Məhkəmə qərarları › İş №2(103)-8366/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8366/2020

01.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8366/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Anar Rzayevin iştirakı ilə, İddiaçı X1 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı əmrin ləğv edilməsi işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi tələblərinə dair 2(007)-1797/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə 01.12.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Cavabdeh MTK tərəfindən verilmiş 01.11.2017-ci il tarixli, 20 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməyi və ötən müddət üçün almadığı əmək haqqının ödənilməsi, 8500 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.04.2016-cı il tarixdə Cavabdeh MTK-nın maliyyə direktoru vəzifəsinə işə qəbul edilmiş, eyni tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürən (MTK) tərəfindən ona hər ay 200 manat məbləğində əmək haqqı verilməlidir. Qeyd edilən müqavilə eyni tarixdə onun tərəfindən imzalanmış və qüvvəyə minmişdir. Bu barədə 22.06.2016-cı il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi təqdim edilmiş, yəni DSMF sisteminə 2 aydan çox müddət keçdikdən sonra işlənilmişdir. Lakin, 01.04.2016-cı il tarixdə imzalanmasına baxmayaraq əmək müqaviləsi MTK-a tərəfindən 2017-ci ilin dekabr ayının sonunda ona təqdim olunmuşdur. Bunun da təsdiqi əmək müqaviləsinə vurulmuş və 2017-ci ilin noyabr ayında hazırlanmış MTK-nın yeni möhürüdür. Deməli onu 20 ay əmək müqaviləsi olmadan işlədiblər. Təyin edildiyi vəzifədə uzun müddət işlədiyinə baxmayaraq, maliyyə çətinliklərini bəhanə gətirilərək Cavabdeh MTK tərəfindən ona əmək haqqı verilməmişdir, DSMF və Vergi orqanlarına təqdim edilmiş aylıq və illik hesabatlarda da ona əmək haqqının verilmədiyi göstərilmişdir. Bu barədə o, iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və işlədiyi dövr ərzində ödənilməyən əmək haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli, 2(007)-449/2019 nömrəli qərardadı ilə Cavabdeh MTK-ya daxil olan 94875.10 manat məbləğində vəsaitlərin üzərinə həbs qoyulması, həmin məbləğdə kassa-məxaric əməliyyatlarının qadağan edilməsi qərara alınmışdır. Bundan əlavə Cavabdeh MTK tərəfindən onun əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 6 saylı region izrə X8 tərəfindən baxılmış, əmək və məzuniyyət haqlarının ödənilməsində aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Cavabdeh MTKnın rəhbəri barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq İnzibatı xəta haqqında 18.10.2018-ci il tarixli, MN-0338784 nömrəli protokol tərtib edilmişdir. Buna baxmayaraq Cavabdeh MTK-a tərəfindən əmək və məzuniyyət haqları bu günə kimi ödənilməmişdir. Əmək qanunvericiliyi pozulmaqda davam etdiyi üçün və eyni zamanda MTK-nın işçisi kimi hazırki tarixdə DSMF-nın uçotunda göstərilib-göstərilməməsi barəsində yenidən X8 Xidmətin 6 saylı region üzrə X5 müracət etməli olmuşdur. Cavabdeh MTK tərəfindən davam edən əmək hüquqlarının pozulması barədə 13.02.2019-cu il tarixli, **********4 saylı müraciətə X8 Xidmətin 6 saylı region üzrə X8 tərəfindən baxılmış və 27.03.2019-cu il tarixli **********6/109 saylı cavab məktubu ona göndərilmişdir. Cavabda qeyd edilmişdir ki, araşdırma zamanı Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 01.11.2017-ci il tarixində Cavabdeh MTK-nın 20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarı) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı Cavabdeh MTK ilə imzalanmış əmək müqaviləsinin 9.5. bəndində Əmək Məcəlləsinin 70 “b” üzrə işçi sayı və ştat ixtisarı” cümləsi yazılsa belə həmin müqavilənin 9.2. bəndinə əsasən işəgötürən tərəfindən əvvəlcədən xəbərdar edilməlidir və yalnız tərəflərin razılığa gəldiyi halda bu dəyişiklik müqavilənin 8.2-ci bəndində qeyd olunmalıdır. Əmək müqaviləsinə xitam olunma haqqında məlumatı yalnız X8 Xidmətinin 6 saylı region üzrə X3 27.03.2019-cu il tarixli, **********6/109 saylı cavab məktubu əsasında bilmişdir. Hətta, Cavabdeh MTK-nın rəhbərlik və idarə etdiyi şəxslər tərəfindən heç bir məlumat bugünə kimi ona verilməmişdir, nə poçt vasitəsi ilə nə də rəsmi heç bir bildiriş, xəbərdarlıq, sənəd, təklif və ya razılaşma təqdim olunmamışdır. Eyni zamanda əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən o, əvvəlcədən xəbərdar olunmamış və ştat ixtisarı ilə bağlı dəyişiklik müqavilənin 8.2-ci bəndində qeyd olunmamışdır. X3 cavab məktubunda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 01.11.2017-ci il tarixində Cavabdeh MTK-nın 20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarı) onunla bağlanmış əmək müqaviləsinə 01.11.2017-ci il tarixində xitam verilmişdir. Beləliklə əvvəlcədən xəbərdarlıq və ya bildiriş verilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4, 45.2, 45.3, 46.6, 71.3, 76.2, 77.1-ci maddələri və əmək müqaviləsinin 8.2, 9.2 bəndləri kobudcasına pozularaq nəzərə alınmamışdır və belə görünür ki, əməmk qanunvericiliyi Cavabdeh MTK-ya aid deyildir və şamil olunmur. Eyni zamanda X8 Xidmətin 6 saylı region üzrə X3 27.03.2019-cu il tarixli, **********6/109 saylı cavab məktubunda qeyd edilmişdir ki, 01.04.2016-cı il tarixindən 01.04.2017-ci il tarixədək ona cəm şəkildə 4455,26 manat əmək haqqı, kompensasiya, məzuniyyət və son haqq hesab hesablanmışdır. Bəlkə də həqiqətən hesablanmışdır. Bu məbləğlərin ona verilməsi, yəni ödənilməsi, barədə Cavabdeh MTK-nın rəhbərlik və idarə etdiyi şəxslər tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bir də 01.04.2016-cı il tarixindən 01.04.2017-ci il tarixədək hesablanan məbləğ 11.2017-ci il tarixinədək, yəni cavab məktubunda qeyd olunan müqaviləyə xitam verilmə tarixinədək, yəni 7 ay üzrə əmək haqqı hesablanmamışdır. Bundan əlavə, X8 Xidmətin 6 saylı region üzrə X3 27.03.2019-cu il tarixli, **********6/109 saylı cavab məktubunda qeyd olunduğu kimi 01.11.2017-ci il tarixindən onu işdən azad ediblərsə əmək kitabçası həmin gün ona təqdim olunmalı idi, lakin bu günə kimi əmək kitabçası ona verilməmişdir. İşdən azad edilmişdirsə, onda əmak kitabçası və əmr ona niyə təqdim edilməyibdir. Qeyd edilənlərlə bağlı əmək haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər etsə də, əmək haqqı ödənilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilməmiş, işdən azad edilmə barədə əmr ona təqdim edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərardadı ilə ötən müddət üçün almadığı əmək haqqının tələb olunması hissəsində iddia ərizəsi baxılmamış saxlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)-13341/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MTK-nın 01.11.2017-ci il tarixli, 20 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (maliyyə direktoru) bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(102)-1946/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona hər hansı məlumat verməmişlər. Əmək kitabçası ona təqdim edilməmişdir. Əks təqdirdə ödənilməmiş əmək haqqı tələbi ilə bağlı ayrıca məhkəməyə müraciət etməzdi. Əmək müfəttişliyinə dəfələrlə yazılı müraciətləri olmuşdur ki, cavabdeh təşkilat ona əmək haqqı vermir. Əmək müfəttişliyinin ona cavabdından bilmişdir ki, işdən azad olunmuşdur. Həmin məlumatı alandan dərhal sonra işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin ləğvi ilə bağlı son haqq-hesab da ona verilməmişdir. Ştatın ixtisarı və işdən azad edilmə barədə əmr fərqli tarixlərdə olmuşdur. Uzun müddət işsiz qalmış, mənəvi sarsıntılr keçirmiş, ona mənəvi ziyan dəymişdir. Cavabdehin nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, 27.11.2017-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bildiriş sistemə yerləşdirilmişdir. İddiaçı özü Əmək Müfəttişliyinə dəfələrlə əmək hüquqlarının pozulması barədə müraciətlər etmişdir. Deməli işdən çıxarıldığını əvvəlcədən bilirdi. İki il keçəndən sonra işə bərpa barədə məhkəməyə müraciət edilməsi əsassızdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə 09 sentyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, İddiaçı isə işə bərpa tələbi ilə əlaqədar məhkəməyə 2019-cu ilin aprel ayında, yəni təxminən 1 il 6 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciə edə bilər. İddiaçı iddia edir ki, o, MTKda baş vermiş ştatların ixtisarı barədə xəbərdar olunmamış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən uzun müddət ərzində ona əmək haqqının ödənilməməsi barədə yazdığı şikayət X8 tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra xəbər tutmuş və yalnız bundan sonra - 17 aprel 2019-cu il tarixdə işə bərpa və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmək kitabçası və əmrin surəti işdən çıxarıldığı gün ona verilməmiş və onunla son haqq-hesab aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçı 01 noyabr 2017-ci il tarixli əmrdən sonra işə çıxmamış və əmək haqqı almamışdır. İddiaçıya həmin vaxtdan əmək funksiyalarını icra etməyə imkan verilməməsi və əmək haqqının hesablanmaması işdən azad olunması barədə nəticəyə gəlmək üçün ona əsas verdiyindən, apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə işdən çıxarılmasının iddiaçıya həmin vaxtdan məlum olub-olmamasına qiymət verməli idi. Çünki, 296-cı maddənin 3-cü hissəsi əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu günü də işçinin hüququnun pozulmasını aşkar etdiyi gün kimi müəyyən etmişdir. Göstərilən vəziyyətdə iddiaçıya işdən çıxdığı gün əmrin surətinin və əmək kitabçasının verilməməsi və eləcə də Əmək Müfəttişliyinin 27 mart 2019-cu il tarixə qədər ona ünvanlanmış məktublarında əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın əks olunmaması iddia müddətinin ötürülməməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. İşdən görünür ki, iddiaçının aylıq əmək haqqı 200 manat təşkil etmişdir. Lakin işdə olan MTK-nın maliyyə sənədlərindən görünür ki, iddiaçıya 2017-ci ilin noyabr-dekabr aylarında kompensasiya kimi 400 manat, son haqq-hesab kimi 355,26 manat hesablanmışdır. Həmin kompensasiya və son haqq-hesabın iddiaçıya ödənilməsi onun işdən azad edilməsindən xəbərdar olması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyindən, kollegiya hesab edir ki, işə təkrar baxılarkən həmin məsələyə də aydınlıq gətirilməli və iddia müddətinin ötürülüb-ötürülməməsinə həmin sübutlar baxımından da qiymət verilməlidir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh MTK-nın sədri X7 əvəz edən X9 ilə X2 arasında 01.04.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, maliyyə direktoru vəzifəsinə təyin edilmiş, işçiyə hər ay 200 manat məbləğdə müəyyən edilmişdir. Cavabdeh MTK-nın 01.04.2016-cı il tarixli əmri ilə Cavabdeh MTK-nın maliyyə direktoru vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MTK-nın 01.11.2017-ci il tarixli 20 nömrəli əmrinə əsasən, kooperativin maliyyə çətinlikləri və tikinti işləri aparılmasının dayandırılması nəzərə alınmaqla, maliyyə direktoru vəzifəsi də daxil olmaqla 5 ştatın ixtisarı aparılmışdır. xxxxxxx0001X0 nömrəli 27.11.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Cavabdeh MTK ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “27.11.2017”-ci il tarixli “xxxxxxx0001X0” nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci, Mülki Məcəllənin 21, 375.1, 375.2, 1096.1 və 1097.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mübahisələndirilən əmr 01.11.2017-ci il tarixdə imzalanmış, iddiaçı belə bir əmrin mövcudluğundan həmin ərəfədə xəbərdar olduğu halda qanunla müəyyən olunmuş 1 ay müddətində nə məhkəməyə, nə də digər orqanlara (3 ay) müraciət etməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh MTK mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, iddiaçı mənəvi zərər dəyməsi, bunun cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə məhkəməyə sübutlarlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1797/2019 saylı mülki iş üzrə 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar