Məhkəmə qərarları › İş №2(103)-838/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-838/2024

27.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-838/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4, Cavabdeh2 ASC-in nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)-1630/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MTK tərəfindən verilən 05 sentyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 80 və 6 saylı korpusunun, B girişi, 8-ci mərtəbəsində, ümumi sahəsi 79.2 kv.m, yaşayış sahəsi 36.8 kv.m olan 2 otaqlı, 32 saylı mənzilin pay dəyərini – 17997 manat payçı İddiaçı tərəfindən ödənilmişdir və heç bir borcu yoxdur.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.06 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur.

3. İddiaçı ünvan 2 ünvanladığı və 02 iyun 2022-ci il tarixdə imzaladığı 3324 saylı ərizəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilini satmaq istəyir, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmiş, qeyd edilən məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri də ərizəsinə əlavə etmişdir.

4. 9 saylı Notariat Ofisi tərəfindən verilən arayışın surətindən görünür ki, İddiaçı tam payda xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzil barədə 02 iyun 2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb.

5. İddiaçı ünvan 2 ünvanladığı və 02 iyun 2022-ci il tarixdə imzaladığı digər ərizəsindən görünür ki, ona Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh3 106000 manata satılması barədə razılığa gəlmələrini, qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 106000 manat pul vəsaitinin 74000 manatını Cavabdeh2 ASC-nin verdiyi kredit hesabına, 32000,00 manat isə Cavabdeh3 tərəfindən ödənilməsini, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariatın depozit hesabı vasitəsilə ödənilməsi barədə qanunvericiliyinin tələbləri ona izah edilmişdir.

6. 40 saylı Notariat Ofisinə ünvanlanan 31 may 2022-ci il tarixli ərizədən görünür ki, X1 Çingiz Babacan oğlu ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir.

7. 02 iyun 2022-ci il tarixli “Alqı-satqı və ipoteka” müqaviləsiə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən Cavabdeh3 106000 manata satılmışdır.

8. 02 iyun 2022-ci il tarixli, 082-22/İ nömrəli kredit müqaviləsinə əsasən “Kreditor” Cavabdeh2 ASC tərəfindən “Borcalan” Cavabdeh3 74000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir. Kredit “Borcalan”a Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil giriş B, 32 (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********07-05301-093206 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün verilmişdir.

9. Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 32, korpus 6, giriş B (yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.06 kv.m olan mənzil 04 iyun 2022-ci il tarixdən Cavabdeh3 xüsusi mülkiyyətindədir.

10. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarına əsasən X14, Cavabdeh3, X15 və X6 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 6(005)- 49/2023 saylı qərarına əsasən İddiaçı şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X18 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 6(005)- 94/2023 saylı qərarına əsasən İddiaçı şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 aprel 2023-cü il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikasının Mərkəzi X2 01 sentyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh3 tərəfindən Müğanbank ASC-nin Universal filialına 450,44 manat standart ev ödənişi, 34,76 manat həyat sığortası üzrə ödənişi, 14,80 manat əmlak sığortası ödənişi həyata keçirmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Bakı şəhəri 9 saylı Notariat Ofisi, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 02 iyun 2022-ci il tarixli reyestr nömrəsi 4Ə-584 olan yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin, eyni zamanda Cavabdeh3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, X14, Cavabdeh3, X15, X11 və digər şəxslərlə əlbir olub Çin Xalq Respublikasından şərik qismində uşaq oyuncaqları sifariş verib gətizdirərək Bakı şəhərində satıb iddiaçıya hər ay 20000 manat qazanc təşkil edəcəyinə dair yalan vədlər verib inandıraraq bu məqsədlə sərmayə əldə etmək üçün aldatma yolu ilə onu ünvan 4 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1123, ünvan 1 72,06 kvadrat metr sahəsi olan mənzilini girov qoyub Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsindən kredit götürməyə razı salmış və 02 iyun 2022-ci il tarixdə həmin bank şöbəsində kredit sənədləşdirməsi adı ilə mənzilin alqı-satqı müqaviləsinə qol çəkdirərək iddiaçının mənzilini dələduzluq yolu ilə keçirmişlər. 02 iyun 2022-ci il tarixdə qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində Cavabdeh2 ASC-nin Nərimanov rayonu, Heydər Əliyev prospekti, 72 ünvanında yerləşən 6 saylı şöbəsində Cavabdeh2 ASC-nin əməkdaşı X15 tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci il tarixli 082-22/1 nömrəli alqısatqı və ipoteka müqaviləsinin mahiyyətini və məzmununu bilmədən həmin müqaviləni imzalamışdır. Bundan sonra X11 iddiaçıya 49000 manat pul təqdim edərək həmin vəsaitin Cavabdeh2 ASC tərəfindən ona kredit qismində verildiyini və bunun müqabilində mənzilinin bank qarşısında girov qoyulduğunu bildirmişdir. Qeyd olunan şəxslər tərəfindən aldadılmağı nəticəsində ona Cavabdeh2 ASC tərəfindən kredit vəsaitinin verildiyini düşünərək Cavabdeh2 ASC-yə 2022-ci ilin iyul ayında 509 manat, 2022-ci ilin avqust ayında 572 manat, 2022-ci ilin sentyabr ayında 525 manat, 2022-ci ilin oktyabr ayında isə 572 manat məbləğində ödəniş etmişdir. Yalnız 2022-ci ilin oktyabr ayında iddiaçıya məlum olmuşdur ki, həmin şəxslər onu aldadaraq xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1123, ünvan 1 mənzilinə dair əmlak hüquqlarını əldə etmişlər və Cavabdeh2 ASC tərəfindən tərtib olunmaqla Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 02 iyun 2022-ci ıl tarixli 082-22/İ nömrəli müqavilədə Cavabdeh3 alıcı qismində rəsmiləşdirilmişdir. Həmin faktla bağlı şikayət ərizəsinə əsasən Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rahib Əliyev tərəfindən Azərbaycan Respublikası CPM-nin 207- ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış, Cavabdeh3 və qeydlərinin əməllərində cinayət tərkibinin olmaması qənaətinə gəlinərək toplanmış material üzrə 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)-1630/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

17. Qətnamənin əsaslarına görə, iddiaçının tələbinin əsaslı olmasına dair irəli sürdüyü dəlilləri işin faktiki və araşdırılmış halları ilə uzlaşmır. İddiaçının aldadılması faktı həqiqətən də mövcud olmuşdursa və bu hal ona 02 iyun 2023-cü il tarixdə notariat əməliyyatından sonra özünə 106000 manat deyil, 49000 manat verilərkən bəlli olmuşdursa, həmin vaxt buna etiraz edərdi və dərhal da hüquqlarının pozulması ilə bağlı müvafiq hərəkətlər etməsinə heç nə və heç kim maneə olmurdu. İddiaçının ona 49000 manat verilərkən bərk həyəcanlanaraq özünü itirməsi, aldadıldığını düşünüb bərk həyəcanlandığı üçün çətinliklə avtomobili tərk etməsi və Köçəri ilə Anar adlı şəxslərin həmin vaxt ona narahat olmamağını söyləyib hər şeyin qaydasında olduğunu bildirməsinə dair göstərdiklərinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, baş verən hadisələrin sonrakı gedişatı da iddiaçının irəli sürdüyü dəlillərin əsassız olmasını təsdiq edir. Cavabdeh3 izahatından və polis orqanlarında verdiyi izahatından görünür ki, iddiaçı evini satdıqdan sonra çıxması üçün müəyyən qədər vaxt istədiyindən o, vasitəçi olan Rüfət vasitəsilə iddiaçının qaldığı müddət ərzində bankın aylıq ödənişinin sonuncu tərəfindən ödənilməsini razılaşdırmışlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən ödənişləri edərkən və ondan da əvvəl Cavabdeh3 ilə alqı-satqı və ipoteka müqaviləsi bağlaması, sonuncunun Cavabdeh2 ASC-dən 74000 manat kredit götürməsi və 32000 manatı öz şəxsi vəsaiti hesabına ödənilməsi barədə ətraflı məlumatı olması iş materiallarında olan notariat icraatındakı sənədlərin məzmunu ilə tam təsdiq edilir. İddiaçı göstərilən ödənişləri edərkən də bunun məhz Cavabdeh3 adından etməsi də ödəniş qəbzlərindən aydın görünür və iddiaçının bu fakta diqqət yetirməməsinin mümkün olmaması və ödənişi özünə münasibətdə ipoteka krediti üçün ödəməsi barədə göstərdiklərinin həqiqətə uyğun olmamasını məhkəmə xüsusilə vurğulayır. İddiaçının bu ödənişləri etməsi iddia tələblərində və polis orqanlarında verdiyi izahatın məzmununda göstərdiyi hallar üzrə olması ehtimalı nəzərə alınsa belə məhkəmə hesab edir ki, hər bir halda iddiaçı öz adına ipoteka krediti götürülməməsini və ödənişin də təyinatının öz adına olmayan ipoteka ilə bağlı olmasını bilirdi. İddiaçı bunu ona görə bilməyə bilməzdi ki, əvvəla bağladığı müqavilənin bur nüsxəsi ona təqdim edilərək məzmunu ilə tam tanış olmuş, eləcə də, sonrakı vaxtlarda hər ay ödəniş zamanı təqdim edilən qəbzdə ödənişin təyinatı, kimin adına ödənilməsi mütləq olaraq göstərilir. Həmçinin, iddiaçı polis orqanlarında verdiyi izahatında onun Cavabdeh3 adından Cavabdeh2 ASC-yə 2022-ci ilin 4 ayı ərzində 2000 manatdan çox vəsait ödəməsinə hansı məcburiyyət hallarının olmasının səbəblərini tam izah edə bilməmiş, yalnız ümumi olaraq aldadılması ilə izah etmişdir ki, onun da izahatında göstərilənlər tələbinin əsası kimi istinad etdiyi hallar ilə uzlaşmaması qeyd edildiyi kimi işin araşdırılmış halları ilə təsdiq edilir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının Cavabdeh3 adından ipoteka kreditlərinin ödəməsi faktı tərəflər arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin qanuna uyğun olmamaqla, digər bir əqdi pərdələmək, pis niyyətlə, aldadılma nəticəsində və ya hüquqi nəticələr yaradılmaması üçün bağlanılması qənaətinə gəlmək üçün hüquqi əsaslar yaratmır. Belə ki, iddiaçının mənzilinin satmaq niyyətinin olması və bu niyyətini də reallaşdırması üçün onun və həyat yoldaşının müəyyən addımlar atması işin araşdırımış halları ilə tam təsdiq edilir. İddiaçının həyat yoldaşının qeyd edilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində mənzilin satılması və ipoteka qoyulmasına dair razılıq ərizəsi verməsi onların birgə mülkiyyətləri sayılan mənzilləri satmaq niyyətlərinin bariz nümunəsidir. Satış niyyəti olmadığı təqdirdə razılıq ərizəsində yalnız ipoteka qoyulmasına razılıq verməsi qeyd edilərdi ki, ərizə bu məzmunda olduğu təqdirdə də 02 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlana bilməzdi. Mübahisələndirilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində iddiaçının həyat yoldaşı sözügedən razılıq ərizəsini təsdiq etdirərkən orada digər şəxslərin iştirak etməsi, ona hər hansı bir təsirin olması müəyyən edilməmiş ərizə müəllifi könüllü və sərbəst iradə ifadəsi əks edilmiş 30 may 2023-ci il tarixli ərizənin məzmunu ilə tam tanış olmuş, bu sənəd də 02 iyun 2023-cü il tarixdə müqavilə bağlanarkən mütləq qaydada notarius tərəfindən nəzərə alınmışdır. İddiaçının hazırki vaxta kimi mənzilində yaşamaqda davam etməsi, alıcının mənzili baxıb bəyənməməsi, mənzilin real bazar qiyməti ilə müqavilədə göstərilən satış məbləğinin uyğun olmaması, hazırki iddia veriləndən sonra ona qarşı mənzildən çıxarılmaya dair iddia qaldırılmasına kimi dəlillərinə məhkəmə qiymət verərək bu hallar qanuni əsaslarla tərtib edilmiş alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığınə əsas vermir. Belə ki, bütün bu dəlillərin əsassız olması iddiaçının mübahisələndirilən müqavilə bağlanan niyyəti və iradə ifadəsinin və sonrakı zaman ərzində (polisə ərizə verilənə kimi) davranışları mənzilinin alqı-satqı müqaviləsi yolu ilə özgəninkiləşdiriləsinə yönəldilməsi ilə təkzib edilir. İddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Onun mübahisələndirlən müqavilə bağlanarkən satış qiymətinin hansı məbləğdə olması, müqavilənin məzmununda bağlanmasının şərtlərinin nədən ibarət olması ilə məlumatlı olduğu halda, hazırda mənzilin alıcıya təhvil verməməklə, orada yaşamaqda davam etməsi, hazırki iddianı qaldırandan sonra onun mənzildən çıxarılmasına dair iddia qaldırması və digər irəli sürdüyü dəlilləri ilə hazırki iddianı qaldırması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 337, 339-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apelyasiya şikayətinin dəlillərinə görə, mənzillərin və yaşayış evlərinin alqısatqısı zamanı, alqı-satqıdan sonra satıcı satılan əmlakı dərhal alıcıya təhvil vermirsə, formalaşmış bir təcrübə və qayda var ki, bu alqı-satqı müqaviləsində öz əksini tapır və müqavilədə bunun səbəbi və konkret olaraq, hansı müddətdən sonra və hansı şərtlər daxilində mənzilin və ya yaşayış evinin satıcı tərəfindən alıcıya təhvil veriləcəyi göstərilir. Bu zaman satıcının və ailə üzvlərinin satılan mənzildən qeydiyyatdan çıxmaları da alqısatqı müqaviləsi rəsmiləşənə qədər həyata keçirilir, yəni, adətən alıcı satıcının və satıcının ailə üzvlərinin satılan mənzildən qeydiyyatdan çıxmalarına qədər alqı-satqı müqaviləsini rəsmiləşdirmir. Belə olduqda, ortaya sual çıxır ki, o və ailə üzvləri mübahisələndirilən mənzildə pasport qeydiyyatında qalmaqlarına baxmayaraq, alıcı alqı-satqı müqaviləsini rəsmiləşdirilməsinin səbəbi aydın deyil. Qətnamənin 14-cü vərəqinin yuxarıdan üçüncü abzasında göstərilir ki, “Belə ki, bütün bu dəlillərin əsassız olması iddiaçının mübahisələndirilən müqavilə bağlanan niyyəti ilə iradə ifadəsinin və sonrakı zaman ərzində (polisə ərizə verilənə kimi) davranışları mənzilin alqı-satqı müqaviləsi yolu ilə özgəninkiləşdirilməsinə yönəldilməsi ilə təkzib edilir”. Onun hansı davranışları ilə iddia ərizəsində göstərdikləri alqı-satqı müqaviləsi bağlandıqdan sonra onun ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam etməsi, mənzildən köçmək üçün, mənzildən qeydiyyatdan çıxmaq üçün heç bir hərəkət etməməsi qeyd edilmir. Hakim qətnaməsini əsaslandırmaq üçün ümumi söz yığımından istifadə edərək, bu cür açıq-aydın faktları araşdırmamış və siqqətsiz qoymuşdur. Qətnamənin 14-cü vərəqinin yuxarıdan dördüncü abzasında göstərilir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Bu izahatı o konkret sübutlarla əsaslandırmış, alqı-satqı müqaviləsi formal xarakter daşımış və müqavilə bağlanılarkən o başqa müqavilə - kredit müqaviləsi adı ilə aldadılmışdır. Hakim elə bu abzasda özü göstərir ki, “Mülki-Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır”. Elə qətnamədə bu yazılanlarla və apellyasiya şikayətində yuxarıda göstərdiklərilə onun izahatının əsaslı olması sübut olunur və bunlar məhkəmə tərəfindən qəbul edilməklə, qanuni qətnamə çıxarılmalı idi. Qətnamənin 14-cü vərəqinin yuxarıdan ikinci abzasında göstərilir ki, “İddiaçının hazırki vaxta kimi mənzilində yaşamaqda davam etməsi, alıcının mənzli baxıb bəyənməməsi, mənzilin real bazar qiyməti ilə müqavilədə göstərilən satış məbləğinin uyğun olmaması, hazırki iddia veriləndən sonra ona qarşı mənzildən çıxarılmaya dair iddia qaldırılmasına kimi dəlillərinə məhkəmə qiymət verərək bu hallar qanuni əsaslarla tərtib edilmiş alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığına əsas vermir”. O elə orada göstərilənlərlə sübut edir ki, alqı-satqı və ipoteka müqavilələri bağlanarkən aldadılmış və bu hallar da onun aldadılmağın sübutu kimi ayrı-ayrılıqda ilkin instansiyada araşdırılmalı idi. Qanunun bu maddələrindən məlum olur ki, ona kredit verilməsi adı ilə Cavabdeh3 adına bağlanmış alqı-satqı, ipoteka və kredit müqavilələri öz məzmunlarındakı iradə ifadəsini əslində ehtiva etmir, kredit müqaviləsinə görə tərəf Cavabdeh3 olmasına baxmayaraq, kredit ödənişlərinin bank işçiləri tərəfindən məndən tələb olunması bunu tam şəkildə sübut edir və bu müqavilələr əslində məzmunlarında göstərilənləri yox, yəni kreditin Cavabdeh3 deyil, mənə verilməsini pərdələyir. İlkin instansiyada da işə baxılarkən bildirilmişdir ki, 9 saylı Notariat Ofisindən göstərilən müqavilələr təsdiqlənərkən aparılmış videoçəkilişin görüntüləri alınarsa, onun notariat ofisində heç bir sənəd imzalamadığım təsdiq olunar. Lakin ilkin instansiya tərəfindən bu barədə verilmiş vəsatət müzakirəsiz qalmışdır və təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsindən bu görüntülərin alınmasını xahiş edir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hakimin cavabdehlərin məhkəməyə heç bir tutarlı sübut təqdim etməmələrinə baxmayaraq, onların xeyrinə qərar verməsi onun işin nəticələrində “maraqlı” olmasına və işə birtərəfli qaydada baxmasına sübutdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı, onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

23. Cavabdeh2 ASC-in nümayəndəsi X7 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

26. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarı: “Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Apelyasiya şikayətinin mənzillərin və yaşayış evlərinin alqı-satqısı zamanı, alqısatqıdan sonra satıcı satılan əmlakı dərhal alıcıya təhvil vermirsə, formalaşmış bir təcrübə və qayda var ki, bu alqı-satqı müqaviləsində öz əksini tapır və müqavilədə bunun səbəbi və konkret olaraq, hansı müddətdən sonra və hansı şərtlər daxilində mənzilin və ya yaşayış evinin satıcı tərəfindən alıcıya təhvil veriləcəyi göstərilir. Bu zaman satıcının və satıcının ailə üzvlərinin satılan mənzildən qeydiyyatdan çıxmaları da alqı-satqı müqaviləsi rəsmiləşənə qədər həyata keçirildiyi dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki vaxta kimi mənzilində yaşamağa davam etməsi, alıcının mənzli baxıb bəyənməməsi, mənzilin real bazar qiyməti ilə müqavilədə göstərilən satış məbləğinin uyğun olmaması, hazırki iddia veriləndən sonra ona qarşı mənzildən çıxarılmaya dair iddia qaldırılması kimi dəlillər alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığına əsas vermir.

33. Belə ki, iddiaçının özü də apellyasiya şikayətində qeyd edir ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin iddiaçının və ailə üzvlərinin mübahisəli mənzili könüllü olaraq boşaltmamaları nəticəsində cavabdeh göstərilən hüquqlarını həyata keçirə bilməmiş və mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan həmin mənzildən iddiaçının və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsini və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur

34. Müqavilə bağlanılarkən cavabdeh tərəfindən müqavilənin bağlanması məqsədi ilə iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır

35. İş materiallarından da müəyyən olunduğu kimi, iddiaçının həyat yoldaşının qeyd edilən müqavilə bağlanana 3 gün qalmış digər notariat ofisində mənzilin satılması və ipoteka qoyulmasına dair razılıq ərizəsi verməsi onların birgə mülkiyyətləri sayılan mənzilləri satmaq niyyətlərinin bariz nümunəsidir. Satış niyyəti olmadığı təqdirdə razılıq ərizəsində yalnız ipoteka qoyulmasına razılıq verməsi qeyd edilərdi ki, ərizə bu məzmunda olduğu təqdirdə də alqı-satqı müqaviləsi bağlana bilməzdi.

36. Apellyasiya şikayətinin iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı mövcud sübutlarla təsdiq edildiyindən yetərli sübut kimi qəbul edilməli olduğu dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, Mülki-Prosessual qanunvericiliyin tələblərinə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçının iddiaçının izahatı formal mülahizələrə əsaslanmış və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.

37. Apellyasiya şikayətinin bir digər dəlilini işə birinci instansiya məhkəməsində baxılarkən 9 saylı Notariat Ofisindən göstərilən müqavilələr təsdiqlənərkən aparılmış videoçəkilişin görüntülərinin əldə olunması barədə verilmiş vəsatətin təmin olunmadığı və apellyasiya instansiyası məhkəməsindən bu görüntülərin alınmasını xahiş etməsi təşkil edir.

38. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən həmin video görüntülərin əldə edilməsi mqəsədilə məhkəmə tərəfindən ünvan 2 və ləğv prosesində olan Cavabdeh2 ASC-yə sorğu ünvanlanmışdır. Lakin sorğoya cavab olaraq bildirilmişdir ki, notariat ofisində notariat əməliyyatlarının çəkilən video görüntülərinin qalıcılığı təxminən 1 ay təşkil etdiyindən video görüntülərin təqdim edilməsi mümükünsüzdür.

39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)- 1630/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(005)- 1630/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar