Məhkəmə qərarları › İş №2(103)-8394/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8394/2021

27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8394/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3435/2021 saylı mülki iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən akta əsasən hesablanmış 480 AZN məbləğində cərimənin qanunsuz hesab edilərək silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.12.2018-ci ildə köhnə sayğac xarab olduqdan sonra o yazılı surətdə Suraxanı rayonu.ş qaz idarəsinə sayğacın dəyişdirilməsi haqqında müraciət etmişdir. Qaz idarəsinin əməkdaşları bir müddət sonra gəlib sayğacı dəyişdirmişlər. 2020-ci ilin noyabr ayında karta yerləşdirdiyi məbləğdən sonra aşkar etmişdir ki, ona cərimə hesablanıb. Suraxanı rayon Qaz idarəsinə müraciət edərkən sonra bilmişdir ki, sayğaca müdaxiləyə görə ona 480 AZN məbləğində cərimə hesablanıb. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(010)-3435/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının istifadəsində olan GPG10080611 saylı sayğaca (abonent kodu: **********00020) hesablanmış 456.80 (dörd yüz əlli manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, 1-ci instansiya məhkəməsi istehlakçının təqsiri sübuta yetirilmədiyinə görə iddianı təmin etmişdir. Lakin təqsirli tərəfin müəyyən edilməsi cavabdehin funksiyalarına aid deyildir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(010)-3435/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* saylı, 10.12.2018–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi nazazlıq göstərilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 28.02.2019-cu i tarixli “Akt”dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacının labaratoriya yoxlanışı zamanı sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “İtirilmiş təbii qazın dəyərinin hesablanması komisiyasının 28.02.2019-cu il tarixli aktından görünür ki, istehlakçı kimi Hilalov Elvinin göstərildiyi **********00020 saylı abonent kodu üzrə qaz sayğacına kənar müdaxilənin nəticəsi kimi itirilmiş qazın dəyəri cəmi 4860 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı Regional Qazın satışı Departamentinin İddiaçı ünvanladığı 21 dekabr 2020-ci il tarixli xəbərdarlıqda qeyd olunmuşdur ki, İddiaçı 16.12.2020-ci il tarixinə istehlakçı hesabında 474.30 manat borcu mövcuddur və ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası iddianın qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan 25.02.2021-ci il tarixli, saldodan görünür ki, iddiaçının istifadəsində olan, GPG10080611 saylı, **********00020 nömrəli abonent kodlu sayğac üzrə 456.80 manat borcu vardır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı qismən edərək 456.80 manat məbləğində borcun silinməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-3435/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar