Məhkəmə qərarları › İş №2(103)-8290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8290/2021

08.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8290/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3946/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cabadeh Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən həmin ünvada Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq işlədilən qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yoxlamaya aparılmış, bundan sonra iddiaçı sayğacın hara aparılmasını bilməmiş, bununla bağlı onlara hər hansı məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən onlara 491,4 manat zərər hesablanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşanda cavabdeh onlara Aktı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3946/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Zabrat qəsəbəsi, ünvan 2 ünvanına qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********10030 olan) hesablanmış 491,4 manat məbləğində borcu və 235.88 manat məbləğində sayğac pulunu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3946/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi“vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylay ıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylay ıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativhüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylay ıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, “Azəriqaz" İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Sahə üzrə münasibətlərin tənzimlənməsində yaranmış boşluğu, lakin bu münasibətlərin nizamlanması zərurətini, maliyyə-iqtisadi və ictimai əhəmiyyətini nəzərə alaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, boşluğun aradan qaldırılması məqsədilə, SOCAR qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində tətbiqi məcburi xarakter daşıyan daxili normativ sənəd qəbul etmişdir. SOCAR-ın Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş bu sənəd ad və məzmunca Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 31 yanvar 2011-ci il tarixli, 8 nömrəli əmri ilə qüvvədən düşmüş qaydaları təkrar etməsinə baxmayaraq, bu sənədin tənzimləyici statusu müvafiq dövlət hakimiyyət orqanları tərəfindən əsassız olaraq tanınmır. Belə ki, Nizamnaməsi üzrə müəyyən olunmuş səlahiyyətlərindən irəli gələrək SOCAR-ın sahə üzrə münasibətləri tənzimləyən nortmativ sənədin qəbul edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 16-ci maddəsində sadalanan, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallara (qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda) aid deyil. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli, 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “vanacaq- enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ- hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəaların əsas götürülməsi” tapşırılmışdır. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə" institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə qətnaməsində göstərilir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirini təsdiq edən hər hansı sübut Cavabdeh İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin. Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci il üçün borcu 491,4 manat təşkil edir.

10. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sayğac laboratoriyaya göndərilmiş, 06.02.2019cu il tarixli 29/1710-02666 №-li qaz sayğacının yoxlanılması barədə akta əsasən G-4 markalı, 1002AQ**********9 №-li “sayğacın element yuvasının qapağınınalt hissəsində cızıq izləri aşkar olunmuş, sayğacda istismar müddətində 17.08.2018-ci il tarixdə ALARM-1 rejimli aşkar olunduğuna görə təbii qaz itkisi” kimi qeyd edilmişdir.

11. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı məxsus ünvanda İtron tipli G4 markalı sayğac yenisi ilə əvəz edilmişdir. Hüquqi dəyərləndirmə:

12. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

13. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7).

15. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6).

16. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4).

17. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

18. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

20. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

21. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”.

22. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

23. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, akta əsasən iddiaçıya 491.4 manat borcun hesablanması cavabdeh orqan tərəfindən sübut edilmədiyindən iddiaçıya 491.4 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 491.4 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.

24. Kollegiya qeyd edir ki, həmin akta əsasən iddiaçıya 491.4 manat məbləğində borcun hesablanması əsasları ilə bağlı sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının 491.4 manat məbləğində borcunun olması halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır.

25. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələrində korroziya izi mövcud olduğuna görə təbii qaz itkisi yaranmışdır” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 491,4 manat borcun yaranmasının və hesablanmasının, əlavə olaraq 235.88 manat dəyərində sayğac pulunun tələb olunmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

26. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Odur ki, kollegiya birinci instansiya məhkəməinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübuta yetirə bilmədiyindən, həmin borcun silinməsinə dair iddia əsaslı olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3946/2021 saylı, 07.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar