Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-83/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Şaqenovnanın, onların vəkili X1, ilkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nünayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 və İddiaçı2 Şaqenovnanın “xxxx” MMC-nə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə ilkin, “xxxx” MMC-nin İddiaçı1 və İddiaçı2 Şaqenovnaya qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Şaqenovna “xxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə bağladıqları xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən evin ümumi sahəsi 41,8 kv.m. olan 4 və 6 saylı mənzillərini akt əsasında MMC-nə təhvil vermək öhdəliyini öz üzərlərinə götürdüklərini, MMC-nin isə həmin mənzillərin əvəzinə ünvan 2 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzili onların istifadəsinə verməyi öhdəsinə götürdüyünü və mənzili onların istifadəsinə verdiyini, bir müddət həmin mənzildə yaşadıqdan sonra MMC tərəfindən mənzilin pəncərəsinin qarşısında müvafiq icra hakimiyyətindən lazımi icazə alınmadan, binanın görüntüsünü, şəhərsalma və tikinti normalarını və qaydaların ciddi şəkildə pozmaqla qanunsuz olaraq əlavə otaqların tikintisinin aparılmağa başlandığını, məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladıqları şikayət məktubu əsasında Nizami Rayon İcra Hakimiyyətinin işçilərinin hadisə yerinə gələrək tikintinin dayandırılmasını MMC-nin rəhbərliyindən tələb etdiklərini, onlar getdikdən sonra MMC-nin onların pəncərəsi ilə üzbəüz tikilmiş otağın pəncərəsini kərpiclə tikib bağlamaqla kifayətləndiyini, beləliklə də hüquqlarının pozulduğunu və mənzillərinin təbii işıqlandırılmasının məhdudlaşdırıldığını irəli sürmüş, buna görə də ünvan 2 ünvanda yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin pəncərəsi qarşısında tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. “xxxx” MMC isə İddiaçı1 və İddiaçı2 Şaqenovnaya qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) təqdim edərək, xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsinə dair öhdəliyin MMC tərəfindən yerinə yetirilməsi və ünvan 2 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnaya həvalə edilməsi, ilkin iddia üzrə iddiaçıların hazırda istifadə etdikləri mənzildən çıxarılması və onların qanuni qüvvədə olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri belə əsaslandırılmışdır ki, MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə əsasən MMC, sökülən otaqların əvəzinə İddiaçı1 və İddiaçı2 Şaqenovnaya Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli mənzil alıb verməyi öhdəsinə götürmüş, qərardadın 2.3-cü bəndində, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə, yaxud bundan qəsdən boyun qaçırıldıqda onun məcburi icraya yönəldiləcəyi göstərilmişdir. Hazırda həmin qərardad Nizami Rayon icra və probasiya Şöbəsinin icraatındadır, lakin cavabdeh tərəfin köçməyə razı olduğu mənzil barədə mövqe bildirməməsi səbəbindən mənzilin alınıb cavabdehlərin mülkiyyətinə verilməsi ilə əlaqədar öhdəliyin icrası mümkün olmamışdır. MMC çıxılmaz vəziyyətdə qalaraq, həm də ilkin iddia üzrə iddiaçıların mülkiyyət hüquqlarını pozmamaq məqsədilə sökülən otaqların istifadəçiləri olan İddiaçı1 və İddiaçı2 Şaqenovna ilə xx xxxxxx 2017-ci il tarixli müqavilə imzalayaraq ünvan 2 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı təmirli mənzili onların istifadəsinə vermiş, mənzilin cavabdehlərin məhz istifadəsinə verilməsi ilə bağlı xüsusatlar müqavilənin 1.2-ci bəndində birmənalı şəkildə qeyd olunmuşdur. Cavabdehlərin yataqxanada istifadəsində olan otaqların ümumi sahəsi 41.8 kv.m.olmuşdur və mövcud praktikaya, həmçinin tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin preambulasının sonuncu abzasına əsasən sakinlərə tikilən binalarda əvvəl istifadə etdikləri sahədən 20 faiz artıq, yəni 50 kv.m həcmində yaşayış sahəsi verilə bilər. Cavabdehlərin hazırda istifadə etdikləri mənzilin sahəsi isə 83 kv.m.dən artıqdır.Bundan əlavə, həmin mənzilə bitişik 53,78 kv.m.sahədə yarısı üstüörtülü, digər yarısı isə üstüaçıq terras mövcuddur. Bu mənzil terrasla birlikdə MMC-nin mülkiyyətindədir və cavabdehlərlə olan barışıq sazişi yerinə yetirilənədək onların müvəqqəti istifadəsinə verilmişdir. İşin hallarından görünür ki, cavabdehlər əslində mülkiyyətçi olmadıqları, yalnız istifadə etdikləri yataqxanadakı ümumi sahəsi 41.8 kv.m. olan iki otaq əvəzinə ümumi sahəsi həmin mənzildən üçqat artıq olan mənzil əldə etmək niyyətinə düşüblər və bununla əlaqədar olaraq heç bir hüquqi əsası olmadan guya MMC tərəfindən qeyri-qanuni tikinti aparılmasına dair əsası olmayan iddia qaldırmışlar. Ona görə də MMC-nin rəhbərliyi dəfələrlə bildirişlə müraciət edərək onların istifadəsində olan ünvan 2 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzili MMC-nə təhvil verilməsini tələb etmişdir. Həmçinin Məmmədovlar ailəsinin nəzərinə çatdırılmışdır ki, MMC, sazişin tələbinə əsasən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzil alaraq onların mülkiyyətinə verməyə hazırdır. Lakin cavabdehlər bu müraciəti müzakirə etməkdən imtina etmişlər. Açıq-aşkar görünür ki, cavabdehlərin niyyəti MMC-nə ziyan vurmaq, yaxud ziyan vurmaq hədəsi ilə öz hüquqlarından sui-istifadə etməklə əsassız varlanmaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunaraq “xxxx” MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, ünvan 3 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq “xxxx” MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi qət olunmuşdur. Həmin qətnamədən ilkin iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozması, mülkiyyət hüquqlarına qanunsuz müdaxiləyə haqq qazandırması və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 və İddiaçı2, habelə onların vəkili X2 apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, “xxxx” MMC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, müvafiq qərardadla birinci instansiya məhkəməsinin qətnaməsinin “xxxx” MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması” hissəsində ləğv olunaraq qarşılıqlı iddianın həmin hissəsində iş üzrə icraata xitam verilməsi nəzərə alınmaqla, qarşılıqlı iddia tələbinin digər hissədə təmin olunmasına dair hissədə də qətnamə ləğv edilərək qarşılıqlı iddia təmin edilməməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Nizami rayonu, Ə Hacıyev küçəsində yerləşən 34 saylı evin (yataqxananın) 4 və 6 saylı mənzilləri Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş, xx.xx.2017-ci il tarixdə onlarla “xxxx” MMC arasında bağlanmış müqaviləyə görə onlar həmin mənzilləri MMC-nə təhvil verməyi, MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi və mənzil verilənə qədər onlara aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, MMC, xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq ünvan 4 ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili ilkin iddiaçıların istifadəsinə vermişdir və ilkin iddiaçılar hazırda həmin mənzildə yaşamaqdadırlar. İlkin iddiaçılar iddia tələblərini MMC-nin, onların mənzilinin pəncərəsinin qarşısında qanunsuz olaraq əlavə otaqların tikintisini aparmış olması ilə əsaslandırmış, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişlər. Mülki Məcəllənin istinad olunan həmin normasına görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.1-180.3). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin pəncərəsinin qarşısında tikilmiş tikili tikinti norma və qaydalarına uyğun olmaqla həmin tikilinin mövcudluğu ilkin iddiaçıların mənzildən normal istifadələrinə maneçilik törətmir. Apellyasiya baxışı zamanı prosesə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisinin verdiyi rəylə də müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin otaqlarından birinin yan pəncərəsi tərəfdən 2 saylı çoxmərtəbəli binaya aid qeyri-yaşayış sahəsinin mərtəbəsinin monolit dəmir-beton örtük tavası tikilmiş, tikinti layihə əsasında Dövlət Tikinti Normalarının tələblərinə uyğun aparılmaqla hər iki binaya istismara icazə aktı verilmişdir və bu tikili 3 saylı mənzilə havanın və günəş işığının daxil olmasına maneə yaratmamaqla orada yaşayanların həyat və sağlamlıqları üçün təhlükə də törətmir. Mütəxəssisin sözügedən rəyində göstərilənlər həmin rəy əsas götürülməklə hazırlanmış Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertinin verdiyi xx.xx.2020-ci il tarixli rəydə də vurğulanmışdır. Göründüyü kimi, ilkin iddiaçıların irəli sürdükləri faktiki hallar onların tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü ilkin iddiaçılar, MMC tərəfindən onların yaşadıqları mənzilin pəncərsinin qarşısında inşa edilmiş tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb etmişlər – halbuki, həmin tikilinin özbaşına inşa edildiyi və ilkin iddiaçıların hüquqlarına xələl gətirdiyi müəyyən olunmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi ilkin iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “ünvan 3 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb “xxxx” MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” məzmunlu qarşılıqlı iddia tələblərini tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də maddi hüquq normalarını düzgün tətbiq etməməsi nəticəsində təmin etmiş, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, işin müəyyən olunan hallarına görə Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş Bakı şəhəri, Nizami rayonu, Ə Hacıyev küçəsindəki 34 saylı evin (yataqxananın) yerləşdiyi ərazidə “xxxx” MMC tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan sakinlərə müvafiq mənzil verilməsi şərtilə istifadə etdikləri yaşayış sahələrini boşaltmaq təklif olunmuş, ilkin iddiaçılar bu təkliflə razılaşmadıqları üçün MMC onlara qarşı “mənzildən çıxarılma” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən işə baxılarkən tərəflər arasında xx.xx.2016-cı il tarixli barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən MMC, ilkin iddiaçıların istifadəsində olan ünvan 6 ünvanındakı evin (yataqxananın) hər birinin sahəsi 24 kv.m.olan 4 və 6 saylı otaqlarının boşaldılması müqabilində onlara Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzili təmirli vəziyyətdə təhvil vermək öhdəliyini götürmüş, saziş məhkəmə tərəfindən təsdiq olunaraq xx.xx.2017-ci il tarixli qərardadla həmin işin icraatına xitam verilmişdir. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, xx.xx.2017-ci il tarixdə ilkin iddiaçılarla “xxxx” MMC arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “onun imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya əqdə istinad hüquqlarını itirdikləri” vurğulanaraq ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-nə təhvil verməyi, MMC isə bunun əvəzində ərazidə inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi və mənzil verilənə qədər onlara aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadının icrası üçün xx.xx.2018-ci il tarixdə icra vərəqəsi vermiş və Nizami rayon icra (probasiya) şöbəsinin icra məmuru müvafiq icraata başlamışdır. Kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilədə onun əvvəllər mövcud olan hər hansı anlaşma və ya əqdi əvəz etdiyinin vurğulanması və müqavilənin sözügedən barışıq sazişinin icrası ilə şərtləndirilmədən bağlanması, ilkin iddiaçıların həmin müqavilənin predmeti olan mənzildən çıxarılmaları və mənzilin MMC-nə təhvil verilməsi tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, xx.xx.2017-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında müvafiq barışıq sazişində razılaşdıqlarından fərqli olan yeni razılaşma əldə olunmuş və əslində onlar barışıq sazişində təsbit edilmiş öhdəliklərinə xitam vermişlər. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2017-ci il tarixli müqavilə hazırkı dövrə qədər qüvvədədir və onun etibarsız sayılması barədə iddia qaldırılmamışdır; qarşılıqlı iddia tələbləri isə ilkin iddiaçıların MMCnə qarşı iddia qaldırmalarından sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “xxxx” MMC-nin “ünvan 3 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb “xxxx” MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunsun. “xxxx” MMC-nin həmin iddia tələbləri təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın (müvafiq qərardadla “xxxx” MMC-nin “xxxx” MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla). Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manat İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), mütəxəssis rəyinin xərci qismində 200 (iki yüz) manat “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun hesabına (VÖEN **********, H/h: AZ33AZFİ********************, “xxxx” ASC) köçürülsün, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onların özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Şeyda Məhərrəmova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-83/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-83/2021
27.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver