Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-834/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh LPO Cavabdeh1 ASC-in nümayəndəsi Abışova Günay Rza qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3975/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın nisyə alqısatqı edilməsi” barədə razılaşmanın surətindən görünür ki, satıcı Cavabdeh1 ASC ilə alıcı Həsənov Miradil Hüseyn oğlu arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən əmlakı alıcının mülkiyyətinə verir, alıcı xx.xx.2019-cu il tarixdə satıcıya 40.000 manat ödəyir, yerdə qalan 80.000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixində əmlakın alqısatqısı alıcının təqsiri nəticəsində baş tutmadığı halda, alıcı tərəfindən ilkin məbləğ olaraq ödənilmiş 40.000 manatdan 10.000 manat əldən çıxmış fayda olaraq alıcıya geri qaytarılmır.
2. İş materiallarında olan mədaxil üzrə kassa orderlərindən görünür ki, Həsənov Miradil Hüseyn oğlu tərəfindən 3.000, 40.000, 39.875 və 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-yə ödənilmişdir.
3. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli, AZ-İİ № 220206 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Miradil Hüseyn oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
4. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən cavab məktubunda qeyd edilmişdi ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 3 nömrəli evin 31 saylı mənzilinin İddiaçı adına rəsmiləşdirilməsi üçün sənədlərin təqdim edilməsi, yəni alqısatqısı mümkün deyildir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin idarə heyətinin sədrinin müavini Elnur Musayevlə mərhum əri Həsənov Miradil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ASC-yə ödənilmiş 87.875 (səksən yeddi min səkkiz yüz yetmiş beş) manat pulun və iddia tələbi ilə əlaqədar ödədiyi 356 (üç yüz əlli altı) manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Həsənov Miradil Hüseyn oğlu ilə hazırda ləğv olunma prosesində olan Cavabdeh1 ASC-nin idarə heyətinin sədrinin müavini Elnur Musayev arasında ünvan 2 ünvanında yerləşən mənzilə dair “nisyə alqı-satqı müqaviləsi” adlı əqd bağlanmışdır. Həmin əqdin şərtlərinə görə satıcı Cavabdeh1 ASC-nin nümayəndəsi Elnur Musayev mərhum əri Həsənov Miradil Hüseyn oğlu ilə xx.xx.2019-cu il tarixdə bağladığı həmin nisyə alqı-satqı müqaviləsi nəticəsində Miradil Həsənov tərəfindən 87.875 manat pul Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür. Mənzilə görə qalan məbləğ xx.xx.2019-cu ilə kimi ödənilməli idi. Bundan əlavə satıcı tərəf alıcı tərəfə öhdəliyin vaxtında yerinə yetirilməyəcəyi hallarda digər sanksiyalar da müəyyən etmişdir. Lakin, buna baxmayaraq mərhum əri götürdüyü öhdəliyi vaxtında yerinə yetirsə də, sona çatdıra bilməmiş və vəfat etmişdir. Buna görə də satıcı tərəfə olan Cavabdeh1 ASC həmin mənzili mənimsəmiş və öz balansından çıxarmamışdır. Ödədikləri 87.875 manat pulu da Cavabdeh1 ASC mənimsəmişdir. Daha sonra isə Cavabdeh1 ASC ləğv edilmə prosesinə başlamışdır. Qeyd etmişdir ki, tərəflər arasında bağlanmış bu əqd qanunsuzdur və heç bir hüquqi nəticə verə bilməz. Cavabdeh1 ASC-nin idarə heyətinin sədrinin müavini Elnur Musayevlə Həsənov Miradil Hüseyn oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi etibarsızdır. İdarə heyətinin sədrinin müavini Elnur Musayevin evin alqı-satqısı ilə məşğul olmağa səlahiyyəti olmadığı halda o, HəsənovMiradil Hüseyn oğlu ilə aralarında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, həmin müqavilə ilə bank tərəfindən satıcı Elnur Musayevə səlahiyyət verilməsi müəyyən olunmur. Qeyd etmişdir ki, ipoteka predmeti olan 120.000 manat dəyərində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzilə görə ödənilməmiş qalan 32.125 manat pulun hissə-hissə ödənilməsinə ona şərait yaradılması və qalan 32.125 manat pul ödənildikdən sonra mənzilin ona satılması barədə nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan göndərilmiş 07 iyun 2022- ci il tarixli **********673 saylı məktubda heç bir tutarlı səbəb göstərilmədən ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzilin alqı-satqısının mümkün olmamasını qeyd etməklə imtina edilmişdir. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyindən 20 iyun 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. İddia ərizəsi cavabdehin hüquqi ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4558/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsində göstərilmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin, Cavabdeh1 ASC-nin nümayəndəsi Elnur Musayev qanunun bu normasını pozaraq nisyə alqı-satqı müqaviləsini bankın adından bağlasa da, həmin əqdi notariusda təsdiq etməmişdir. Təbii ki, bu əqd qanunun tələblərinə zidd olduğu üçün həmin əqddən irəli gələn bütün nəticələr də qanunsuz hesab olunur və həmin əqd məhkəmə qaydasında etibarsız hesab olunmalıdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3975/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1, 324.1, 324.2, 329.1 və 329.2, 331.1, 337.1, 337.4, 372.1, 354.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, əqdin etibrasız hesab edilməsi ilə bağlı iddia müddətini ötürmədiyi halda məhkəmə qanunsuz və əsassız olaraq iddia müddətini tətbiq etmiş, iddia tələbinin 87.875 manat və ödədiyi dövlət rüsumunun hissəsinə hüquqi qiymət verməmişdir. Əhəmiyyətsiz eqdin etibrasız neticelerinin tetbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd etdiyi kimi, Həsənov Miradil Hüseyn oğlu həyat yoldaşı olub. Onun cavabdehlə bağlamış olduğu alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə olsa da həmin müqavilədən heyat yoldaşının ölümünden sonra yeni xx.xx.2021-ci il tarixdə xəbər tutmuşdur. Ondan sonra cavabehə ərizə ilə müraciət edərək qalan pulu ödəmək şərti ilə mənzilin adına resmiləşdirilməsini xahiş etmişdir. 07 iyun 2022-ci il tarixdə ona imtina edilmişdir. Ona görə də maraqlı tərəf kimi müqaviləni diqqətlə öyrənərkən müəyyən etmişdir ki, müqavilə bağlanarkən qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdən de maraqlı şəxs kimi onun etibrasızlığını məhkəmədən xahiş etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müəddəti altı ildir. Birinci instaniya məhkəməsi iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verib iddia müddəti tətbiq edib iddianı əsassız olaraq rədd etsə də tələbin ikinci hissəsinə hüquqi qiymət verməmişdir. halbuki, MM-nin 373.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakla bağlı müqavilə tələblərinə altı illik müddət tətbiqi nəzərdə tutulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-in nümayəndəsi Abışova Günay Rza qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 6. mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 324.1. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 324.2. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
17. Maddə 329.1 və 329.2. əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
18. Maddə 331.1 yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
19. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
20. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
21. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 354.2. maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
23. Maddə 372.1. başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbində cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı əqdin etibarsız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbinin ödənilmiş pulun geri qaytarılması hissəsini ümumiyyətlə müzakirə etməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda birinci instansiya məhkəməsi iddia tələbinin ödənilmiş pulun geri qaytarılması hissəsinə qiymət vermədiyindən qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3975/2022 saylı 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər) inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İş materiallarında olan sübutlar əsasında müəyyən ediir ki, hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşı Həsənov Miradil Hüseyn oğlu ilə Cavabdeh1 ASC arasında daşınmaz əmlakın alqı-satqısına dair razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən Həsənov Miradil Hüseyn oğlu tərəfindən 87.875 manat məbləğində ödəniş edilmiş, lakin sonradan o vəfat etmiş və borcun qalan hissəsi ödənilməmiş qalmışdır. Hazırda iddiaçı həmin razılaşmanın etibarsız hesab edilməsini, mərhum həyat yoldaşı tərəfindən ödənilən pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir, iddianın rədd edilməsini məhkəmədən tələb edir.
38. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: • subyekt tərkibinə görə; • məzmununa görə; • formasına görə; iradə və iradə ifadəsinə görə.
39. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.
40. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarının möqeyindən göründüyü kimi, iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:
41. - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;
42. - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir;
43. - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;
44. - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
45. İddiaçı iddia tələbində və apellyasiya şikayətində cavabdehlə bağlanmış nisiyə alqı-satqı müqaviləsindən həyat yoldaşının ölümündən sonra yeni xx.xx.2021-ci il tarixdə məlumatlı olduğunu qeyd etsə də, kollegiya həmin dəlili inandırıcı hesab etmir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, İddiaçı xx.xx.2019cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanarkən məhz məhhum əri Həsənov Miradil Hüseyn oğlu ilə birgə ailə təsərrüfatı aparmaqla məhz ünvan 1 ünvanında yaşamışlar.
46. İş materiallarından göründüyü kimi mübahisələndirilən Razılaşma (müqavilə) Cavabdeh1 ASC ilə Həsənov Miradil Hüseyn oğlu arasında 27 iyun 2019-cu il tarixdə imzalanmışdır. Həmin müqaviləyə görə alıcı xx.xx.2019-cu il tarixdə satıcıya 40.000 manat ödəyir, yerdə qalan 80.000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə üç ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
47. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin olunmamalıdır.
48. Kollegiya iddia tələbinin Cavabdeh1 ASC-yə ödənilmiş 87.875 (səksən yeddi min səkkiz yüz yetmiş beş) manat pulun və iddia tələbi ilə əlaqədar ödədiyi 356 (üç yüz əlli altı) manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb yuxarıda qeyd edilən tələbdən (tələbin əqdin etibarsızlığı hissəsindən) aslı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən hazırkı halda iddia tələbi pulun geri qaytarılması hissəsinin təmin olunmasını mümkünsüz edir.
49. Belə ki, Cavabdeh1 ASC ilə Həsənov Miradil Hüseyn oğlu arasında bağlanmış 27 iyun 2019-cu il tarixdə müqavilə mövcud olduğu halda həmin müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması qanunvericiliyin prinsip və normaları baxımından yol verilməzdir.
50. Kollegiya eyni zamanda qeyd edir ki, iş materialları ilə tam iddiaçının mərhum əri tərəfindən 87.875 (səksən yeddi min səkkiz yüz yetmiş beş) manat pulun Cavabdeh1 ASC-yə ödənildiyi tam təsdiq olunur. Belə olan hazırkı qətnamənin mövcudluğu iddiaçının mərhum ərinin vərəsəsi olaraq müqavilənin ləğv edilməsi və pulun cavabdehdən alınmasına dair ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
51. Kollegiya həmçinin qeyd edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş (357 +180)=517 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3975/2022 saylı 24 oktyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 517 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.