Məhkəmə qərarları › İş №2(103)-84/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-84/2021

20.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-84/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirkəti Cavabdeh qarşı Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Şirkətinin Saziş ərazisinin hüdudları, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontakt sahəsi daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi mane yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasın Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən Saziş qüvvədə olduğu müddət ərzində bu sazişə, hökümət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, sərəncamlarının, fərmanlarının müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Cavabdeh İddiaçı Şirkətinin Saziş ərazisinin hüdudları, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikili Cavabdeh hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin qeyd olunan qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunduğundan, habelə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən, qətnamə Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunmalı, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən, habelə məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunmalıdır. Belə ki, məhkəmə işə baxarkən bizlərin iştirakını təmin etməmiş, bununla da «Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi» haqqında Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 9.1 maddəsində göstərilir ki, «Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir». 9.2. Bu məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin, işə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, bizlərin iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişdir. Bundan başqa, MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların proosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə qeyd olunan hüquq normasının da tələblərini pozaraq, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, prosessual hüquqların həyata keçirilməsinə kömək göstərməmişdir. Məhkəmə, qətnaməni məni dəvət etmədən özünün irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır ki, bu da prosessual hüquq normasının pozulması kimi qiymətləndirilir. İşə baxan hakim mülki işlə bağlı heç bir araşdırma aparmadan iddiaçının sifarişi ilə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Ola bilsin ki, işə baxan hakim yenidir mülki işdən anlayışı yoxdur. Əvvəla məhkəmənin çixarmış olduğu qətnamədə göstərilən 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş tikili mənim deyil. Həmin tikilinin kimə məxsus olması mənə məlum deyil. Həmçinin iddaçı özüdə bilmir ki, həmin ünvanda yerləşən tikili kimə məxsusdur. Məhkəmə onun iştirakını təmin etməmiş və qətnamə qəbul etmişdir.Qətnamənin bütün vərəqlərini oxumuşdur, hətta qətnamənin müşaiyət məktubunu da oxumuşdur sənədlərin siyahısında həmin tikilinin kimə məxsus olması barədə heç bir sübut yoxdur. Qətnamədə yalnız iş materiallarına fotoşəkillər əlavə edildiyi göstərilir. Belə çıxır ki, hakim yalnız fotoşəkillər əsasında qətnamə qəbul etmişdir. Belə çıxır ki, hər kəs bir-birinə qarşı iddia qaldıraraq bir iki foto şəkil əlavə etməklə digərinin evindən və torpağından çıxarılmasına nail ola bilər Bu çox gülünc haldır. Bundan başqa qeyd edir ki, əgər məhkəmə onun iştirakını təmin etsəydi və ya iş üzrə ekspertiza təyin etsəydi o zaman həqiqətən bu tikilinin ona aid olub olmamasını aydınlaşdıra bilərdi. Bunun üçün məhkəmə qeyd olunan halın araşdırılması üçün ekspertiza təyin etməli, ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin və DT və XK-nin ekspertlərinəindən ibarət ekspert komissiyasına tapşırmalı və rəy almalı idi. Bundan sonra isə əsl həqiqətə nail olmaq mümkün idi.Belə ki, məhkəmə qətnaməsində tikililərin özbaşına olduğunu qeyd etmiş, Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından onların sökülməsini qət etmişdir. Halbuki, məhkəmənin bu qətnaməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasınin Konstitusiyasi və Azərbaycan Respublikasinin tərəfdar cixdig “ İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından mərhum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X2 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər, «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Önəryıldızın Türkiyəyə qarşı 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, ərizəçi (Önəryıldız) 1988-ci ildə Urmaniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, o, öz evindən davamlı sutərtdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir: «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı». Yekun olaraq Avropa insan Hüquqları Məhkəməsi qərara almışdır: «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından mülkiyyətə bərabərdir». Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınması AR-in Ali Məhkəməsinə, AR-in apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir. («Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi Qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» ARPrezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı fərmanının 6-cı bəndi). AR Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan 4 hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa İnsan Hüquqlar Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Onuda nəzərininə çatdırıram ki, iddiaçının qeyd etdiyi ərazidə yüzlərlə evlər inşa edilmiş, həmin evlərdə minlərlə insanlar yaşayır. Dövlət orqanları bu neçə il ərzində heç bir mənfi reaksiya göstərməmiş, əksinə dövlət orqanları tərəfindən evlərə qaz, işiq, su təchizatı çəkilmişdir. Bu günə kimi heç bir maneə olmadan vətəndaşlar həmin evlərdə yaşayır və bütün kommunal xərcləri ödəyirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. İddiaçı Şirkəti iddia edir ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontakt sahəsi daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi mane yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasın Saziş qanun statusunu almışdır. Cavabdeh isə iddiaya etiraz edir ki, tikili onun tərəfindən tikilməmişdir, həmin tikilinin ona heç bir aidiyyatı yoxdur, beləliklə, o iddiaya cavab verən şəxs deyildir. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılması zərurəti ilə bağlı, yəni mübahisəli tikilinin kimin tərəfindən inşa olunması, hazırda kimə məxsus olması, qeyd edilən ünvanda su və.s. istehlak müqavilələrinin kimin tərəfindən bağlanmasını müəyyən etmək üçün aidiyyatı ünvanlara sorğular göndərilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 14.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda Binəqədi rayonu ünvan ünvanın olmadığı, Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda tikilinin yerinin müəyyən olunmadığı, “xxxx”ASC-nin 15.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda mübahisəli ünvanda “xxxx”ASC tərəfindən xidmət göstərilən və müqaviləsi olan abonent aşkar edilmədiyi qeyd edilmişdir.. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı Şirkəti Cavabdeh qarşı Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Şirkətinin Saziş ərazisinin hüdudları, 1 saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasını tələb etsə də, tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə halda Kollegiya qeyd edir ki, Cavabdeh iddia tələbinə cavab verməyən şəxsdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8.-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən, yəni iddiaçının fəaliyyətinə maneələr yaradan tikilinin Cavabdeh deyil, başqa şəxsə məxsus olduğu müəyyən edildiyindən, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-772/2019 saylı, 01.02.2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar