Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-835/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5090/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank "xxxx" ASC ilə X5 arasında bağlanmış 12 fevral 2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsinə əsasən və 12 yanvar 2017-ci il tarixli, RHG-00001/17A saylı sonrakı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 97 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5090/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)- 330/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 97 saylı mənzili ipotekaya qoymuşdur. X2, X8, X10 və X7 11 yanvar 2017-ci il tarixli ərizələr ilə qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş və tələb ipoteka predmetinə yönəldiyi halda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüş, kredit borcu tələbi İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 97 saylı mənzilə yönəldilmiş, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan İddiaçı, X1, X4, X6 və X3 evdən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının müvafiq qərarları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin qətnamələr qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli çıxarışa əsasən, ünvan 2, 97 saylı mənzil Bank "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Hazırda qüvvədə olan həmin qətnamələrə əsasən, kredit tələbinin yönəldiyi ipoteka predmeti barədə ipoteka müqaviləsi mübahisələrilir. Beləliklə, məlum olur ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam əsasları nəzərdə tutulmuşdur: tərəflər eyni olduqda; predmet eyni olduqda; əsaslar eyni olduqda. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit və ipoteka müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, analoji işlərlə bağlı Ali Məhkəmənin mövqeyi də əhəmiyyətlidir (2(102)- 4223/2021saylı, 26.07.2021-ci il tarixli qərar). Həmin qərarında Ali Məhkəmə oxşar vəziyyətdə işin hallarından asılı olaraq ərizənin baxılmamış saxlanması və ya iş üzrə icraata xitam verilməli olmasına dair göstəriş vermişdir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi mahiyyət etibarı ilə əvvəlki iddia tələbində olan və qüvvədə olan məhkəmə aktları ilə artıq əsaslılığı yoxlanılmış ipoteka müqaviləsinin mübahisələndirilməsi ilə bağlıdır, eyni əsaslara söykənən iddia olduğundan, MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5090/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-835/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-835/2022
12.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver