Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8413/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X4” Mənzil Tikinti Kooperativinın etibarnamə əsasında nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “X4” Mənzil Tikinti Kooperativinın Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan artıq sahənin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən "xxxx" MTK-dan aldığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş binanın, 1ci giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı mənzilin artıq istifadə etdiyi 19,38 kv metr sahəsinin dəyəri olan 5.814 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MTK arasında 19.11.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1-ci giriş 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı faktiki sahəsi 139,75 kv.m olan mənzil satış üzrə menecer tərəfindən səhvən 19,38 kv.m az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120,37 kv.m göstərilməklə həmin sahənin yəni 120,37 kv.m dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdehin istifadə etdiyi mənzilin kooperativə məxsus 19,38 kv metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nədə ki qanunsuz istifadə etdiyi 19,38 kv.m sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki sahənin əvəzi olan 5.814 ABŞ dollarını ödəməkdən bu günədək imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. 08.11.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. İddiaçı kimi hüququnun pozulduğunu 2019cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın sədri X1 Cavabdeh qarşı cavabdehdən "xxxx" MTKdan aldığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş binanın, 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 19 saylı mənzilin artıq istifadə etdiyi 19,38 kv metr sahəsinin dəyəri olan 5.814 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “X4” MTK-nın nümayəndəsi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qərar qəbul edlməlidir. İddiaçı müqavilə azadlığı prinsipinə riayət edərək Cavabdehla 2013-cü ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa ediləcək binanın, 1-ci giriş, 4-cü mərtəbəsində yerləşəcək, tikinti sahəsi 120,37 kv.metr olan 4 otaqlı 19 saylı mənzilə dair müqavilə imzalanmışıdr. Lakin, bina 2019-cu ilin noyabr ayında təhvil verilərkən cavabdehlə bağlanmış müqavilədə göstərilən tikinti sahəsinin əslində 120,37 kv.metr deyil, 139,75 kv.metr olduğu və cavabdehin hüquqi əsas olmadan əmlak əldə etməsi-əsassız varlanması faktı məlum olmuşdur. Bundan sonra iddiaçı tərəfindən müddətin ötürülməsi məsələsi dəqiqləşdirildikdən sonra qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunmuş və məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi əsassız olması, eyni zamanda müddətin ötürülməsi səbəbindən rədd edilmişdir. Baxmayaraq ki, yuxarıda qeyd etdildiyi kimi müddət məsələsi iddiaçı tərəfindən dəqiqləşdirilmişdir. Lakin məhkəmə işə baxarkən mübahisəli məqamları araşdırmamış, öz daxili inamına əsaslanmaqla 19,38 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması ilə bağlı tələbin əsassız olması qənaətinə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı “X4” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı “X4” MTK-nın nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı “X4” MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı MTK mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanov qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanovun apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı Mənzil Tikinti Kooperativi ilə payçı Cavabdeh arasında bağlanmış Kooperativ mənzil tikintisi haqqında 14 saylı, 19.11.2013-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, kooperativ Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında payçıların vəsaiti hesabında inşa ediləcək yaşayış binasının 1-ci giriş 4-cü mərtəbə 19 saylı 4 otaqdan ibarət, ümumi sahəsi 120,37 kv.metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən ödəniş nağd şəkildə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqia, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk növbədə yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən, İddiaçı MTK tərəfindən aparılan tikinti İşlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddətin özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib- verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmçinin Mülki Məcəllənin 1095-ci maddəsinin əsassız varlanma institutunu müəyyən edən 57-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1095-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. Yuxarıda qeyd olunan hüquq normalarını əsas tutaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı MTK mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş tələb etmə hüququ müddəti keçdiyinə görə qüvvədən düşmüşdür. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, iddiaçı “X4” MTK, mübahisə edilən 19,38 kv.metr artıq sahənin cavabdehin qanunsuz istifadəsində olması barədə 2019-cu ilin noyabr ayında ona məlum olmasını qeyd etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı “X4” MTK-nın nümayəndəsi Emin Aslanovun apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “X4” Mənzil Tikinti Kooperativinın nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4089/2021 saylı, 21 may 2021-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8413/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8413/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver