Məhkəmə qərarları › İş №2(103)-837/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-837/2023

10.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-837/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğluna qarşı iş üzrə (Açar sözlər: cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğluna qarşı “cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(002)-101/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 343,70 kv.m olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1234/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı ev X2 (hazırki iş üzrə Cavabdeh1 atası) mülkiyyətində olmuş, sonuncu xx.xx.1994-cü ildə vəfat etdikdən sonra miras əmlak kimi həmin evi arvadı Saray Məmmədova və uşaqları Fərhad Məmmədov və Cavabdeh1 faktiki qəbul etmişlər. Ev mərhum X6 Məmmədovanın birgə mülkiyyəti olduğundan, sonuncunun payı 4/6 hissədə, Fərhad və Əliməmmədov qardaşlarının hər birinin payı isə 1/6 hissədə olmuşdur. xx.xx.1998-ci ildə Saray Məmmədovanın ölümündən sonra isə ondan qalmış payı faktik olaraq Cavabdeh1 qəbul etdiyindən sonuncunun payı 5/6 hissədə, Fərhad Məmmədovun payı isə 1/6 hissədə olmuşdur.

3. Beləliklə, hazırki iddianın yönəldiyi şəxslərdən Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı evin 5/6 hissədə mülkiyyətçisi, Cavabdeh2 isə onun oğludur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış üç qapının cavabdehlərin hesabına bağlanması; cavabdehlər tərəfindən ümumi istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsindən məcburi qaydada çıxarılması, inşa edilmiş hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadənin bərpa olunması; cavabdehlər tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı evə (evin arxa hissəsinə) bitişik mişar daşından inşa edilmiş əl damının, taxtadan inşa edilmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi; Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evin arxa hissəsi ilə cavabdehlərə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evi arasına sərhəd divarının (hasarın) cavabdehlərin hesabına çəkilməsi öhdəliyinin onlara həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 25 saylı mülk xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 343,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. Belə ki, həmin mülk ona anası X1 qalmışdır. Onlar həmin həyət evində 1987-ci il tarixdən yaşamışlar. Mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüləri və konfiqurasiyası evin texniki pasportuna uyğundur və Ələt qəsəbəsi Dəmiryolçular küçəsinə bir giriş-çıxış qapısı mövcuddur. Cavabdehlər ünvan 1 ünvanında, onun evinin arxa hissəsində yaşayırlar və onların Dəmiryolçular küçəçi ilə heç bir əlaqəsi olmamışdır. Cavabdehlər onun yaşadığı evə və küçəyə heç bir aidiyyəti olmadığı halda qanunsuz olaraq Dəmiryolçular küçəsinə üç giriş-çıxış qapısı açmışlar. Cavabdehlərin açdığı qapılar Dəmiryolçular küçəsinə quraşdırılmaqla onun hasarına perpendikulyar olaraq yerləşdirilmişdir, qapılar onun giriş-çıxış yoluna, yoldan istifadəyə maneçilik törədir və onu evinə sərbəst giriş-çıxışa mane yaradır. Həmin qapıların qoyulduğu yer əvvələr boş sahə olmuş və küçənin zolağına aid olmuşdur. Bundan başqa cavabdeh tərəfindən onun evinə bitişik olaraq arxa divardan daşdan əl damı, taxtadan isə toyuq damı inşa etmişdir. Əvvəllər cavabdehin evinin sərhədini bildirən onun evinin arxasında taxta hasar olmuş və arada boş sahə mövcud olmuşdur ki, həmin boş hissədə o, evinin arxasında lazım olan cari təmir işləri (sumaq vurmaq, boruların dəyişdirilməsi və s) apara bilirdi. Qaradağ Rayon Məhkəməsində olan 2(002)-95/2021 saylı mülki iş üzrə 21 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı ev fərdi yaşayış sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən bir giriş-çıxış qapısı, Dəmiryolçu küçəsində üç giriş-çıxış qapısı mövcuddur. Mübahisəli giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarına perpendikulyar olaraq yerləşir. Həmin qapının önündə qapıdan 1.7 metr aralıda ağaclar əkilmişdir. Cavabdehlər əvvəllər olmuş həmin taxta hasarı sökərək özü ilə onun evinin istinad divarını özünün bağ sahəsinə qatmışdır. Bu səbəbdən də o, evinin arxa hissəsinə keçə bilmir.

6. 10/7287 nömrəli 04 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, Ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiqat obyektinə baxış keçirilməsi barədə məhkəməyə xx.xx.2022-ci il tarixli 10/7287 saylı vəsatət göndərilmiş və tədqiqat obyektinə baxış keçirilməsi 01 mart 2022-ci il tarixinə təyin edilmişdir. Lakin həmin tarixdə tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Baxışın təxirə salınması barədə məktub bugünədək Mərkəzə daxil olmamışdır.

7. 10/3760 nömrəli 23 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, qərardadda qoyulmuş sualların həlli üçün baxış keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin olunması barədə xx.xx.2022-ci il tarixdə vəsatət verilmişdir. Göstərilən tarixdə baxış keçirilməsi üçün tədqiqat obyektinə gedilmiş, lakin Cavabdeh1 ünvana buraxmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar icra olunmadan geri qaytarılır.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-101/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hallarla bağlı yalnız başqa məhkəmə işinə aid ekspert rəyinə istinad olunmuşdur. Qeyd edilən sənəd əsasında iddia tələbinin əsası kimi istinad olunan halların-cavabdehlər tərəfindən ümumi istifadədə olan sahənin zəbt edilməsi, orada cavabdeh tərəfindən qanunsuz tikili (hasar və damın) tikilməsi, ümumi istifadədə olan yolun bağlanılması, ümumi istifadədə olan yolun istifadə olunmasına cavabdehlər tərəfindən maneçilik törədilməsi halların müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilsə də, qeyd edilən ekspertizanın keçirilməsi də mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən halların müəyyən edilməsi üçün heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Həmçinin, hazırki mülki iş üzrə MM-nin 176-ci maddəsinin də dizpozitiv şərtlərinin mövcudluğu müəyyən edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 176.1, 180.1, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı ev X2 mülkiyyətində olmuş, həmin evin A.G.Məmmədovun adına mülkiyyət kimi qeydiyyata alınması barədə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli 353 nömrəli sərəncam verilmiş, həmin sərəncama əsasən Bakı şəhəri Tİ və MHQİ tərəfindən A.G.Məmmədovun adına xx.xx.1997-ci il tarixdə MH seriyalı 088413 saylı qeydiyyat vəsiqəsi verilmişdir. A.G.Məmmədovun həmin evdə yaşayan həyat yoldaşı X5 xx.xx.1998-ci ildə vəfat etmişdir. Qaradağ RİHB-nin Ələt qəsəbə nümayəndəsi N.Mehdiyevin xx.xx.2013-cü il tarixli 2202 saylı arayışından göründüyü kimi X10 rayonu Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı evdə yaşamışdır. X4 1997-ci ildə Türkmənistan Respublikasına getmiş, bir müddət sonra cinayət əməli törətdiyinə görə həbs edilmiş, müvafiq məhkəmə aktına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müəsssisəsində xx.xx.2001-ci ildə vəfat etmişdir. Bu barədə müvafiq rəsmi sənədlər və onların Azərbaycan dilinə tərcüməsi məhkəməyə təqdim edilmişdir. İddiaçılar Türkmənistan Respublikasından qayıtdıqdan sonra mübahisəli evdə yaşamışlar. Hazırda iddiaçılar və cavabdeh mübahisəli evdə qeydiyyatdadılar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlmədikləri üçün işə onların (nümayəndəsinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

19. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

20. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

21. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

22. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

33. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi mümkün olmamışdır.

34. Mübahisənin düzgün və obyektiv həlli məqsədi ilə Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsi mümkün olmamışdır.

35. Belə ki, ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan müəyyən edilir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

36. Daha sonra ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da müəyyən edilir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

37. Kollegiyanın sorğusuna əsasən Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evinə dair texniki pasport əldə edilmişdir.

38. Kollegiya tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, Dəmiryolçular küçəsindən daxil olduqda sağ tərəfdə iddiaçıya məxsus fərdi yaşayış evi inşa edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinə aid həyətyanı sahənin bir giriş-çıxış darvazası mövcuddur. Həmin darvazanın yerləşdiyi divara perpendikulyar şəkildə daş hasar tikilmiş və həmin hasarda darvaza quraşdırılmışdır. Dəmiryolçular küçəsinin qutaracağında cavabdeh tərəfin və digər qonşunun darvazası mövcuddur. Cavabdeh tərəfə məxsus əraziyə baxış keçirlərkən cavabdeh tərəfin texniki pasportda qeyd edilən Əzizbəyov küçəsinə giriş-çıxış qapısının olduğu müəyyən edilmişdir. Həmin giriş-çıxış qapısından iddiaçı tərəfindən sökülməsi tələb edilən hasar və darvazayadək məsafə təxminən 60 metr təşkil edir (yəni, həmin məsafə təqribən cavabdehlərin evinin texniki pasportundakı məsafəyə uyğundur). Cavabdehə məxsus həyətyanı sahədə ağaclar əkilmiş, həmçinin sökülməsi tələb edilən darvazanın arxa tərəfində, həyətyanı sahənin daxilində taxta konstruksiyadan “toyuq hini” inşa edilmişdir. Həmçinin cavabdehin həyətyanı sahəsində daşdan inşa edilmiş tikili mövcuddur. Cavabdeh Əlməmməd Məmmədov həmin daş tikilidə oğlu üçün ev inşa etmək niyyətində olduğunu bildirmişdir.

39. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi daş hasar cavabdehlərə məxsus həyətin hasarı olmaqla texniki pasportda öz əksini tapmışdır.

40. Beləliklə cavabdehlərə məxsus həyətyanı sahənin ümumilikdə üç giriş-çıxış qapısı olduğu müəyyən edilmişdir. Onlardan biri texniki pasporta uyğun olaraq Əzizbəyov küçəsinə olan giriş-çıxış qapısı, digəri bu qapıdan təxminən 25 metr məsafədə qoyulmuş Dəmiryolçular küçəsi istiqamətində olan giriş-çıxış üçün darvaza, üçüncü isə iddiaçının sökülməsini tələb etdiyi onun darvazasına perpendikulyar tikilmiş hasarda olan darvazadır.

41. Yerində müayinə zamanı Əlməmməd Məmmədov iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təkrar təyin edilməsinə etiraz etdiyini və ekspertiza təyin olunacağı təqdirdə tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmayacağını bildirdi.

42. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qismən əsaslıdır.

43. Keçirilmiş yerində müayinə zamanı vizual baxış və aparılmış ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi hasar və hasarın daxilindəki ərazi cavabdehə aid texniki pasportda göstərilmiş torpaq sahəsinə daxildir (i.v.128, 182-183). Ona görə də həmin hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılması hissəsində iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

44. Bununla belə cavabdehə məxsus texniki pasporta əsasən ona məxsus ərazidə üç giriş-çıxış qapısı nəzərdə tutulmamışdır.

45. İddiaçı hər üç qapının bağlanmasını tələb etsə də, Kollegiya hesab edir ki, iddia qismən təmin edilməklə iddiaçının darvazasına açılan giriş-çıxış qapısı, yəni darvaza bağlanmalıdır. Digər iki giriş-çıxış qapısının iddiaçının mənafeyinə hər hansı xələl gətirməsi, onun üçün maneəçilik törətməsi müəyyən edilməmişdir. Yalnız iddiaçının darvazasına açılan giriş-çıxış qapısı birbaşa iddiaçının qapısına açıldığından onun sərbəst hərəkəti üçün aşkar maneə yarada bilər. Ona görə də həmin giriş-çıxış qapısı bağlanmalıdır.

46. Cavabdeh tərəfin həyətində taxtadan inşa edilmiş “toyuq hini”nin sökülməsinə münasibətdə Kollegiya iddiaçının tələbini əsaslı hesab edir.

47. Qanunvericiliyin tələbinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

48. Həyətinin geniş olmasına baxmayaraq, cavabdeh tərəfin taxtadan inşa etdiyi “toyuq hini” sanki bilərəkdən iddiaçının evinin arxa tərəfində quraşdırılmışdır ki, müvafiq iyqoxu birbaşa iddiaçının evinə daxil olsun.

49. Belə olan halda qəsdən törədilmiş təsir olduğundan Kollegiya hesab edir ki, həmin toyuq hini cavabdehlərin hesabına sökülməlidir.

50. Daşdan inşa edilmiş tikiliyə münasibətdə isə Kollegiya qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

51. Belə ki, həmin tikilinin iddiaçının hər hansı mənafeyinə toxunması müəyyən edilməmişdir. İddiaçı həmin tikilidə cavabdeh tərəfindən işlər görülməsinə, səs-küy yaranmasınə istinad etsə də, qeyd edilən hallar müəyyən edilməmişdir. İddiaçının bu tələbi əsassızdır, cavabdeh özünə məxsus həyətyanı sahədə tikili inşa etmişdir və bununla iddiaçının hər hansı hüququnu pozmamışdır, iddiaçı tərəfindən göstərilən dəlillər iddianı təmin etməyə əsas vermir.

52. Həmçinin yerli baxış zamanı müəyyən olundu ki, cavabdehə məxsus evdə həm də digər Cavabdeh2 Əlməmməd oğlu da yaşayır və qanunsuz darvazanın və toyuq hininin quraşdırılmasında bilavasitə o da aktiv iştirakçı olmuşdur.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-101/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğlu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış, yəni iddiaçının evinin darvazasının yaxınlığında perpendikulyar qaydada quraşdırılmış qapı (darvaza) cavabdehlərin hesabına bağlansın və cavabdehlər tərəfindən iddiaçının evinin arxa hissəsində özlərinə məxsus evin həyətində taxtadan inşa edilmiş toyuq damı cavabdehlərin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar