Məhkəmə qərarları › İş №2(103)-8300/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8300/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8300/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh “X1 Azərbaycan” QSC-nin nümayəndəsi Kamil Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Nizami Rayon İcra və Probasiya Şöbəsi və “X1 Azərbaycan” QSC-nə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh “X1 Azərbaycan” QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Abşeron rayonu, Məmmədli kəndi, şəhər şossesində yerləşən fərdi yaşayış evinə dair (bundan sonra – ev) cavabdeh "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” 29.10.2020ci il tarixli, 33/06 nömrəli protokol və hərrac təşkilatı ilə cavabdeh “X1 Azərbaycan” QSCnin arasında evin alqı-satqısına dair bağlanmış 29.10.2020-ci il tarixli müqavilə etibarsız hesab olunsun, bu sənədlərin əsasında bankın adına verilmiş, ev üzərində bankın mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışı ləğv edilsin və ev ipoteka yüklülüyündən azad edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin protokol və müqavilə etibarsız hesab olunsun, bankın adına verilmiş reyestr çıxarışı ləğv edilsin, iddianın qalan hissəsi - evin ipoteka yüklülüyündən azad edilməsi barədə tələb təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 Azərbaycan” QSC-nin nümayəndəsi Kamil Məmmədov apellyasiya şikayətinin əsaslı oluğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev iddiaçıya məxsus olub və kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilib. Kredit qaytarılmadığına görə məhkəmə evə tutma yönəldilmsi barədə qətnamə qəbul edib. Qətnamə 01.03.2019-cu ildə Nizami Rayon Məhkəməsi tərəfindən qəbul olunub, məhkəmə aktından şikayət verildiyinə görə 26.09.2019 və 22.01.2020-ci il tarixlərdə həmin iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən müvafiq qərarlar qəbul edilib. Daha sonra icra vərəqəsi verilib (iş v. 63). Ev hərraca çıxarılıb, 29.10.2020-ci ildə “hərracın yekunları barədə” protokokol (iş v. 113) tərtib olunub, 18.01.2021-ci ildə ev üzrəndə bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib (iş v. 66). İddia onunla əsaslandırılıb ki, hərracın keçirilmsinə dair iddiaçıya (ipoteka qoyana) mütəmadi olaraq məlumat verilməyib. Yəni iddiaçı məlumatın verilməməsinə görə deyil, məlumatın mütəmadi verilməməsinə görə hərracın nəticəsinin etibarsız sayılmasını tələb edir. Müəyyən olunur ki, iddiaçının ünvanı əvvəlcə Bakı şəhəri, Babək pr., yataqxana/ev № 79 olub, daha sonra – 19.01.2019-ui ildə o, ünvanınl dəyişib: ünvan 2 139, arayış). Ünvanın dəyişməsi ipoteka predmetinə tutma yönədlilməsi barədə mülki iş üzrə icraat dövründə baş verib, lakin iddiaçı (həmin işdə cavabdeh) bu barədə məhkəməyə, daha sonra (icra icraatı zamanı) qətnaməni icra edən müvafiq icra qurumuna məlumat verməyib. Ona görə də hərrac təşkilatçısı tərəfindən məlumat iddiaçının əvvəlki ünvanına göndərilib. Mülki-Prosessual Məcəllənin 146-cı maddəsində qeyd olunub: “Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir”. Bu qayda məhkəmə icraatı ilə yanaşı icra sənədi üzrə icraata, o cümlədən həmin icraatın tərkib hissəsi olan hərraca da şamil olunur. Ona görə də hesab olunur ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılıb. Bundan başqa, bank öz təşəbbüsü ilə iddiaçıya hərracın vaxtı və yeri barədə SMS məlumat göndərib (iş v. 177). Beləliklə, hərracın təşkilatçısı hərracın keçirilməsi barədə ipoteka qoyanı məlumatlandırmalıdır. Bu qayda “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsindən və Mülki Məcəllənin 415.2-ci maddəsində irəli gəlir. Hərrac keçirilərkən həmin maddələrin tələblərinə əməl edilib. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müyyən etmədiyinən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Nizami Rayon İcra və Probasiya Şöbəsi və “X1 Azərbaycan” QSC-nə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar