Məhkəmə qərarları › İş №2(103)-8424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8424/2021

01.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8424/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “qanunsuz tikilinin sökülməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən 1 “P” nömrəli fərdi yaşayış evinə bitişik inşa olunmuş, texniki pasportda göstərilməyən tikili ilə bağlıdır (bundan sonra – mübahisəli tikili). Fərdi yaşayış evi 7 nəfərin ümumi paylı mülkiyyətindədir, o cümlədən İddiaçı və Cavabdeh2 evin mülkiyyətçiləridir. İddiaçı payı reyestrdə belə göstərilib: 1-ci mərtəbə 1 otaq – 14,6 kv.m (2); k/s-12,3 kv.m (11,12,13,14); 2-ci mərtəbə 2 otaq (11,6 kv.m və 21,0 kv.m); k/s-9,1 kv.m (1,4) və 5,0 kv.m açıq eyvan. Cavabdeh2 payı reyestrdə belə göstərilib: 2 otaq 27,6 kv.metrdən 1/5 hissə. Mübahisəli tikili iddiaçının mülkiyyətində olan otaqlardan birinin (sahəsi 14,6 kv.m olan otağın) çöl divarına bitişik inşa olunub və Cavabdeh2 sahibliyindədir. Mübahisəli tikilinin fotosu iş materiallarına əlavə edilib (cild 1, iş v. 101). Fotoda iddiaçıya aid olan otağa giriş qapısı (tünd rəngli) və Cavabdeh2 aid olan, mübahisəli tikili (divarı suvaqlı) və onun qapısı (açıq rəngli) əks olunub. Fərdi yaşayış evinə aid olan, iddiaçının adına 24.10.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, iddiaçıya aid olan otağa (sahəsi 14,6 kv.m olan otağa) giriş qapısı (fotodakı tünd rəngli qapı) pasportda öz əksini tapıb, Cavabdeh2 aid olan, mübahisəli tikili (divarı suvaqlı) və onun qapısı (fotodakı açıq rəngli qapı) isə pasportda əksini tapmayıb. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəli tikilinin sökülməsi üçün Yasamal RİH-nə müraciət edib. Yasamal RİH-nin iddiaçıya ünvanladığı 10.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, tikilinin sökülməsi İH-nin səlahiyyəti xaricindədir (cild 1, iş v. 7). Tələb və onun həlli: İddia ərizəsində iki tələb irəli sürülüb: 1) mübahisəli tikili sökülsün, iki qonşuya - İddiaçı və Cavabdeh2 aid olan sahələr arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun halda reyestrdə göstərilsin; 2) Cavabdeh2 qanunsuz əməli nəticəsində İddiaçı kirayədə yaşamağa vadar edildiyinə görə iddiaçının hər ay ödədiyi 300 manat kirayə haqqı 2018-ci ildən başlayaraq yekun məhkəmə aktı çıxarılanadək hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 və cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Digər cavabdeh Yasamal RİH-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Mübahisəli tikili özbaşına tikinti sayılır. Belə ki, o, müvafiq sənədləşmə olmadan tikilib və fərdi yaşayış evinin texniki pasportunda göstərilməyib. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13.04.2021-ci il tarixli, 10/3733 nömrəli rəyində qeyd olunub ki, həmin ünvana aid olan texniki pasportun məlumatları araşdırılan zaman mübahisəli (hamam, ayaqyolu və dəhliz) tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir (cild 1, iş v. 173). Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, özbaşına tikinti obyektinin sökülməsi barədə tələbi məhkəmədə 2 subyekt irəli sürə bilər: 1) müvafiq icra hakimiyyəti orqanı; 2) maraqlı tərəf. Mübahisəli tikili iddiaçının mülkiyyətində olan, sahəsi 14,6 kv.m təşkil edən otağın çöl divarına bitişik inşa olunub, o cümlədən həmin otağa giriş qapısının (qapı texniki pasortda əksini tapıb) yanında yerləşir. Bu hal əsas verir ki, iddiaçı 180.4-cü maddənin məqsədləri baxımından “maraqlı tərəf” hesab olunsun. Odur ki, iddiaçı mübahisəli tikilinin sökülməsini və texniki pasporta uyğun vəziyyətin bərpa edilməsini Cavabdeh2 tələb etmək hüququna malikdir. İddia ərzəsində irəli sürülən digər tələb - Cavabdeh2 qanunsuz əməli nəticəsində iddiaçı kirayədə yaşamağa vadar edildiyinə görə iddiaçının hər ay ödədiyi 300 manat kirayə haqqının 2018-ci ildən başlayaraq yekun məhkəmə aktı çıxarılanadək hesablanması və cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçının kirayədə yaşaması, ayda 300 manat kirayə haqqı ödəməsi və kirayədə yaşayış ilə cavabdehin davranışı arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim olunmayıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 14-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, kirayə haqqının əvəzini iddiaçıya ödəmək vəzifəsi Cavabdeh2 üzərinə qoyula bilməz. İddia tələbi cavabdeh Yasamal RİH-nə münasibətdə təmin edilə bilməz, çünki tikinti işlərinə İH-nin hər hansı formada aidiyyətinin olduğu təsdiqini tapmadı. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 1 “P” nömrəli fərdi yaşayış evinin texniki pasport üzrə “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən, İddiaçı aid olan, sahəsi 14,6 kv.m təşkil edən 2 saylı otağın çöl dirvarına (giriş qapısı olan divara) bitişik inşa olunmuş, Cavabdeh2 aid olan, texniki pasportda göstərilməyən bütün tikililər sökülsün və çöl divarının (giriş qapısı olan divarın) qarşısı texniki pasporta uyğun vəziyyətə gətirilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 100 manat Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar