Məhkəmə qərarları › İş №2(103)-8284/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8284/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8284/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə paylı mülkiyyət hüquqlarına kompensasiya ödənilməklə paylarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2617/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evdə paylı mülkiyyət hüquqlarına 15000 manat kompensasiya ödənilməklə paylarına xitam verilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 15 000 manat məbləğində kompensasiya verməklə, onların Bakı şəhəri Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evindəki paylarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə mərhum X7 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların xx.xx.1984-cü il tarixdə Şəbnəm adlı qızları anadan olmuşdur. İddiaçı E.Cavabdeh2la rəsmi nikah bağlayaraq ailə qurduğu gündən bu günə kimi mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evdə yaşayır. Sonradan iddiaçıya məlum olmuşdur ki, mərhum həyat yoldaşı X8 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş və bu münasibətlərdən xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. E.Cavabdeh2 A.M.Cəfərova və uşaqları üçün ayrıca ev almış, onları da mənzillə təmin etmişdir. Lakin A.M.Cəfərova bununla qane olmamış və iddiaçıya qarşı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun yaşadığı evdən də pay istəmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə A.M.Cəfərovanın iddiası təmin edilmiş və Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissədə olmaqla bu əmlakda payları müəyyən edilmişdir. İddiaçının yaşadığı fərdi yaşayış evi bir giriş-çıxışa malik olmaqla cəmi 2 otaqdan ibarətdir. Belə bir vəziyyətdə cavabdehlərin bu evə köçərək iddiaçı ilə birlikdə yaşaması qeyri-mümkündür. Lakin cavabdehlərin anası yenidən məhkəməyə iddia ərizəsi verərək bu mənzilə köçürülmələrini tələb etmişdir. Hal-hazırda şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evin naturada paylara münasib bölünməsi qeyri-mümkündür. Yəni bu əmlakın paylara münasib real surətdə bölünməsi həm texniki cəhətdən mümükün deyil, həm də bu evin yaşayış üçün yararsız hala gətirib çıxarılmasına səbəb ola bilər. Cavabdehlərin başqa ünvanda yaşayış sahələri vardır, iddiaçının isə yeganə yaşayış sahəsi bu evdir. Yəni cavabdehlərin bu evdən istifadə edilməsində mühüm mənafeləri yoxdur. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli AZ-İ № 395718 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 355 saylı ölüm akt qeydi tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 2(001)-9371/2014 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X5 İddiaçı, X3 və Bakı şəhəri 27 saylı notariat kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi barədə ilkin iddiası qismən təmin edilərək X4 miras qalmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı və X1 bərabər hissələrlə irs alması barədə Bakı şəhəri 27 saylı Notariat kontorunda 2V-83 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 miras qalmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissə olmaqla paylarının müəyyən edilməsi, İddiaçı və X1 X6 qarşı əqdin və əqd əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, yaşayış evinin miras kütləsinə daxil edilərək vərəsələr arasında payların müəyyən edilməklə bölünməsi barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı ev ½ hissədə X2, ¼ hissədə İddiaçı, ¼ hissədə X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 2239 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi İddiaçı həmin evin hər birinə ¼ hissə olmaqla paylı mülkiyyətlərində olan Cavabdeh1 və Cavabdeh2 paylarının dəyəri olaraq cəmi 15000 manat kompensasiya ödəməklə həmin evə olan mülkiyyət hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Qeyd olunan normadan müəyyən olunur ki, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əsasən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılmaq istəyən mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi S.Dadaşov küçəsi 3 saylı evin paylı mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü müəyyən edilmədiyindən, ayrılmaq istəyən mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmək hüququna malik olduğundan, bununla da İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar