Məhkəmə qərarları › İş №2(103)-8314/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8314/2022

26.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8314/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2184/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2184/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanət üzrə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verib, həmçinin müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərib ki, qətnamənin elektron məhkəmə portalında xx.xx.2022-ci il tarixdə yüklənməsi göstərilsə də, həmin tarixdə qətnamə mövcud olmadığından onun tərəfindən qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada portalda oxunaraq qəbul edilmişdir, ona görə də Mülki Prossesual Məcəllənin 133-cü maddəsinə əsasən verilmiş apellyasiya şikayətinin üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməklə şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2184/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2184/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün qanunvericiliyə uyğun olaraq göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2184/2022 saylı, 06 sentyabr 2022ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6918/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadından iddiaçının şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi, mülki işin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən yenidən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadından şikayət verilmiş, eyni zamanda şikayətin verilmə müddətinin bərpası barədə ərizə ilə də müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2184/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)- 2184/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yüklənilmişdir. Mübahisələndirilən qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti isə bir aydan artıq müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə qətnamədən apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilmə müddətinin buraxılmasının üzrlü səbəbi kimi sözügedən qətnamə ilə ancaq xx.xx.2022-ci il tarixdə rəsmi qaydada tanış ola bildiyini, bu tarixə qədər qətnamənin ona məxsus elektron kabinetində mövcud olmadığını göstərsə də bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apelyasiya şikayəti vaxtında verilmədiyindən, şikayəti vermə müddətinin buraxılmasının üzrlü səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmadığından apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2184/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının 71-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:44-də 2(006)-2184/2022 saylı, 24 may 2022-ci il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 10 iyul 2022-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, 18 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini ən geci 10 iyul 2022-ci il tarixdə verməli olduğu halda 18 avqust 2022-ci il tarixdə vermişdir. Lakin iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 18 avqust 2022-ci il tarixdə apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni elektron kabinetdə yerləşdirmişdir. Cavabdeh üzrlü səbəb kimi qətnamənin “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmədiyini və buna görə də onun tərəfindən qətnamənin xx.xx.2022-ci il tarixdə rəsmi qaydada portalda oxunaraq qəbul edildiyini bildirsə də, bu halı təsdiq edən mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də şikayət verərkən apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şikayətində göstərdiyi dəlillər isə, yuxarıda qeyd olunanlara əsasən təkzib olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2184/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-2184/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar