirməyib, qətnamə qanuni qüvvəyə minib. Ona görə bağışlama müqaviləsi etibarlı müqavilə kimi qəbul olunmalıdır. Bağışlama müqaviləsində “1/3 hissə” deyiləndə naturada evin hansı hissəsinin nəzərdə tutulduğu göstərilməyib. Müəyyən edilir ki, evin texniki pasport üzrə “B” tikilisi hədiyyə olunub. Belə ki, müqavilənin bağlanmasından sonra hədiyyə verən “B” tikilisinə sahiblik etməyib, həmin tikili hədiyyə alanın sahibliyində olub. Bu isə belə qənatə gəlməyə əsas veririr ki, müqavilə tərəfləri “1/3 hissə” ifadəsi ilə “B” tikilisini nəzərdə tutublar. O cümlədən Sabunçu rayon İcra hakimiyyəti başçısının 30.07.1997-ci il tarixli, 820 №-li sərəncamı (cild 2, iş v. 51) yazılı sübut olaraq təsdiq edir ki, bağışlama müqaviləsinin bağlanmasından sonra “B” tikilisi hədiyyə alanının sahibliyində olub. Həmin sərəncamda göstərilən tikililər “B” tikilisinə aiddir. Sərəncamda qərara alınıb ki, hədiyyə alan Mirzə Umudov bu tikililərin hüquqi sahibi hesab edilsin. X6 ölümündən sonra onun gəlini, hazırkı işdə tərəf olan İddiaçı1 (Umudovanın) ərizəsi əsasında verilib. Bağışlama müqaviləsinin bağlandığı zaman 11.09.1964-cü ildə qəbul edilmiş Mülki Məcəllə qüvvədə olub. Həmin Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsində qeyd olunub ki, bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Həmin maddədə daha sonra qeyd olunub ki, bağışlama müqaviləsi əmlak verilən vaxtdan bağlanmış hesab olunur. “B” tikilisi müqavilənin bağlanmasında sonra hədiyyə alana verilib, bununla da bağışlama müqaviləsi bağlanmış sayılıb. Ona görə də müqavilənin bağlanmasından sonra “B” tikilisi hədiyyə verən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb. Meyransa Osat qızı 04.10.1967-ci ildə ölüb, həmin vaxt “B” tikilisi onun mülkiyyəti sayılmadığına görə mirasın tərkibinə daxil olmayıb. Belə nəticəyə gəlməyə mirasın açıldığı zaman qüvvədə olmuş, 11.09.1964-cü il tarixli Mülki Məcəllənin 527-ci maddəsinin mənası imkan verir. Vərəsəlik şəhadətnaməsi mirasın təkbinə daxil olan əmlaka münasibətdə qüvvədə olur. Odur ki, hədiyyə verənin vərəsəsi X10 adına verilmiş 07.09.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi yoxdur. Bu səbəbdən həmin şəhadətnamə etibarsız sayılmalı deyil. Şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsinin olmadığının tanınması mübahisəli münasibətə müəyyənlik gətirilməsi üçün kifayətdir. Beləliklə, ilk iddiaya aid hissədə qətnamə ləğv edilməli, ilk iddia yuxarıda göstərilən əsasla, yəni “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi olmadığına görə rədd olunmalıdır. Şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi olmadığına görə onun həmin tikiliyə (bağışlama müqaviləsinin predmeti olan tikiliyə) münasibətdə etibarsız hesab edilməsi qət oluna bilməz. İkinci mülki iş: Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının mülkiyyət hüququna dair 19.08.2016-cı il tarixdə reyestr qeydiyyatı aparılıb və həmin qeydiyyatı təsdiq edən reyestr çıxarışı verilib (cild 2, iş v. 42). Bundan 1 ay 5 gün sonra – 24.09.2016-cı ildə X10 həmin ev üzərində mülkiyyət hüququna dair reyestr qeydiyyatı aparılıb və reyestr çıxarışı verilib (cild 2, iş v. 40). Həmin evin “B” tikilisi Meyransa Osat qızının sağlığında - 30.09.1967-ci il tarixdə onun özü tərəfindən bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə görə “B” tikilisinin Meyransa Osat qızının ölümündən sonra onun mülkiyyəti kimi yenidən qeydə alınması, daha sonra qanun üzrə vərəsəlik qaydasında Meyransa Osat qızının vərəsəsi X10 mülkiyyəti kimi qeydə alınması bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə ziddir. Həmin maddədə qeyd olunub ki, bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. “B” tikilisi 30.09.1967-ci il tarixdə etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb. Yarım əsrə yaxın vaxt (49 il) keçdikdən sonra – 2016-cı ildə Meyransa Osat qızının mülkiyyət hüququnun reyestrdə qeydə alınmasında məqsəd ondan ibarət olub ki, X13 “B” tikilisinə sahiblənə bilsin. Yarım əsr bundan əvvəl bağışlama müqaviləsi bağlanarkən müqavilə tərəfləri qeydiyyatla bağlı qanunvericiliyin tələbinə əməl etməyiblər. Yəni hədiyyə edilən əmlak (“B” tikilisi) hədiyyə verənin əmlakı kimi lazımi qaydada qeydə alınmamış, o cümlədən hədiyyə alanın həmin müqavilədən əmələ gələn hüququ qeydə alınmamışdır. Yeni qanunvericilik qüvvəyə mindikdən sonra yaranmış mübahisəyə yeni qanunvericiliyin qeydiyyat barədə (əmlakın və hüquqların qeydiyyatı barədə) normalarının tətbiqi hədiyyə alanın qanuni mənafelərinin pozulmasına səbəb olacaq. “B” tikilisini münasibətə Sabunçu rayon İcra hakimiyyəti başçısı tərəfindən verilmiş “tikilinin hüquqi qeydiyyata alınması barədə” 30.07.1997-ci il tarixli, 820 №-li sərəncam da məhz hədiyyə alanın qanuni mənafelərinin qorunmasına yönəlib (cild 2, iş v. 51). Həmin sərəncamda qərara alınıb ki, mərhum Mirzə Umudov, yəni hədiyyə alan tikililərin (“B” tikilisinin) hüquqi sahibi hesab edilsin və qeydiyyat orqanından xahiş edilsin ki, tikili hüquqi qeydiyyata alınsın və mərhumun gəlini Rəna Umudovaya (Mehdiyevaya) lazımi səndlər təqdim olunsun. Odur ki, birinci instansiya məhkəməsi Meyransa Osat qızının, daha sonra isə onun vərəsəsi X10 adına aparılmış reyestr qeydinin və verilmiş reyestr çıxarışının “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsini qət etməklə düzgün nəticəyə gəlib. Bu nəticə “B” tikilisinə münasibətdə hədiyyə alan Mirzə Umudovun, onun vəfatından sonra isə həmin tikilidən istifadə edən İddiaçı1 qanuni mənafeyinin (30.09.1967-ci il tarixli bağışlama müqaviləsindən irəli gələn qanuni mənafenin) qorunması üçün zəruridir və bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Birinci mülki iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2(008)- 1144/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Kərimov X4 və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Kərimov X4 və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiası rədd olunsun. İkinci mülki iş üzrə X12 Ağa Kərim tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunsun. Sabunçu Rayon Məhkəməsinin 26.08.2018-ci il tarixli, 2(008)-952/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-827/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-827/2022
21.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver