Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8424/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, aralarında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh ödəmədiyi 2820 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, onun pulunu artıqlaması ilə vermişdir. Materialın və ustanın pulunu da cavbdeh vermişdir. Eyni zamanda, məhkəmə işə baxılmasında onun iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli podrat müqaviləsinə əsasən, İddiaçı Cavabdeh məxsus Sabunçu rayonu, albalıq (bağ massivi) ərazisində yerləşən evdə müqaviləyə əlavədə göstərilmiş təmir işlərini görməyi, cavabdeh isə əvəzində iddiaçıya 700 manat ilkin ödəniş olmaqla 6 ay ərizdə 470 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək razılaşdırılmış təmir işlərini görmüş, cavabdeh isə öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh, podrat müqaviləsi əsasında görülmüş işlərin əvəzini razılaşdırılmış müddətlərdə iddiaçıya ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, mülki qanunvericiliyin aşağıdakı normalarına əsasən birinci instansiya məhkəməsi tərəfindən tələbdə qeyd olunan məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 752.1-ci və 753.1-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh, apelyasiya şikayətində işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə prosesində iştirakının təmin olunmadığını bildirir. Kollegiya cavabdehin bu dəlilini əsaslı saymır, ona görə ki, iş materiallarından görünür ki, rayon məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin qeydiyyatda olduğu ünvan bildirişlər göndərilmiş, eyni zamanda mübahisə predmeti olan evin yerləşdiyi ərazi üzrə inzibati ərazi nümayəndəliyinə məktub üvanlanaraq müvafiq məhkəmə qərardadı barədə məlumat verilməsi xahiş olunmuşdur. Bundan başqa, cavabdeh 20.012.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında şəxsən iştirak etmiş, lakin sonuncu yaşayış yeri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Göründüyü kimi, birinci insyansiya məhkəməsi cavabdehin məlumatlandırılması üçün özündən asılı olan bütün lazımi tədbirləri görmüşdür. Eyni zamanda, cavabdeh, müqavilə üzrə öhdəliyini tam icra edərək, razılaşdırılmış məbləği iddiaçıya artıqlaması ilə ödədiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1763/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8424/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8424/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver