Məhkəmə qərarları › İş №2(103)-8339/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8339/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8339/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və borcun qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1192/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini və Cavabdeh 20000 (iyirmi min) manat pulun alınaraq, ona ödənilməsinin qət edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 mart 2019-cu ildə onunla Cavabdeh arasında, sonuncunun ondan 20000 manat borc alması barədə kredit müqaviləsi bağlanmışdır. Bu nüqavilənin 2-ci bəndinə əsasən borc alan 19.03.2020-ci idə borcunu tam qaytarılacağını öhdəsinə götürmüşdür. Lakin borclunun əmlak vəziyyəti pisləşməsi ilə əlaqədar tərəfindən ona dəfələrlə borcunu qaytarılması bildirilsə də, sabah-sabah deyərək,müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınır və ondan gizlənir. Müqaviləni bağlamaqdan əvvəl cavabdeh ona özünün Keşlə qəsəbəsində işlətdiyi aptekini onun adına keçirməyi söz vermişdir. Belə olduğu halda, borc həm də ipoteka ilə təmin olunacaq imiş. Bu cür borcu qaytarmaqdan yayına bilməyəcəkdir. Bundan başqa iş qurmaq adı ilə onun diplomunu da ondan almışdır ki, birlikdə iş qurub, apteki işlədərik ona da ayda gəlirlərindən faiz ödəyər. Lakin öz vədlərini bu günə qədər icra itmədiyindən və əmlak vəziyyətinin öz dediyinə görə pisləşməsinə görə məhkəməyə müraciət etməli olur. Cavabdehə dəfələrlə bildirilib ki, borcunu qaytarmasa, əks təqdirdə, cavabdeh qismində cəlb olunacağı barədə məhkəməyi bu iddia ilə müraciət ediləcəkdir. Qanuna əsasən, Borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılmasının tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu tələb də cavabdehə tərəfindən bildirilmişdir.

3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1192/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Babək Qasımov).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1192/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə ödənilməsi qeyd edilən borc müqaviləsi qanunsuz və etibarsızdır. Cavabdehi aldadaraq onun psixoloji vəziyyətinin problemli olması, şizofreniya xəstəliyindən əziyyət çəkməsindən sui-istifadə edərək ona mahiyyətini anlamadığı sənədə qol çəkdirilmiş və bununla da onun üzərinə qeyri-qanuni şəkildə öhdəlik qoyulmuşdur. Sözügedən xəstəliklə bağlı bütün sənədlər qoşma hissəsində məhkəmənin nəzərinə çatdırılacaq. Hazırda cavabdehdə iddiaçıya məxsus səs yazıları mövcuddur. Hansı ki, həmin səs yazılarında iddiaçı tərəfindən cavabdehə sözügedən pul vəsaitinin verilmədiyi öz təsdiqini tapmışdır. İlkin məhkəmə tərəfindən iş araşdırılarkən bütün bu faktlar nəzərə alınmamış, cavabdehin xəbəri olmadan onun barəsində qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan 19 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı X2 20000 manat məbləğində krediti 19.03.2020-ci il tarixədək kredit alanın mülkiyyətinə verməyi və kredit alan, yəni Cavabdeh isə bu krediti müqavilədə müəyyən olunmuş müddətdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən "xxxx" QSCnin 28 May filialına ünvanlanmış 19.03.2020-ci il tarixli İ-15/207 saylı məktubundan görünür ki, ünvan 1 ünvanına qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək borc müqaviləsi üzrə ödənilməli olan 20000 (iyirmi min manat) Azərbaycan Yeni manatı məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında X1 verilməsi üçün bankda olan AZ12KABA******************** №-li cari borc hesaba qəbul olunmasını xahiş etmişdir.

12. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin 11.03.2020-ci il tarixli 2607-1220 saylı məktubundna görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun barəsində Nizami RPİ-nin 23-cü PB-də hər hansı bir təsdiqedici material qeydə alınmamışdır. Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. İş materiallarında olan 19 mart 2019-cu il tarixli kredit müqaviləsindən (i.v. 8) görünür ki, iddiaçı tərəfindən Cavabdeh 20000 manat məbləğdə kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin kassa məxaric sənədindən (i.v. 10) də görünür ki, Cavabdeh adına 20000 manat məbləğində vəsait borc müqaviləsi təyinatı üzrə məxaric edilmişdir.

26. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, borclu (cavabdeh) müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, bununla da həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə, Cavabdeh İddiaçı 19.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 20.000 manat məbləğində borcu vardır. Buna baxmayaraq cavabdeh borcu ödəməmişdir.

27. Cavabdeh apellyasiya şikayətində şizofreniya xəstəliyindən əziyyət çəkməsinə, iddiaçı tərəfindən aldadılaraq onun psixoloji vəziyyətindən sui-istifadə edilərək ona mahiyyətini anlamadığı sənədə qol çəkdirilməsinə və bununla da onun üzərinə qeyri-qanuni şəkildə öhdəlik qoyulmasına istinad etmişdir.

28. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində şizofreniya xəstəliyindən əziyyət çəkməsini və bunun nəticəsində bağladığı əqdin mahiyyətini anlamamasını qeyd etsə də, həqiqətən həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Cavabdeh apellyasiya şikayətində “xəstəliklə bağlı bütün sənədlər qoşma hissəsində məhkəmənin nəzərinə çatdırılacaq” qeydini etsə də, nə apellyasiya şikayətinin qoşma hissəsində bununla bağlı sənəd əlavə olunmasını qeyd etmiş, nə də məhkəmə iclasında iştirak edərək buna dair hər hansı sənədi təqdim etməmişdir.

29. Mülki Məcəllənin 28.1-ci maddəinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

30. Qeyd edilən maddənin tələblərini nəzərə alaraq kollegiya vurğulayır ki, cavabdehin ruhi xəstəlikdən əziyyət çəkməsini təsdiq edən sənəd olmamaqla yanaşı, onun həmin ruhi xəstəliklə əlaqədar fəaliyyət qabiliyyətsiz sayılmasına dair məhkəmə qərarı da iş materiallarında mövcud deyildir. Sadalanan hallar onu deməyə əsas verir ki, cavabdehin fəaliyyət qabiliyyətsiz olması, eyni zamanda müqavilənin bağlanması zamanı hər hansı məcburetməyə məruz qalması öz təsdiqini tapmadığından apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.

31. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə iddiaçıya məxsus səs yazıları mövcud olması və həmin səs yazılarında iddiaçı tərəfindən cavabdehə sözügedən pul vəsaitinin verilmədiyinin öz təsdiqini tapmasıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, belə bir səs yazısı iş materiallarında olmamaqla yanaşı, qanunu pozmaqla əldə edildiyindən, sübut kimi işin həllində istifadə edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə (şəxsi toxunulmazlıq), Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

35. Cavabdeh apellyasiya şikayətində həm də işə onun xəbəri olmadan baxılması halına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həm birinci insatansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının vaxtı və yeri barəsində bildiriş göndərilməsinə baxmayaraq, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Apellyasiya şikayəti cavabdeh tərəfindən verilməsinə baxmayaraq, apellyasiya şikayətində cavabdeh məhkəmə sənədlərinin göndərilməli olduğu hər hansı bir ünvan qeyd etməmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə elektron məhkəmə informasiya sitemi vasitəsi ilə SMS bildiriş çatdırılmasına baxmayaraq, cavabdeh birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya məhkəməsində icraat zamanı da məhkəmə iclasında iştirak etməmişdir. Sadalanan hallara əsasən, kollegiya hesab edir ki, cavabdehin iştirakının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi hər hansı prosessual pozuntuya yol verməmişdir.

36. Sadalanan xüsusatlara əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

37. Odur ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübuta yetirilə bilmədiyindən, borcun qaytarılmasına dair iddia əsaslı olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1192/2020 saylı, 28.10.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar