Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8355/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1273/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında **********00260 saylı abonent hesabına hesablanmış 2882,70 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-xuna bağları, ev 5, mənzil 26 saylı yaşayış evində **********00260 saylı abonent hesabında sayğacdan kənar qaz xəttinin olduğu müəyyən edilmiş və cərimə yazılmışdır. Buna görə də 2882,70 manat məbləğində borcun ödənilməsi tələb edilir. Halbuki, tərəfindən bir dəfə sayğacdan kənar qaz xəttindən istifadə edilmiş və müvafiq akt tərtib olunmuş və cərimə olunmuşdur. Lakin Cavabdeh İB qanunsuz və əsassız olaraq ondan 2882,70 manat məbləğində borc tələb edir. 2019-cu ilin yanvar ayından bu yana ötən müddət ərzində eyni fotoşəkilə istinad olunaraq Cavabdeh İB tərəfindən aktlar yazılmış və cərimələr hesablanmışdır. Halbuki, o bir dəfədən artıq sayğacdan kənar xəttdən istifadə etməmişdir. Amma cavabdeh əsassız olaraq bir neçə akt tərtib edərək borc məbləğini şişirtmişdir.
3. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1273/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00260) əsassız olaraq hesablanmış 2740,50 (iki min yeddi yüz qırx manat 50 qəpik) manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Zaur Tağıyev).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1273/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya hesablanan məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. Bu hal tərəflər arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə əməl etməsinə dair sübut mövcud deyildir. Yəni, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanına **********00260 nömrəli sayğac quraşdırılmışdır.
10. Abonent saldosundan görünür ki, abonentə 2019-cu ilin fevral ayında akt tərtib edilmiş və 142,20 manat cərimə hesablanmışdır.
11. İş materiallarında olan Abonent saldosundan görünür ki, 2019-cu ilin üçün 1868,40 manat, 2020-ci il üçün 895,40 manat aktlar üzrə borc hesablanmışdır. Hüquqi dəyərləndirmə:
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
14. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-xuna bağları, ev 5, mənzil 26 saylı yaşayış evində **********00260 saylı abonent hesabında sayğacdan kənar qaz xəttinin olduğu müəyyən edilmiş və abonentə cərimə hesablanmışdır. Bu halın mövcud olması iddiaçı tərəfindən iddia ərizəsinə əsasən etiraf edilmişdir. Həmin tərtib edilmiş akt üzrə hesablanmış borc 142,20 manat olmuşdur. Lakin sonradan eyni məzmunlu aktlar tərtib edilmiş və nəticədə iddiaçıdan tələb edilən borc məbləği 2882,70 manat olmuşdur. Cavabdeh tərəfindən digər aktların tərtib edilməsinə əsas verən halları təkzib edəcək sübut məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir.
19. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, akta əsasən iddiaçıya 2740.50 manat borcun hesablanması cavabdeh orqan tərəfindən sübut edilmədiyindən iddiaçıya 2740.50 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 2740.50 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.
20. Kollegiya qeyd edir ki, həmin aktlara əsasən iddiaçıya 2740.50 manat məbləğində borcun hesablanması əsasları ilə bağlı sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının 2740.50 manat məbləğində borcunun olması halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır.
21. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Cavabdeh apellyasiya şikayətində o hala istinad etmişdir ki, İddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə əməl etməsinə dair sübutu mövcud deyildir. Yəni, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir.
25. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh pretenziya qaydası ilə bağlı tərəflər arasında olan müqaviləyə istinad etsə də, həmin müqavilə iş materiallarında aşkar edilməmişdir. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin dəlili iş materialları ilə öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
26. Odur ki, kollegiya birinci instansiya məhkəməinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya 2740.50 manat məbləğində borcun hesablanması üçün əsas olmuş halları sübuta yetirə bilmədiyindən, borcun silinməsinə dair iddia 2740.50 manat hissəsində əsaslı olmuşdur. Buna görə də iddia tələbinin qismən 2740.50 manat hissədə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-1273/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev