Məhkəmə qərarları › İş №2(103)-8377/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8377/2021

02.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8377/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış 1700 manat borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərov, iş № 2(006)-2780/21) iddia rədd olunmuşdur. İddiaçı narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Təchizatı və Satışı İdarəsinin qərəzli münasibəti səbəbindən Sumqayıt şəhəri, Şirvan y/s 3A ünvanında yerləşən iddiaçının evinin (kod **********01141) elektrik sayğacında istifadə etdiyi elektrik sərfiyyatına görə aylıq verilən bildirişlərlə Abunə haqqında olan göstəricilər düzgün göstərilmir. Belə ki, evinin elektrik enerjisindən istifadəyə görə sayğacda göstərilən sayğac oxunuşuna görə iddiaçının enerji təchizatı təşkilatına borcu yoxdur. Lakin Abunə haqqında sənəddə mənşəyi məlum olmayan 1700 manat borc göstərilir. 18.11.2015-ci il tarixdən 22.02.2017ci il tarixədək olan dövrdə əsassız olaraq iddiaçının evinin sayğacına görə istifadə olunan enerji sərfiyyatı iki dəfə şişirdilib. Hal-hazırda isə heç bir əsas olmadan 1700 manat Abunə hesabında borc kimi göstərilir. Göstərilənlərə əsasən iddiaçının evinin **********01141 nömrəli sayğacına istifadə etmədiyi enerji sərfiyyatına görə əsassız olaraq hesablanmış 1700 manat borcun silinməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sayğaca müdaxiləsinə görə əvvəllər akt tərtib olunmuş, bu akt isə sonradan məhkəmə qaydasında ləğv edilmişdir. Hazırda iddiaçının enerji sərfiyyatına görə "xxxx" ASC-yə borcu mövcuddur. Həmin borc limitdən artıq sərfiyyata görə yaranmışdır. Bu səbəbdən iddianı əsassız hesab edərək, rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən işin hallarının ətraflı araşdırılmaması, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə əsaslandırmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından müəyyən olunur ki, məhkəmə qətnamələri əsasında İddiaçı müxtəlif dövlərdə hesablanmış əsassız borclar silinmişdir. Hazırda abonentin aylıq elektrik enerji sərfiyyatı güzəştli limiti keçdiyi üçün, limitdən artıq sərfiyyat abunə haqqında arayışın aktlar bölməsi üzrə hissəsində borc olaraq qeyd olunmuşdur. Məsələn, 09.02.2021-11-03.2021-ci il tarixlərində limitdən artıq artıq sərfiyyat olan 2154 kVts x 0,04 manat=86,16 manat abunə haqqında arayışın aktlar bölməsi üzrə hissəsində 11.03.2021ci il tarixdə qeyd olunmuşdur. İddiaçı həmin məbləğlərin əsassız hesablandığını qeyd edərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi əsassız hesablanmış 1700 manat borcun silinməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı silinməsini tələb etdiyi borc elektrik enerjisindən limitdən artıq istifadəyə hesablanmış borcdur. Sərf olunan elektrik enerjisindən istifadəyə görə borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı olaraq hesablanmış və borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 14.2, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 9.10-cu bəndlərinə istinad etmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının ətraflı araşdırılmaması, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması barədədir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə iddianın qiyməti cəmi 1700 manat olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar