Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8326/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliqayıb oğlu arasında bağlanmış 01.12.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının şikayəti təmin olunmalı, qərardad ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Əvvəla, tərəflər arasında bağlanmış razılaşmada göstərilən şərt hüquqi müəyyənlik prinsipinə cavab vermədiyinə görə pretenziya qaydası sayıla bilməz. Çünki,həmin şərt tərəflər arasında yarana biləcək mübahisə və anlaşılmazlığı nə vaxt, hansı qaydada, necə tənzimləməyə imkan vermir. Yəni, tərəflər arasında mübahisələrin həll edilməsi, meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar vasitəsi ilə həll edilir dedikdə tərəflər özləri də bu vəziyyətdə nə edəcəklərini əvvəldən bilməli və anlamalıdırlar. Pretenziya qaydasının məqsədi ondan ibarətdir ki, mübahisələrin həlli zamanı tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə qənaət edilsin. Yalnız, o mübahisələr məhkəməyə gəlib çıxsın ki, onu tərəflər özləri həll edə bilməsin. Yəni, pretenziya qaydası da həll qaydasıdır. Bu cür həll qaydası isə hüquqi müəyyənlik prinsipinə cavab verməlidir. Əks halda bu qayda qanunun göstərilən məqsədinə xidmət etməyəcəkdir. İkincisi, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmədən iddiaçıya geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, “İddiaçı pretenziya qaydasına əməl etmədiyi, yəni cavabdehə müraciət olunması və ya müraciət olunduğu təqdirdə aldığı imtina barədə sənədi iş materiallarına əlavə etməmişdir.” Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər hansı həlli qaydasına nəyə əsasən(hansı müqaviləyə yaxud qanuna əsasən) imperativ qaydada əməl etməli olduğunu açıqlamamış, bununla bağlı iş materiallarına hansı mötəbər sübut əlavə etməli olduğunu göstərməmişdir. Belə olan halda, iddia ərizəsini icraata götürülməməsi üçün əsas olmuşdurmu? Əlbətdə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən iş materialında onun qənaətini təsdiq edəcək sübut olmamışdır. Üçüncüsü, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə cavabdehlə pretenziya qaydalarına riayət etməsinə dair sübut əlavə etmədiyinə görə iddia ərizəsini geri qaytarmağa əsas vermir. Çünki, Mülki Prosessual Məcəllədə belə bir imperativ göstəriş yoxdur. Qeyd olunduğu kimi, pretenziya qaydalarına riayət edilməsi, ya müqavilədə yaxud da qanunda nəzərdə tutulmalıdır. Qanunda belə bir hal nəzərdə tutulmayıb, müqavilədə isə yuxarıda qeyd olunduğu kimi hüquqi müəyyənlik prinsipinə cavab verən pretenziya qaydaları nəzərdə tutulmamışdır. Əks yanaşma şəxsin məhkəməyə müraciət etmək hüququna qanunda birbaşa göstərilməyən əsaslar olmadan əngəllər yaratmaqla bu imkanın əsassız məhdudlaşdırılmasına şərait yaradır. Dördüncüsü, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı müddət ərzində İdarənin əməkdaşları tərəfindən ona saatlarla mənəvi iztirablar yaşadıldığını, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edildiyini, şərəf və ləyaqətini nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldıldığını, ona qarşı edilmiş hərəkətlərə artıq dözə bilmədiyi üçün onların, dolayısı ilə Cavabdeh1 istədiyi ilə razılaşmağa məcbur olduğunu və “kredit müqaviləsini” məcburiyyət qarşısında imzaladığını göstərmişdir. Bu cür vəziyyətdə, mütləq deyil ki, iddiaçı məhz “kredit müqaviləsi” adlı sənədi iddia ərizəsinə əlavə etsin. Həmin sənəd iddiaçının iddia ərizəsinə əlavə etdiyi “Razılaşma” və “Razılıq Ərizəsi” formasında da ola bilər. İddiaçı da kredit müqaviləsi dedikdə məhz bu sənədləri nəzərdə tutur. Həmin sənədlərin surəti isə iddia ərizəsinə əlavə edilmiş və iş materialında mövcuddur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8326/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8326/2021
16.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver