Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8313/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsül» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-5108/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsül» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 5108/2020 saylı qərardadı ilə (hakim Pərviz Zamanlı) iddia ərizəsinin icraata qəbul edilmədən qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti - qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, iddianın predmetinin müstəsna aidiyyətlə əlaqədar olmaması, aidiyyət qaydalarının pozulmaması, iddia ərizəsinin icraata qəbul edilməli olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X5 Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İddia ərizəsindən görünür ki, iddiaçı tələbini cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yönəltmiş və iddia ərizəsini sonuncunun ünvanı üzrə (ünvan 1 mənzil 47) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermişdir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi iddiaçı tələbini üç cavabdehə qarşı irəli sürmüş və iddianı MPM-in 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) onlardan birinin ünvanı üzrə vermişdir. Eyni zamanda iddiaçı aşağıda göstərilən tələbləri irəli sürmüşdür. - birgə nikah dövründə əldə olunmuş «Mercedes Benz E220» markalı ** BN *** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz C180» markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdeh (həyat yoldaşı) Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsi sahəsində bağlanmış alqı-satqı müqavilələriniqn etibarsız sayılması və həmin alqı-satqı müqavilələri nəticəsində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi - birgə nikah dövründə əldə olunmuş «Mercedes Benz E220» markalı ** BN *** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz C180» markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillər, həmçinin Gədəbəy rayonu Novosaratovska kəndində yerləşən, cavabdeh (həyat yoldaşı) Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydə alınmış 0,25 ha torpaq sahələrinin aralarında bölünərək ½ hissədə onun, ½ hissədə cavabdeh Cavabdeh1 payının müəyyən edilməsi. Göründüyü kimi, iddia tələbləri - əqdlərin etibarsız sayıliması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması nəticəsinə gələrkən göstərmişdir ki, mübahisə daşınar və daşınmaz əmlaka dair payların müəyyən olunması ilə bağlı olduğundan və iddia tələbinin xarakteri mülkiyyət, sahiblik və istifadə hüququnun pozulması ilə bağlı olduğundan mübahisəyə MPM-nin 39-cu maddəsinə əsasən müstəsna aidiyyət qaydasında əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məqsədi birgə nikah dövründə əldə olunmuş və üzərində qanunla mülkiyyət hüququnun olması ehtiva edilən əmlaklara məhkəmə tərəfindən ər-arvadın payının müəyyən edilməsidir. Əmlaklar isə daşınar (avtomobillər) və daşınmaz (torpaq sahələri) olmaqla 2 növdən ibarətdir. İlkin olaraq qeyd edilməlidir ki, MPM-nin 39.1-ci maddəsi daşınar əşya sayılan avtomobillərlə bağlı müstəsna aidiyyəti müəyyən etmir. Bu səbəbdən də iddiaçının avtomobillər üzərində mülkiyyət hüquqlarının pozulmasından müdafiə barədə tələbləri (əqdlərin etibarsız sayılması) müstəsna aidiyyətə bağlı deyildir. İddiaçının digər tələbi isə birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin bölünməsi (ər-arvadın payının müəyyən olunması) ilə bağlıdır ki, bu tələbin müstəsna aidiyyətə düşüb-düşməməsi müəyyən edilməlidir. Halbuki, iddia ərizəsindən MPM-nin 39.1-ci maddəsində göstərilənlərə uyğun hər hansı daşınmaz əmlaka yeni mülkiyyət hüququnun tanınması, əmlakının başqasının qeyriqanuni sahibliyindən götürülməsi (vindikasiya barədə iddia) və s. bu istiqamətdə tələblərin irəli sürülməsi görünmür. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Qeyd edilməlidir ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbləri mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılmasına deyil, təbiət etibarilə daha çox vaxtında əmlak üzərində payların müəyyən olunması ilə bağlı hüquqi müəyyənliyin yaranmasına, mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınması və s. yönəlmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələblərinin MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşməsi ilə bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamış, qanunvericiliyin noqmalarını qeyd etməklə kifayətlənmişdir. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi zərurət yarandığı təqdirdə, MPM-in 151.2-ci maddəsinə əsasən tərəfləri məhkəməyə dəvət etməklə də iddia ərizəsinin mümkünlüyü məsələsini (iddia tələbinin mahiyyəti və s.) yoxlaya bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsül» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-5108/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 5108/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8313/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8313/2020
17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver