Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8362/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(008)-3251/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 88,9 kv. m olan 11 saylı çayxana və onun 531,7 kv. m torpaq sahəsinin alğı-satqısına dair 24.05.2017-ci il tarixli, 3412 nömrəli müqavilə ləğv edilsin, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 14 900 (on dörd min doqquz yüz) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, sahəsi 88,9 kv.m olan 11 saylı çayxana və onun 531,7 kv.m torpaq sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış 24.05.2017-ci il tarixli, 3412 nömrəli alğı-satqı müqaviləsinə əsasən 24000 (iyirmi dörd min) manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış və torpaq sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 14900 (on dörd min doqquz yüz) manat ödəmiş, digər hissənin, yəni 9100 (doqquz min yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alğı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 24000 (iyirmi dörd min) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə olaraq alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 14900 (on dörd min doqquz yüz) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(008)-3251/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 88.9 kv.m olan 11 saylı çayxana və onun 531.7 kv.m torpaq sahəsinin alğı-satqısına dair 24.05.2017-ci il tarixli, 3412 nömrəli müqavilə ləğv edilsin, həmin qeyri-yaşayış və torpaq sahəsi Cavabdeh hesabına boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi qət edilmişdr. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(008)-3251/2021 saylı qətnaməsinin iddianın qismən təmin edilən hissəsində- “alğı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, həmin məbləğdən iddiaçı məhkəməyə müraciət edənədək 14900(on dörd min doqquz yüz) manat , məhkəmə ərəfəsində isə 2000 (iki min manat), cəmi 16900 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında ödənməyən borc isə “Covid – 19” pandemiyası ilə əlaqədar yaranan vəziyyətdən irəli gəlmişdir. Bu səbəbdən cavabdeh bir müddət müqavilə əsasında qalan pulu vaxtında ödəyə bilməmişdir. Hazırda cavabdehin iddiaçıya 7100 (yeddi min yüz manat) borcu qalmışdır və tez bir zamanda o, borcu ödəyəcəkdir. Bu səbəbdən iddiaçı ilə aralarında olan müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh 3000 manat da ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həblərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 24.05.2017-ci il tarixli, 3412 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 11 saylı çayxana və 531,7 kv.m torpaq sahəsini satıcı satmağı, alıcı isə 24.000 manatı 29.06.2017-ci il tarixdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. -18 yanvar 2021-ci il tarixli, **********52 nömrəli bildirişdən görünür ki, müqavilə üzrə ödənilməmiş 9100 manat vəsaiti 10 gün müddətinə ödənədiyi təqdirdə müqavilənin 3.1-ci maddəsnə əsasən həmin müqavilə xəbərdarlıq edilmədən ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. -31.03.2021-ci il tarixli, BPM**********51 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 500 manat pul vəsaiti ödənilmişdir. -27.04.2021-ci il tarixli, BPM**********94 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 500 manat pul vəsaiti ödənilmişdir. -26.05.2021-ci il tarixli, BPM**********99 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 500 manat pul vəsaiti ödənilmişdir. -25.06.2021-ci il tarixli, BPM**********06 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 500 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-inin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-nin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-nin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırması zaman müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 24.05.2017-ci il tarixdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi tam şəkildə yerinə yetirsədə cavabdeh alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 24000 (iyirmi dörd min) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyisinə dair üzərinə götürmüş olduğu öhdəliyi pozaraq, müqavilə bağlandığı tarixdən məhkəməyə müraciət edildiyi tarixədək 14900 manat məbləğində ödəniş etmiş, daha sonra isə məhkəməyə təqdim edilən qəbizlərdən o cümldən iddiaçının etirafındanda məlum olurki, əlavə 2000 mant məbləğində ödəniş etmiş hazır ki dövürdə Cavabdeh iddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 7100 manat məbləğində borcu qalaraq müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya mərhələsində təqdim etdiyi sənəddə isə 3000 manat ödəniş etməsi ilə bağlı sənəd təqdim etmişdir. Odur ki, məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəkliyinin icrası müddətində 4 ilə yaxın müddət keçməsinə baxmayarq öhdəliyini icra etməmiş, bununlada müqavilə üzrə iddiaçı ona haqqı çatanlardan məhrum olmuşdur. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozduğundan iddiaçı isə alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etdiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 88.9 kv.m olan 11 saylı çayxana və onun 531.7 kv.m torpaq sahəsinin alqı-satqısına dair 24.05.2017-ci il tarixli, 3412 nömrəli müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış və torpaq sahəsi Cavabdeh hesabına boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Kollegiya apellyatorun “Covid – 19” pandemiyası ilə əlaqədar alğı-satqı müqaviləsi üzrə ödənişləri etməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, müqavilə üzrə ödənişlər 29.06.2017-ci il tarixdən gec olmayaraq ödənilməli olduğu halda, dörd ilə yaxın müddətdə həmin pulun ödənilməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması anlamına gəlməyə əsas verir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(008)- 3251/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8362/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8362/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver