Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-84/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk(birinci) iddia üzrə cavabdeh, digər(ikinci) iddia üzrə iddiaçı Cavabdeh vəkili X6, digər(ikinci) iddia üzrə cavabdeh X7 və onun vəkili və nümayəndəsi Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-1108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx xxxx 2007-ci il tarixli 376 saylı podrat müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(008)- 8275/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 376 saylı podrat müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli xəbərdarlıq bildirişləri (məktubları) ona təqdim olunmamışdır. Habelə, məhkəmə qətnamə qəbul edərkən şahid qismində ünvan 1 ünvanında 5 saylı binanın 72 saylı mənzilində yaşayan vətəndaş X9 ifadəsinə əsaslanmışdır. Həmin şahid ifadəsində bildirmişdir ki, onun yaşadığı bina 2012-ci il tarixdən “xxxx” MMC tərəfindən ona təhvil verilmişdir. Lakin iddiaçının həmin binadakı digər sakinlərə hər hansı mənzili təhvil verməsi onun da həmin binada müqavilədə nəzərdə tutulan mənzili təhvil almağına dəlalət etmir. Ona görə də, qeyd edilən şahid ifadəsi hazırkı mülki iş üzrə mübahisələndirilən faktı düzünə və ya dolayı təsdiq və ya inkar etmədiyindən onun sübut kimi qiymətləndirilməsi və işin faktiki hallarının müəyyən olunması zamanı rəhbər tutulması əhəmiyyətsizdir. Həmçinin məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərkən müqavilə üzrə podratçı olan iddiaçı “xxxx” MMC-nin həmin müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyini, müqavilənin 2.1-ci bəndini və Mülki Məcəllənin 562.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh məhz podratçı tərəfindən iş dayandırıldığı və müqavilə öhdəliklərinin icra olunmadığı üçün ödənişi dayandırmış və haqlı olaraq podratçıdan işi davam etdirib vaxtında təhvil verməyi tələb etmişdir. Məhkəmə isə 2007-ci ildə başlanmış işin hal-hazırkı günə qədər başa çatdırılmamasını əsassız olaraq nəzərə almamışdır. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 445.4, 372 və 373-cü maddələrinin tələblərini nəzərə almamışdır. İddiaçı “xxxx” MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək işini yekunlaşdırarsa və müqavilənin 6.2.4 və 6.2.5-ci maddələrində nəzərdə tutulan öhdəliklərini tam və keyfiyyətli şəkildə yerinə yetirərsə, cavabdeh öz üzərinə düşən öhdəlikləri icra edərək qalıq pulu ödəməyə hazırdır. Müqavilənin 6.2.4-cü maddəsinə görə tikilən yaşayış binası müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməlidir və tikinti qurtardıqda podratçı ona mənzilə sahiblik haqqında şəhadətnamə sənədlərini təhvil verməlidir. Lakin qeyd edilən işlərin heç biri yerinə yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5914/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Tərəflər həmin qətnamədən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Daha sonra iş üzrə tərəf olmayan X7 həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və sonuncuya işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra, X2 Məhkəmənin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsindən təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri xx xxxxx 2018-ci il tarixdə təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəsməsinin 2(102)-3892/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5914/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 2(102)-3892/2018 saylı xx xxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, R.U.Dəmirçiyev tərəfindən verilmiş ərizəyə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdehlər İddiaçı-yə və X4 qarşı iddia qaldıraraq İddiaçı ilə X7 arasında Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 5 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində olan 197 №-li, 172.7 kv.m olan 4 otaqlı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli, 1356 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında olan müqavilənin etibarsız hesab edilməsini, onun həmin mənzilə köçürülməsini xahiş etmiş və onun iddiası təmin edilmişdir. R.U.Dəmirçiyev göstərmişdir ki, iddiaçı Cavabdeh yuxarıda qeyd olunmuş iddia tələbi ilə müraciət edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsinə istinad etmişdir. İşə Cavabdeh iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən o, yuxarıda qeyd olunan, Cavabdeh istinad etdiyi qətnamələrdən xəbər tutmuşdur. Belə ki, o, işə Sabunçu Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılarkən cəlb olunmamışdır, ümumiyyətlə icraatla bağlı məlumatsız olmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi birbaşa onun maraqlarına toxunduğu üçün həmin qətnamədən təqdimat verilməsini xahiş etmişdir. Digər(ikinci) iş üzrə iddiaçı Cavabdeh İddiaçı-yə qarşı iddia ərizəsi daha sonra iddia ərizəsinə əlavə verərək İddiaçı ilə X7 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 5 saylı çoxmənzilli yaşayış binasının blok V, Vİ mərtəbəsində olan 197 №-li, 172.7 m2 olan 4 otaqlı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli, 1356 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında olan müqavilənin etibarsız hesab edilməsi, X3 həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1108/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X7 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 5 saylı çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində olan 197 saylı, 172.7 m2, olan 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli, 1356 saylı müqavilənin etibarsız hesab edilməsi, X3 Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa olunan. 5 saylı çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində olan 197 saylı, 172.7 kv.m olan, 4 otaqlı mənzildən çıxarılması və Cavabdeh həmin mənzilə köçürülməsi, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1356 saylı müqavilə üzrə ödənilmiş 140.000 (yüz qırx min) manat İddiaçı-dən alınaraq X4 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,əslində iddiaçı Cavabdeh qeyd olunan iddia tələbini irəli sürmək hüququ yoxdur. Çünki, onunla "xxxx" MMC arasında olan müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qətnamədən cavabdeh X7 da apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təmir etdirib və hazırda yaşadığı ünvan 2 mənzil 197, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 1356 saylı Müqavilə əsasında, dəyərini tam ödəməklə vicdanlı alıcı kimi əldə etmişdir. Təmirsiz və istifadədə olmayan vəziyyətdə əldə etdiyi həmin mənzilin əvvəllər kimə satılması barədə məlumatı olmamışdır. xx.xx.2017-ci il tarixində Xətai Rayon Məhkəməsində ona qarşı qaldırılan iddia üzrə keçirilən məhkəmə iclasında ona məlum olmuşdur ki, hazırda sahibliyində və istifadəsində olan mənzilə dair iddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixli 376 saylı Müqavilə bağlanılmış, lakin Cavabdeh müqavilə üzrə mənzilin dəyərini ödəmədiyi üçün müqavilənin şərtlərinə uyğun olaraq onunla bağlanmış müqaviləyə xitam verilmiş, onun qismən ödədiyi pul depozit hesaba qoyularaq ona bu barədə məlumat verilmişdir. Mənzil tərəfindən təmir olandan sonra Cavabdeh mənzili geri qaytarmaq niyyətinə düşmüş və podratçı İddiaçı-yə gələrək mənzili tələb etmişdir. Yaranmış mübahisələrə görə, podratçı Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçınin iddiası təmin edilmiş, Cavabdehla bağlanmış müqavilə ləğv edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5914/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı-nin iddiası rədd edilmişdir. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. İşə baxan məhkəmələr onu işə cəlb etməmişlər, onun məlumatı olmadan işə baxıb qərar qəbul etmişlər. Hazırkı işə baxılan zamanı apellyasiya məhkəməsinin qətnaməsindən məlumatlı olmuş və dərhal həmin qətnamədən kassasiya şikayəti vermişdir. ünvan 2 ünvanında yerləşən 197 saylı mənzilə dair onun müqaviləsi vardır. İddiaçı Cavabdeh fərqli olaraq o, həmin mənzilin dəyərini tam şəkildə ödəmiş və onun müqaviləsinə xitam verilməyib. İddiaçı Cavabdeh imzaladığı Müqavilənin 6.2.6-cı bəndi ilə razılaşaraq, qəbul etmişdir ki, mənzil tikintisi ilə əlaqədar onun tərəfindən muzd vaxtında və ödəmə şərtlərinə uyğun ödənilməzsə, cavabdeh İddiaçı-nin onu xəbərdarlıq etmədən həmin Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququnu tanıyır. Bundan başqa iddiaçı Cavabdeh imzaladığı Müqavilənin 9.1.1-ci bəndi ilə razılaşaraq, qəbul etmişdir ki, tikinti işlərinin ödəmə haqqının (muzdun) vaxtında onun tərəfindən ödənilməməsi Müqaviləyə xitam verilməsi üçün əsasdır. Həmçinin, iddiaçı Cavabdeh imzaladığı Müqavilənin 9.1.3-cü bəndi ilə razılaşaraq, qəbul etmişdir ki, müqaviləyə xitam verildiyi halda onun yalnız İddiaçı-dan ödədiyi pulu tələb etmək hüququ vardır. Lakin iddiaçı Cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuş, ödənişləri etməmiş və dəfələrlə ona edilmiş xəbərdarlıqlara (xx.xx.2014, xx.xx.2015) məhəl vermədiyi üçün onunla bağlanmış müqaviləyə xitam verilmiş, ödədiyi pul depozit hesaba köçürülmüş və bu barədə ona məlumat verilmişdir. Sonradan cavabdeh “xxxx” MMC onunla yeni müqavilə bağlamış və o, mənzilin dəyərini tam ödədiyi üçün həmin mənzili ona təhvil vermişdir. Təəssüflər olsun ki, işə baxan Xətai Rayon Məhkəməsi heç bir əsas olmadan onunla bağlanmış müqaviləni qanunsuz olaraq etibarsız hesab etmişdir. Bununla da, Xətai Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 33-cü maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinin, habelə həmin Məcəllənin 14-cü (Əqdlərin etibarsızlığı) fəslində əks olunmuş maddələrini tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8856/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat, Bakı Ağır Cinayətlər məhkəməsində “İddiaçı" MMC-nin vəzifəli şəxsləri X14 və X8 Azərbaycan Respublikası CM-in 178.2.1.178.2.2. 178.2.3, 178.2.4, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-84/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X3 vəkili və nümayəndəsi Maraqlı şəxs ərizəsinə əsasən mülki işin icraatı təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-84/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş iddiaçı Cavabdeh “xxxx” MMC-yə və X5 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında ilk(birinci) iddia üzrə cavabdeh, digər(ikinci) iddia üzrə iddiaçı Cavabdeh vəkili X10 ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, eyni zamanda digər(ikinci) iddia üzrə cavabdehlər “xxxx” MMC-nin və X1 apellyasiya şikayətlərinin rədd edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1108/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında digər(ikinci) iddia üzrə cavabdeh X7 özünün verdiyi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, yaşadığı başqa bir mənzili satıb mübahisə predmeti olan mənzili 140000(yüz qırx min) manata almışdır. Bu mənzili alarkən MMC-nin kitabçalarında həmin mənzilin qabağı boş idi. Mənzilin hər hansı bir problemi olmadığı barədə də ona inandırdılar. Başqa cür necə dəqiqləşdirə bilərdi ki, bu mənzilə dair əvvəllər başqa müqavilə olmuşdur. Mənzilin təmirinə və əşyalarına 100 000(yüz min) manat xərc çəkmişdir. Bu cür vəziyyətdə onu həmin mənzildən necə çıxartmaq olar. Məhkəmə iclasında digər(ikinci) iddia üzrə cavabdeh X7 və onun vəkili və nümayəndəsi Maraqlı şəxs da təmsil etdiyi şəxsin və MMC-nin şikayətlərinin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında İddiaçı-yə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk(birinci) iddia üzrə Cavabdeh apellyasiya şikayəti qismən, digər(ikinci) iddia üzrə isə İddiaçı-nin və X3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri tam təmin edilməlidir. Belə ki, işdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli fərdi mənzil tikintisi haqqında 376 saylı müqavilə bağlanmış və İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 5 saylı çoxmənzilli yaşayış binasının blok V, Vİ mərtəbəsində olan 197 No-li, 172.7 m2 olan 4 otaqlı mənzili 24 ay müddətinə tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi də öz növbəsində mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 96380,41 manat müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 70720 manat ödəmiş, 25660,41 manatı isə ödəməmişdir. Həmçinin, “İddiaçı» MMC ilə X7 arasında fərdi mənzil tikintisi haqqında xx.xx.2016-cı il tarixli 1356 saylı müqavilə bağlanmış və İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 5 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində olan 197 Noli, 172.7 m2 olan 4 otaqlı mənzili tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi də öz növbəsində mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. X7 tərəfindən 140000 manat pul İddiaçı-nin hesabına ödənilmiş və mənzilə görə borcu qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərilən dəlillər ilk(birinci) iddia üzrə qətnamənin ləğv edilməsi üçün əsas olsa da, həmin iddianın rədd edilməsi üçün əsas deyil, digər(ikinci) iddia üzrə isə “İddiaçı» MMC və X3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri həmin iş üzrə çıxarılan qətnamənin ləğv edilməsi və Cavabdeh iddiasının rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk(birinci iddia) iddia üzrə Cavabdeh apellyasiya şikayətinin obyektini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Digər(ikinci iddia)iddia üzrə “İddiaçı» MMC və X3 apellyasiya şikayətlərinin obyektini isə Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-1108 saylı xx xxxxxx 2018-ci il birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamələr mübahisələndirilən hissələrdə yoxlanılır. Hazırki iş üzrə, ilk(birinci) iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da, digər(ikinci) iddianın isə faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəmələrinin müvafiq olaraq iş üzrə gəldikləri nəticə düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, ilk(iddia) üzrə iddiaçı iddia ərizəsinin nəticə hissəsində xx xxxx 2007-ci il tarixli 376 saylı podrat müqaviləsinin ləğv olunmasının qeyd olunması iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Hazırki birinci iş üzrə də əslində iddiaçının niyyəti müqavilənin ləğvi deyil, müqavilədən imtina olmuşdur. Çünki, iddiaçıya da məlumdur ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin bir qismini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan qiymətdən 70720 manatı ödəmişdir. Belə olan vəziyyətdə müqavilənin ləğv edilməsi deyil, müqavilədən imtinadan söhbət gedə bilərdi. Lakin birinci instansiya məhkəməsi podrat müqaviləsinin ləğv edilməsi qənaətinə gəlsə də tərəfləri əvvəlki hüquqi vəziyyətinə qaytarmamış, başqa sözlə cavabdehin ödəiyi pulun geri qaytarıması barədə qərar qəbul etməmişdir. İşin müəyyən edilmiş hallarına podrat müqaviləsinin (MM-nin 752.1-ci və 752.2-ci maddələrini) normaları tətbiq edildikdə aydın olur ki, həm Cavabdeh, həm də Raman Dəmirçiyevə münasibətdə İddiaçı podratçı kimi çıxış edir. İddiaçı kooperativ deyildir, məhdud məsuliyyətli cəmiyyətdir, müvafiq olaraq qanunvericiliyin kooperativlər haqqında normaları hazırki mübahisənin həllində tətbiq edilə bilməz, o cümlədən tərəflər arasında bağlanmış podrat müqavilələrinə əsasən şərtləşdirilmiş müzdun sifarişçilər tərəfindən qismən yaxud tam ödənilməsi 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə əsasən müqavilə üzrə hazırlanmış məmulata-mənzilə onların mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas sayıla bilməzdi. Həmin dövrdə qüvvədə olan o normaya görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin hazırlanacaq məmulat-daşınmaz əmlak olan mənzil sahəsi əvəzedilməz əşya olduğuna görə Mülki Məcəllənin 567-ci maddəsinin tətbiq olunması həmin Məcəllənin 752.2-ci maddəsinin 2-ci hissəsinə görə(əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq olunur) istisna olunur. Podrat müqaviləsinin predmeti olan mənzil sifarişçi Cavabdeh məxsus olması, onun mülkiyyəti hesab olunması üçün həmin obyekt inşa olunmalı və Mülki Məcəllənin 752.2-ci maddəsinin tələblərinə əsasən ona verilməlidir. Hazırlanmış məmulatın sifarişçiyə təhvil verilməsinin sifarişçinin həmin məmulata hüququn əmələ gəlməsini təsdiq edən haldır, bu baxımdan da həmin halın müəyyən edilməsi hazırki mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Lakin işdən göründüyü kimi mübahisə predmeti olan mənzil Cavabdeh heç vaxt təhvil verilməmiş, əksinə Raman Dəmirçiyevə təvil verilmiş və sonuncu da mülki dövriyyənin vicdanlı iştirakçısı kimi bu mənzili təmir edərək bugünədək ailəsi ilə birgə həmin mənzildə yaşayır. Ona görə də Xətai Rayon Məhkəməsi iş üzrə yekun nəticəyə gəlməzdən əvvəl qeyd olunan bu halları nəzərə almalı idi. Bundan əlavə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan mənzil fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm Cavabdehla, həm də Raman Dəmirçiyevlə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MMC mənzili əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni Raman Dəmrçiyevə vermişdirsə, onda Cavabdeh mübahisə predmeti olan mənzili tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448). Bundan başqa, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-930 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından(Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünü dəyişdirilmədən, apellyasiya şikayətlərini isə təmin edilmədən saxlayan qərar) görünür ki, X18, “xxxx” MMC-nin təsisçisi və fəaliyyətinə rəhbərlik edən təşkilati-sərəncamverici, inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən səlahiyyətli vəzifəli şəxs kimi, cəmiyyətin direktoru X11(hər iki müqaviləni imzalayan cavabdeh cəmiyyətin direktoru) ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girib, öz qulluq mövqeyindən, yəni “xxxx” MMC ilə “X21 Ltd” MMC arasında bağlanmış xx xxxxxxx 2004-cü il tarixli podrat müqaviləsinə əsasən ünvan 3 ünvanlarında yerləşən otuz yeddi girişli 16 mərtəbəli yaşayış binasının tikintisini aparmaqla onu vaxtında və keyfiyyətli, tikinti qaydalarına əməl etməklə başa çatdırmaq, mənzillərin satışını, o cümlədən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək və sair səlahiyyətlərindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, qeyd olunan yaşayış binasının 5-ci giriş, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 172,7 kv.m. olan 197 nömrəli mənzili “xxxx” MMC ilə bağlanmış xx.xx.2007-ci il tarixli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 376 №-li müqavilə ilə mənzilin dəyərinin 31 faizi ilkin, qalan hissəsinin 23 ay müddətinə ödənilmək şərti ilə ümumilikdə 96380,41 manata Cavabdeh satmağa razılaşaraq, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik qismən, yəni 2007-ci ilin aprel ayından 2008-ci ilin noyabr ayına kimi olan müddətdə Cəmiyyətin ünvan 4 F ünvanında yerləşən ofisində ona cəmi 70720 manat ödəniş edildiyinə görə xx.xx.2007-ci il tarixli 376 №-li müqavilənin 9.1.1 və 9.1.3-cü bəndlərində nəzərdə tutulmuş-“sifarişçi” tikinti işlərinin ödəmə haqqını vaxtında ödəmədiyi halda müqaviləyə xitam verməklə, satışdan əldə olunan pulu ilkin alıcıya qaytarmalı olduğu halda, müqaviləni bir tərəfli qaydada xitam etməklə həmin mənzili xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 1356 №-li müqavilə ilə X4 140000 manata sataraq Cavabdeh aldığı 70720 manat məbləğində pulu qaytarmayıb, sonuncuya məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə MMC-nin rəhbərliyi tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməklə mübahisəli mənzilin Raman Dəmirçiyevə satmaqla Cavabdeh qarşı dələduzluq cinayəti törədildiyi, yəni cinayət işi üzrə sonuncu zərər çəkdiyi müəyyən olunmuş və buna görə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ Cavabdeh izah edilmişdir. Göstərilənlərdən əlavə, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, Raman Dəmirçiyev mübahisə predmeti olan mənzili əldə etdikdən sonra təmir etmiş və uzun illərdir ki, həmin mənzildə ailəsi ilə birgə yaşayır. Bu cür vəziyyətdə onun qeyd olunan mənzillə bağlı bağladığı müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan bu halları nəzərə almamış və iş üzrə həm də ədalətliliyi təmin etməyən nəticəyə gəlmişdir. Çünki, hüququn ali məqsədi elə ədalətliliyi təmin etməkdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk(birinci) iddia üzrə cavabdeh, digər(ikinci) iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən, digər(ikinci) iddia üzrə cavabdeh X3 və ilk(birinci) iddia üzrə iddiaçı, digər(ikinci) iddia üzrə isə cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri isə tam təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-1108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnamələri ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli; İddiaçı məhdud məsuliyyətli cəmiyyətin Cavabdeh qarşı podrat müqaviləsin(dən)in ləğv(imtina) edilməsinə dair iddiası təmin edilməli; İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında olan xx xxxx 2007-ci il tarixli 376 saylı podrat müqaviləsi(ndən) ləğv(imtina) edilməli; 70720(yetmiş min yeddi yüz iyirmi) manat İddiaçı məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Cavabdeh qaytarılmalı; Cavabdehlər X4 və İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələblərinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk(birinci) iddia üzrə cavabdeh, digər(ikinci) iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən, digər(ikinci) iddia üzrə cavabdeh X3 və ilk(birinci) iddia üzrə iddiaçı, digər(ikinci) iddia üzrə isə cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri isə tam təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli və Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-1108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnamələri ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məhdud məsuliyyətli cəmiyyətin Cavabdeh qarşı podrat müqaviləsin(dən)in ləğv(imtina) edilməsinə dair iddiası təmin edilsin. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında olan xx xxxx 2007-ci il tarixli 376 saylı podrat müqaviləsi(ndən) ləğv(imtina) edilsin. 70720(yetmiş min yeddi yüz iyirmi) manat İddiaçı məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Cavabdeh qaytarılsın. Cavabdehlər X4 və İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-84/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-84/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver