Məhkəmə qərarları › İş №2(103)-839/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-839/2021

27.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-839/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 2547/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən e t d i: İddiaçı “Binəqədi Oyl Kompani” şirkəti Mehdiyev Araz Yusif oğluna qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin tikili Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir, cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışdır. Tikilinin nə vaxt inşa edilməsi barədə məlumatları yoxdur. İddiaçı əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması isə iddiaçının hüquqlarını pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-2547/20) iddia təmin edilərək Cavabdeh oğlunun “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordiatları və Şirkətin saziş ərazisi hüdudları, 2 saylı mədənin 1-ci sahəsi daxilində şirkətin saziş ərazisi hüdudları daxilində, Mehdiabad qəsəbəsi, 0090, mənzil 4652 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin Mehdiyev Araz Yusif oğlunun hesabına sökülməsi və tikilinin yerləşdiyi ərazinin boşaldılaraq “Binəqədi Oyl Kompani” Şirkətinə qaytarılması qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üzrlü səbəblərdən məhkəmə baxış iclasında iştirak edə bilmədiyindən iş üzrə əhəmiyyətli faktlar barədə izahat verə bilməmişdir. O, iş üzrə cavabdeh, əsl tərəf deyil. Mübahisələndirilən ünvan və tikilinin ümumiyyətlə ona heç bir aidiyyəti, faktiki və hüquqi bağlılığı yoxdur. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsi K.Hacıyevin izahatını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2547/20 saylı qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İddiaçının tələbi cavabdehin özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması barədədir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Mehdiabad qəsəbəsində yerləşməklə Bakı şəhəri Binəqədi rayonunun deyil, Abşeron rayonunun inzibati ərazisinə daxildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusuna Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 02/12-xxxx/1991 saylı və xx xxxxxx 2020-ci il tarixli 02/12-xx-xx/2088 saylı cavab məktublarında da mübahisəli sahənin və özbaşına tikilinin Abşeron rayonunun inzibati sərhədləri daxilində yerləşdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi aidiyyətinə (müstəsna aidiyyət) əməl olunması ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Aidiyyət qaydalarına dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə prosesi ərazidən asılı olaraq müvafiq prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin müəyyən olunmuş qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddiaya Abşeron rayon məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadığından, həmçinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi səbəbindən məhkəmə icraatı aidiyyət qaydalarının pozulması ilə aparılmış və qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2547/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2547/20 saylı qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar