Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-833/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: hüquqdan sui-istifadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı İddiaçı ASC Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 60.380,10 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh tərəfindən iddiaçıya cəmi 30.780 manat ödəniş edilmişdir. 05 dekabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməli olan 29.600 manat pul ödənilmədiyindən son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş müqavilənin ləğv edilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən hər ay qrafik üzrə ödəniş edilməli olduğu halda onun tərəfindən 3 dəfə, müvafiq olaraq 500, 500 və 900 manat, may ayında isə 18.000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla, ümumilikdə 30.780 manat ödəniş olunmuş və 29.600 manat qalıq borc qalmışdır. Cavabdeh qrafik üzrə ödənişlərini gecikdirdiyi üçün 9.000-10.000 manata yaxın gecikməsi yaranıb. Əgər cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilsəydi, bəlkə də razılığa gəlmək mümkün olardı. Cavabdeh tərəfindən təqdim edilmiş borcun olmamasına dair arayış isə kredit müqaviləsi üzrə olan borcla əlaqəlidir və onun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, kredit müqaviləsi üzrə olan ödənişlər birbaşa banka ödənilir, hazırki alqı-satqı müqaviləsi üzrə olan ödənişlər isə notariusdakı depozit hesabına ödənilir və oradan bankın hesabına köçürülür.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəfindən ilkin ödənişlə birlikdə 30.000 manata yaxın banka ödənişlər edilsə də, hazırda ödənilməmiş borcu mövcuddur. O, məhkəmə prosesləri zamanı ödəniş edərək, borcunu bağladığını düşünsə də, həmin pul hazırki alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki kredit müqaviləsi üzrə olan borca silinmişdir. Hazırda onun yeganə çıxış yolu mənzilin satılması və yerdə qalan borcun bağlanmasıdır. Belə ki, mənzil boşaldılacağı təqdirdə onun və ailə üzvlərinin yaşamağa başqa yerləri yoxdur. Özü və yoldaşı təqaüdçüdürlər, yalnız oğlu işləyir ki, onun da 2 aylıq körpə övladı var.
6. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022- ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 18.000 manat olmaqla, 19.900 manat ödəniş olunmuşdur. Bundan əlavə, tərəflər arasındakı müqavilə 2019-cu ildə bağlanmışdır. Həmin zamandan sonra ölkə ərazisində sərt karantin rejimi tətbiq olunmuş və nəticədə cavabdeh fəaliyyət göstərə bilməmiş və ödənişlərini edə bilməmişdir. Gecikmə ilə əlaqəli yaranmış 10.000 manata yaxın borc da məhz bununla əlaqədardır. Bu səbəbdən müqavilənin şərtləri dəyişdirilməli və yenidən təzə şərtlərlə müqavilə bağlanmalıdır. Belə ki, qanunvericilikdə də müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı normalar mövcuddur. Bundan əlavə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin müddəti də bitməyib.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu səbəbdən sözügedən müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları zamanı dəfələrlə barışıq üçün razılığa gəlinməsi barədə təkliflər edilsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən razılıq əldə olunması üçün gecikdirilmiş məbləğin ödənilməsi təklif olunmuş, lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından, tərəflər arasında razılaşma olmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 178, 385.1, 421.2, 423.2, 424.2, 424.4, 424.5, 442, 445.3, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış 05 dekabr 2019-ci il tarixli AN -1 № ******* nömrəli nisyə alqısatqı müqaviləsinə görə iddiaçı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Mərkəzi küçəsində yerləşən 59 saylı fərdi yaşayış evini 60 380 manata ona satmışdır. Müqavilə şərtlərinə görə o, ilk olaraq 10 880 manat ödəmiş, qalan 49 500 manat hissəsini isə hər ay 900 manat ödəməklə 06 iyul 2024-cü il tarixə qədər ödəyib başa çatdırmaq barədə üzərinə öhdəlik götürmüşdür. “Covid-19“ pandemiya xəstəliyinin surətlə yayılması nəticəsində Azərbaycan Respublikasında 25 mart 20220-ci il tarixdən sərt karantin rejimi tədbiq edilmiş və bu hal uzun müddət davam etmişdir . Görülən tədbirlər nəticəsində ölkənin iqdisadiyyət sahəsində fəaliyyət göstərən istehsalat və kommerisya obyektləri iflic vəziyyətə düşmüşlər, bir coxları müflis olaraq fəaliyyətini dayandırmışlar, insanlar iş yerlərini itirərək qazanc əldə edə bilməmişlər. Tərəfindən borcun vaxtında ödənilməməsi də bu səbəblərə görə baş vermişdir. Göründüyü kimi borcun ödənilməsinin gecikdirilməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Göstərilən halların baş veməsini o (eləcədə digər tərəf) əvvəldən görə bilməzdi və qarşısını almaq iqdidarında olmamışdır. Ona görə dəfələrlə iddiaçıya müraciət edib, yuxarıda göstərilən halları nəzərə almaqla, müqavilə şərtlərinin dəyişdirilməsini xahiş etmiş, yəni ödəniş qrafikasını yenidən razılaşdırılmasını xahiş etmişdir. Lakin, iddiaçı göstərilən halları habelə bu evin ailəsinin yeganə yaşayış yeri olduğunu nəzərə almamış, hər hansı güzəştə getmək istəməmişdir. Əksinə olaraq məhkəməyə iddia ərizəsi verib, alqı-satqı müqaviləsinin ləğv edilməsini və ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilmişdir. Suraxanı rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 422, 425, 448-ci maddələri kontekstində qeyd edim ki, borclu müqavilə öhdəliklərini icra etməkdikdə , buna qörə yalnız təqsirli olduğu halda məsuliyyət daşıyır. Borclunun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Təqsirsiz məsuliyyət yalnız mülki qanunda nəzərdə tutulan hallarda yaranır, lakin hazırkı iş üzrə belə hallar mövcüd deyil. Göründüyü kimi borcun ödənilməməsi onun təqsiri üzündən baş verməmişdir. Lakin, məhkəmə işin bu hallarını nəzərə almamış və ümumiyyətlə araşdırmamışıdır, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. ödəniş qrafikini qismən də olsa bərpa etdiyini və iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını, öhdəliklərini icra etməyə hazır olduğunu və buna cəhd etdiyini, müqavilə predmeti olan fərdi yaşayış evinin onun yeganə yaşayış yerinin olduğunu
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etmədiyini iddia tələbini müdafiə etdiyini bildirmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 saylı 23 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19.16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 20.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 21.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 22.560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 23.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 24.600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 25.601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
28. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı)
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. 30.Belə ki, qeyd olunmalıdır ki, hazırki iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421.2 və 600.4-cü maddəsinin dispozisiya şərtlərinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni müqavilədən imtina edən satıcı öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilər. Müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. 31.İş materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 iddiaçının mülkiyyətində olmuş və sonuncu cavabdehlə razılığa gələrək, sözügedən evin hissə-hissə ödəmək şərti ilə nisyə alqı-satqısına dair xx.xx.2019cu il tarixli müqavilə bağlamışdır. Müqavilədə əmlakın satış qiyməti 60.38,10 manat məbləğində müəyyən edilmiş, müqavilənin şərtlərinə görə cavabdeh ödəniş cədvəlinə əsasən ilkin olaraq 10.880,10 manat ödəməklə, qalan 49.500 manat pulu xx.xx.2024-cü il tarixədək bərabər hissələrə bölünməklə, hər ay 900 manat ödəməyi öhdəsinə götürmüşdür. 32.İddiaçı, cavabdehin müqavilənin bağlandığı gündən ödənişlərdə gecikmələrə yol verdiyini, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu qeyd edərək məhkəməyə müraciət etmiş, qanunvericiliklə ona verilən seçim hüququndan istifadə etməklə müqavilənin ləğv edilməsini və ödənilməmiş malın qaytarılmasını tələb etmişdir. 33.Mülki işin materiallarından məlum oldu ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30.780 manat ödəniş olunmuş (sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 18.000 manat məbləğində), müqavilə üzrə ödənilməmiş 29.600 manat məbləğində qalıq borcu qalmış, müqavilə üzrə son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını etiraf etmişdir. 34.Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. 35.Məhkəmə kollegiyası müqavilə müddətinin xx.xx.2024-cü il tarixədək davam etdiyini, cavabdehin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikini qismən də olsa bərpa etdiyini və iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını, öhdəliklərini icra etməyə hazır olduğunu və buna cəhd etdiyini, müqavilə predmeti olan fərdi yaşayış evinin onun yeganə yaşayış yerinin olduğunu nəzərə alaraq hesab edir ki, qeyd olunan halların məcmusu baxımından iddiaçının verilmiş əşyanın ödənilməsini, uğradığı zərərin isə faiz formasında qarşılanması deyil, dəyəri tam ödənilməmiş mübahisəli mənzilin qaytarılmasını tələb etməsi öz hüququndan sui-istifadə kimi qəbul edilməli və bu əsasla da hazırki iddia rədd edilməlidir.
36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2169/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov