Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-829/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İddiaçı Lizing Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1nа və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-606/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lizing Şirkəti QSC cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 28.12.2013-cü il tarixli, 1845T/13/B saylı Daxili maliyyə lizinq muqaviləsinə 28.12.2013-cü il tarixli resturiktirizasiya haqqında razılaşmaya əsasən cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 15279,95 ABŞ dolları əsas məbləğdən gecikmə, 2339 ABŞ dolları faiz, 4454 ABŞ dolları dəbbə pulu borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə bağlanmış 28.12.2013-cü il tarixli 1845T/13/B saylı X7 Muqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti QSC 2013-cü il buraxılışlı, 10-S-735 dövlət qeydiyyat nişanlı "XCMG ZL 50 G” markalı minik avtomobili öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. X3 35460 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh Lizing Müqaviləsinə 1 saylı Əlavədə (X6) göstərilmiş illik 21 faiz olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda müqavilənin şərtini pozmuş, bununla da öhdəlikləri vaxtında və lazımı qaydad icra etməmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X3 lizinq obyektini 17 sentyabr 2015-ci ildə təhvil vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)- 606/2021 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) cavabdehlərdən 15279,95 ABŞ dolları əsas borc, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 17718,95 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4758/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh2 15279,95 ABŞ dolları əsas, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 17718,95 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi, iddianın həmin cavabdehə aid hissədə rədd olunması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabeh Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(102)-6092/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, lizinq borcunun düzgün hesablanmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, lizinq borcunun obyektiv müəyyən olunması üçün apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razıdırlar və həmin rəyə əsasən 8871,29 manat gecikdirmə məbləğinin, 941,28 manat lizinq mükafatının tutulmasına etiraz etmirlər, bu barədə yazılı ərizəni məhkəmə kollegiyasına təqdim edir. Eyni zamanda məhkəmə kollegiyasından dəbbə pulunun azaldılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, iddia ərizəsində lizinq borcunu xarici valyuta ilə (ABŞ dolları) tələb etsələr də, hazırda borcun manatla tutulmasına etiraz etmirlər. 07 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən müqavilə üzrə yalnız bir dəfə 05 may 2015-ci il tarixdə 9800 manat ödəniş edilmişdir. Həmin ödəniş də nəzərə alınmaqla şirkət tərəfindən Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq manatla hesablama aparılmış və lizinq obyektinin qayatrıldığı 07 may 2015-ci il tarixə cavabdehin ödəməli olduğu pul vəsaiti 9016,45 manat əsas məbləğdən gecikmə, 1545 manat lizinq mükafatı və 3609 manat dəbbə pulu təşkil etmişdir. Bununla yanaşı, apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza rəyi ilə onların tələb etdikləri həmin məbləğlər arasında müəyyən kiçik fərqlər olsa da, ekspertiza rəyini mübahisələndirmirlər. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4758/2021 saylı qətnaməsi ilə iddia Cavabdeh2 münasibətdə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(102)-6092/2021 saylı qərarı ilə isə məhz cavabeh Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası cavabeh Cavabdeh1 apellyasiya şikayəti həddində, kassasiya instansiyası məhkəməsinin göstərişləri də nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan 28 dekabr 2013-cü il tarixli, lizinq müqaviləsindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə X3 arasında lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X3 35460 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla 11 ay müddətinə İddiaçı Lizinq Şirkəti QSC-yə ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan 28 dekabr 2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə 28.01.2015ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən cavabdeh 35460 ABŞ məbləğində borcu illik 21 faiz hesablanmaqla 11 ay müddətində İddiaçı Lizinq Şirkəti QSCyə ödəməyi öz öhdəsinə götürülmüşdür. İşdə olan 07 avqust 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 17 sentyabr 2015-ci il tarixinə 15279.95 ABŞ dolları vaxtı keçmiş borc, 2339 ABŞ dolları faiz borcu, 4454 ABŞ dolları məbləğində dəbbə pulu borcu vardır. İşdə olan 07 yanvar 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 17 sentyabr 2015-ci il tarixinə 9016,45 manat əsas məbləğdən gecikmə borcu, 1545 manat lizinq mükafatı borcu, 3609 manat dəbbə pulu borcu vardır. İşdə olan Pretenziya məktubundan görünür ki, İddiaçı Lizing Şirkəti QSC pretenziya qaydasına riayət edərək, cavabehlərdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Kassasiya instansiya məhkəməsi 21 oktyabr 2021-ci il tarixli qərarında göstərmişdir ki, ... iddia ərizəsində tərəflər arasında daxili lizinq müqaviləsi və onun restrukturizasiyası ilə bağlı 28.01.2015-ci il tarixdə razılaşmanın olmasına istinad edilir. İddiaçı həmin müqaviləyə əsaslanır və qeyd edir ki, məhz ikinci müqavilə üzrə borc yaranmış, razılaşmada qalıq borc məbləği, əvvəlki müqavilədən fərqlənən yeni ödəniş qaydası və müddəti müəyyən olunmuşdur. Bu halda tərəflər arasında icra edilməli olan və qarşılıqlı öhdəliklər yaradan yeni müqavilə şərtlərinin mövcudluğu aşkardır. İddia ərizəsindən aydın olur ki, iddiaçı qalıq əsas və digər borc məbləğlərini razılaşma əsasında hesablamış və tələb edir. Lakin işə baxan birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi tərəflər arasında borcun hesablanmasını, məbləğini, müddətini və ödənilmə qaydasını müəyyən edən yeni müqavilənin şərtlərini deyil, tərəflər arasında 28.12.2013-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsinin şərtlərini əsas götürmüşdür. Belə ki, ekspertiza təyin olunmuş və 28.12.2013-cü ildən lizinq obyektinin qaytarılması tarixinə (17.09.2015-ci il) borcun mövcud olması və hansı məbləğdə olmasına dair suallar qoyulmuş və müvafiq olaraq da ekspert məhz həmin müddətlər daxilində tədqiqat aparmış və iddiaçının iddia ərizəsində göstərilən məbləğdən kəskin fərqlənən məbləğdə borcunun mövcud olması müəyyən edilmişdir. İşin mübahisəsiz halları isə ondan ibarətdir ki, 28.12.2013-cü ildə daxili lizinq müqaviləsi, bundan sonra 28.01.201-ci ildə restrukturizasiya ilə bağlı razılaşma müqaviləsi bağlanmış, 2-ci müqavilə ilə ödənilməli olan məbləğ (əsas və mükafat) və ödənilmə qaydası və müddəti müəyyən olunmuşdur. 17.09.2015-ci il tarixdə isə lizinq obyekti lizinq verənə qaytarılmışdır. Bu halda lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla borcun yaranması müddəti əlavə razılaşmanın bağlanması tarixindən lizinq obyektinin geri qaytarılması anınadək müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi isə tələb olunan borc məbləğinin düzgün hesablanmaması ilə bağlı cavabdeh tərəfin dəlillərin mövcud olmasına baxmayaraq heç bir araşdırma aparmamışdır. Bu halda apellyasiya instansiya məhkəməsi borcun məbləğinin düzgün müəyyən edilməsi üçün cavabdeh tərəfin dəlillərindən çıxış edərək iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyini tərəflərlə birlikdə müzakirə etməli olduğu halda belə müzakirənin aparımasını təmin etməmişdir (MPM-in 88-ci, 97.1-ci maddələri). Mülki qanunvericiliyə görə əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Apellyasiya məhkəməsi tərəfindən bu xüsusat üzrə lazımi araşdırma aparılmamış, həmin hala qanunvericliyin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi lizinq borcunun müəyyən edilməsi istiqamətində işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya icraatı zamanı apellyasiya şikayətlərinin dəliləri üzrə kassasiya instansiya məhkəməsinin də göstərişləri nəzərə alınmaqla, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu və digər halların araşdırılması məqsədilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.05.2022-ci il tarixli, 9/556 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən 28 dekabr 2013-cü il tarixdli 1845T/13/B saylı daxili lizinq müqaviləsi üzrə rəsmiləşdirilmiş 28 yanvar 2015-ci il tarixli restrukturizasiya haqqında müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla X1 17 sentyabr 2015-ci il tarixə "xxxx" QSC-nə olan borcu - əsas məbləğdən gecikmə üzrə 8871.29 manat, lizinq mükafatı üzrə 941.28 manat təşkil edir (aparılmış tədqiqatın dəyəri 150 manat). Cavabdehin nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı yazılı ərizə təqdim edərək, lizinq borcunun ekspertiza rəyinə əsasən (yəni, əsas məbləğdən gecikmə üzrə 8871.29 manat, lizinq mükafatı üzrə 941,28 manat) müəyyən edilməsini, eyni zamanda dəbbə pulunun azaldılmasını xahiş etmiş etmişdir. İddiaçının nümayəndəsi lizinq borcunun manatla müəyyən edilməklə, 07 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən (9016,45 manat əsas məbləğdən gecikmə, 1545 manat lizinq mükafatı və 3609 manat dəbbə pulu) tutulmasını, buna baxmayaraq ekspertiza rəyini mübahisələndirmədiklərini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə yoxlanılan hissədə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. MM-in 748-10.6-cı maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. MM-in 748-11.1.7-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. İşin hallarından, təqdim olunmuş sübutlardan və qanunvericilyin qeyd edilən normalarından göründüyü kimi, tərəflər arasında lizinq münasibətləri yaranmış, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabdehin sahibliyinə və istifadəsinə verilmiş, lakin 17 sentyabr 2015-ci il tarixdə iddiaçıya təhvil vermiş, həmin tarixədək lizinq ödənişləri lazımınca icra edilməmişdir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehlərdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Lakin, iddiaçı lizinq borcunun xarici valyutada (ABŞ dolları) tələb etməkdə haqlı olmamışdır. Çünki, mülki qanunvericiliyə görə əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Hazırda tərəflər arasında lizinq borcunun manatla müəyyən olunmasında fikir ayrılığı yoxdur. İddiaçının nümayəndəsi 07 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehdən 9016,45 manat əsas məbləğdən gecikmə, 1545 manat lizinq mükafatı və 3609 manat dəbbə pulunun tutulmalı olmasını bildirir, cavabdehin nümayəndəsi isə apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən əsas məbləğdən gecikmə üzrə 8871.29 manat, lizinq mükafatı üzrə 941,28 manat pulun tutulmasını, dəbbə pulunun isə azaldılmasını xahiş edir. Məhkəmə kollegiyası sübutları məcmu halda qiymətləndirərək lizinq borcunun ekspertiza rəyinə əsasən müəyyən edilməsini obyektiv, qanuni və əsaslı hesab edir. Eyni zamanda, iddiaçının nümayəndəsi ekspertiza rəyinə hər hansı etiraz bildirməmiş, əlavə və ya təkrar ekspertizanın təyin olunması ilə bağlı vəsatət verməmiş, məhkəmə baxışı zamanı isə rəyin əsaslılığına şübhə yaranmamışdır. Kollegiya, həmçinin vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, məhkəmə kollegiyası tələb olunan dəbbə puluna da münasibət bildirərək, iddianın həmin hissədə qismən təmin olunması nəticəsinə gəlir. Belə ki, MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini və işin digər diqqətəlayiq hallarını, həmçinin tələb olunan dəbbə pullarının əsas borca münasibətdə tənasübsüzlüyünü nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarının azaldılaraq 300 manat həddində təmin olunması qanuni və ədalətlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə, yəni “cavabdeh Cavabdeh1 15279,95 ABŞ dolları əsas borc, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 17718,95 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) borcun tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdeh1 əsas məbləğdən gecikmə üzrə 8871,29 manat, lizinq mükafatı üzrə 941,28 manat, dəbbə pulu üzrə 300 manat, ümumilikdə 10112,57 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 150 (bir yüz əlli) manat məbləğində aparılmış ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabeh Cavabdeh1nа aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Lizing Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1nа və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-606/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-606/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 15279,95 ABŞ dolları əsas borc, 2339 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 17718,95 ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) borcun tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv edilsin, həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 əsas məbləğdən gecikmə üzrə 8871,29 (səkkiz min səkkiz yüz yetmiş bir manat 29 qəpik) manat, lizinq mükafatı üzrə 941,28 (doqquz yüz qırx bir manat 28 qəpik) manat, dəbbə pulu üzrə 300 (üç yüz) manat, ümumilikdə 10112,57 (on min yüz on iki manat 57 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə verilsin. Məhkəmə xərci cavabeh Cavabdeh1nа aid edilsin. Həmin cavabdehdən aparılmış ekpertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-829/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-829/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver