Məhkəmə qərarları › İş №2(103)-8304/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8304/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8304/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıyeva Rəna Eldar qızına qarşı “cavabdeh hərrac mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13605/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıyeva Rəna Eldar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8796/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Hacıyeva Rəna Eldar qızı və Abdullayevə Mehparə Ələddin qızından cəmi 4.685,45 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Hacıyeva Rəna Eldar qızına məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına, o cümlədən çəkisi 15 qram olan 1 ədəd saata, çəkisi 17,8 qram olan 1 ədəd dəstə, çəkisi 11 qram olan 2 ədəd üzüyə, çəkisi 6,20 qram olan 1 cüt sırğaya, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pula yönəldilməsi və həmin zinət əşyaları ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılaraq tələb edilən borcun iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlakın ilkin satış qiyməti 2.000 manat olmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə hərracın keçirilməsi həvalə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş hərracda xx xxxxxx 2018-ci il tarixli, 09/05 nömrəli hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokola əsasən qızıl zinət əşyaları 2.000 manata qalib alıcı Ağazadə Fərdin Fazil oğluna satılmışdır. Lakin qalib alıcı Fərdin Ağazadə tərəfindən xx xxxxxx 2018-ci il tarixdə yəni hərrac qurtardıqdan sonra 7 ay sonra qızıl zinət əşyalarının dəyəri ödənilmişdir. Bu baxımdan, keçirilmiş hərrac ipoteka haqqında qanunun tələblərinə zidd olaraq keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir. Göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ipoteka haqqında qanunun müvafiq tələblərinə riayət etmədən hərrac keçirmişdir. Belə ki, qalib alıcı qızıl zinət əşyalarının alış qiymətini 7 təqvim günü ərzində ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13605/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını pozduğunu və sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü də nəzərə alınmaqla işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi qalib alıcının qızıl zinət əşyalarının alış qiymətini 7 təqvim günü ərzində ödəmədiyinə istinad etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Hacıyeva Rəna Eldar qızı, Abdullayeva Mehparə Ələddin qızı, Binəqədi Rayon İcra Şöbəsinə və “xxxxxxxxx” ASC-yə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-8796/16 nömrəli, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə və Binəqədi Rayon İcra Şöbəsinin 17/68014251/10 nömrəli xx xxxxxx 2017-ci il tarixli sifariş məktubuna əsasən qızıl zinət əşyalarının ilkin satış qiyməti 2.000 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx xxxxxx 2017-ci il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx xxxxxx 2018-ci il tarixə, saat 11:00-da hərracı təyin olunmuşdur. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2017-ci il-xx xxxxxx 2018-ci il tarixli 96 nömrəli buraxılışının surətindən görünür ki, Hacıyeva Rəna Eldar qızına məxsus 583 əyarlı çəkisi 15 qram olan 1 ədəd saat, çəkisi 17,8 qram olan 1 ədəd komplekt, çəkisi 11 qram olan 2 ədəd üzük, çəkisi 6,20 qram olan 1 cüt sırğa, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pul ilə bağlı keçirilən hərrac xx xxxxxx 2018-ci il tarixə, saat 11:00-da təyin olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Hərracın təşkilatının açıq hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 09/05 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, Hacıyeva Rəna Eldar qızına məxsus 583 əyarlı çəkisi 15 qram olan 1 ədəd saat, çəkisi 17,8 qram olan 1 ədəd komplekt, çəkisi 11 qram olan 2 ədəd üzük, çəkisi 6,20 qram olan 1 cüt sırğa, çəkisi 8,60 qram olan 1 ədəd “onluq” pul 2.000 manat qiymətə qalib alıcı Ağazadə Fərdin Fazil oğlu tərəfindən alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2.000 manat məbləğində pul vəsaiti Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-14251/10 nömrəli, xx xxxxxx 2017-cı il tarixli sifariş məktubuna əsasən xx xxxxxx 2018-ci tarixində hərrac təyin olunaraq Hacıyeva Rəna Eldar qızına məxsus 1 ədəd 583 əyarlı çəkisi 15,0 qram olan saat, 1 ədəd 583 əyarlı çəkisi 17,8 qram olan komplekt, 2 ədəd 583 əyarlı çəkisi 11,0 qram olan üzük, 1 cüt 583 əyarlı çəkisi 6,20 qram olan sırğa, 1 ədəd 900 əyarlı çəkisi 8,60 qram olan onluq pul Ağazadə Fərdin Fazil oğluna satılmışdır. Qeyd olunan qızıl-zinət əşyalarının dəyəri 09/05 nömrəli, xx xxxxxx 2018-ci il tarixində verilmiş protokola əsasən vaxtında həyata keçirilmiş, lakin Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin depozit hesabının rekvizitləri gec əldə olunduğundan əmlakın dəyəri xx xxxxxx 2018-ci tarixində depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin qeyd edilən vaxt hüquqları pozulmuş və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci və 43.1-ci maddələrinin tələbləri pozulsa da, kollegiya qeyd etməyi zəruri hesab edir ki, keçirilmiş hərracın nəticələrinə dair ödənilmiş pul vəsaiti sonradan iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına köçürülmüş və bununla da hüquqları pozulmuş şəxsin hüquqları sonradan bərpa edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı hüquqlarının pozulduğu vaxt deyil, məhz keçirilmiş müvafiq hərracın nəticəsi olaraq ödənilmiş pul vəsaitinin onların hesabına köçürüldüyü vaxtdan bir il yarımdan çox müddət keçdikdən sonra məhkəməyə qeyd edilən tələblə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1360/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar