Məhkəmə qərarları › İş №2(103)-836/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-836/2024

16.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-836/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2023-ci il tarixli, 2(007)-37/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu M.X.Şərifli küçəsi, 2591-ci məhəllədə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591 məhəllədə yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Həmin tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları və polis işçiləri həmin ünvana baxış keçirmiş və cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməsini tələb etmişlər. Lakin Cavabdeh xidməti vəzifəsini yerinə yetirən əməkdaşların qanuni tələblərinə əhəmiyyət verməmiş və qanunsuz tikilini sökməyəcəyini bildirmişdir. Bununla əlaqədar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İnzibati protokola baxılaraq Cavabdeh 21 sentyabr 2020-ci il tarixli qərarla 500 manat məbləğində cərimə edilmiş və qərar icra edilməsi üçün protokol Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərindən aparılan tədbirlərə baxmayaraq Cavabdeh qanunsuz inşa etdiyi tikilini sökməmiş, əksinə qanunsuz tikintinin inşasını hərəkətlərini davam etdirmişdir. Buna görə də, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 2591-ci məhəllədə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(007)- 37/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

Apellyasiya məhkəməsində icraat

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 180.4-cü maddəsində göstərilir: “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” İşə baxan məhkəmə Azərbaycan Respublikasının Mülki məcəlləsinin 180.4-cü maddəsini qərar qəbul edərkən düzgün tətbiq etməmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Yuxarıda göstərilən normadan da məlum olur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyəti orqanı deyil, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur. İşə baxan məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsini düzgün tətbiq etsəydi, Bakı şəhəri İddiaçı tikintinin sökülməsi ilə bağlı iddia qaldırmaq səlahiyyətinin olmaması əsası ilə MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraaa xitam verməli idi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

7. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir;

8. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli AzərbaycanRespublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanı: 4.10. həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 55.3-cü maddəsinin üçüncü cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur; 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir; 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İşdən görünür ki, iddiaçı Bakı Şəhəri İddiaçı özbaşına inşa edilmiş tikilisinin sökülməsi barədə hazırkı iddia tələbi ilə ümumi məhkəmə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.

12. Qanunvericiliyin sadalanan normalarından görünür ki, özbaşına tikili statusunda olan tikilinin sökülməsi proseduru Şəhərsalma və Tikinti Məcəlləsinə göstərilmişdir. Belə ki, məcəlləninin 95.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

13. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli AzərbaycanRespublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanından isə müəyyən edilir ki, 95.3-cü maddədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

14. Göründüyü kimi, hazırkı iddia ilə məhkəməyə müraciət etmək səlahiyyətində olan orqan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti yox, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarındakı hüquqi mövqeyə əsasən isə, bu kateqoriya mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında yox, inzibati icraat qaydasında baxılmalıdır, şikayətin dəlilləri əsaslı olmaqla qətnamənin ləğvinə əsas verir.

17. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayətləri qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli və işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, şikayət təmin edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(007)- 37/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(007)- 37/2023 nömrəli qətnaməsi ləğv edilsin. Bakı Şəhəri İddiaçı Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar