Məhkəmə qərarları › İş №2(103)-8429/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8429/2021

14.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8429/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh X4, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı, Yasamal Rayon İcra Hakimiyyəti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməklə “yaşayış evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləğindən 1/3 payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli yaşayış evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləğindən 1/3 pay hissəsinin cavabdehlər Cavabdeh1 və X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli yaşayış evi sökülərkən 82160 manat ödənilmiş kompensasiyanın ümumi məbləğindən 27386 manat cavabdehlər Cavabdeh1 və X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli yaşayış evi anasına babasından qalan onun valideynlərinə məxsus idi. Onlar üç bacı o, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ailə qurana kimi həmin evdə valideynləri ilə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra valideynlərin evində pasport qeydiyyatında qalmaqla bərabər hərə öz həyat yoldaşının evinə köçüb yaşamışlar. Lakin o, yaşayış sahəsi 11,0 kv.m. 1 otaqlı mənzildə üç nəfər ailə tərkibi ilə yaşadığına görə və ailəsinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülməsi üçün ünvan 1 ünvanında yerləşən 1 nömrəli evdən pasport qeydiyyatdan çıxmaq məcburiyyətində qalmışdır. Anası, özü yaşadığı dövrdə, özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli evi öz qızı arasında üç yerə bölünməsi barədə öz fikrini bildirmişdir və bu fikrini qohumlara və onlara çatdırmışdır. 1999-cu ildə anaları X6 vəfat etdikdən sonra həmin ev onlara miras qalmışdır və həmin mirasda onun payı 1/3 pay təşkil edirdi. Miras barədə aralarında heç bir mübahisə olmamışdır, gözləyirdi ki, həmin ev sökülərkən onlara təzminat veriləcək və həmin təzminat məbləği üç bacı arasında bölünəcək. 2014-cu ildə Dövlət tərəfindən Sovetski ərazisi sökülərkən sakinlərə yaşayış ərazisinin hər kv.m üçün 1.500 manat, ümumi bir təzminat rəqəmi müəyyənləşdirilmişdir. Sovetskidə yaşayan sakinlərə, o cümlədən onun bacılarına ödənilmişdir. Həmin ev sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləği, verilmə tarixi, kimlərə ödənilməsi və ödənilməsinə əsas olan sənədlər barədə onun xəbəri olmayıb. Onun tərəfindən bacılarına verilən bu suallara bircə deyilirdi ki, təzminat alınan kimi, təzminatdan ona düşən 1/3 pay ona veriləcək. Ancaq, ona düşən pay hissəsini bacıları ona bu günə kimi verməmişlər. Həmin pul vəsaitinə Cavabdeh1 Yeni Yasamalda, onun kiçik bacısı Cavabdeh2 isə Əmircanda özlərinə ev almışdırlar. Hazırda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə sökülmüş evlərə görə əvvəl ödənilmiş təzminata əlavə olaraq yaşayış ərazisinin hər kv.m üçün sakinlərə əlavə olaraq 500 manat Dövlət tərəfindən ayrılmış və ödənilməlidir. Beləliklə, məlum olunur ki, valideyindən üç övladlarına miras qalan ev sökülərkən və təzminat verilərkən iddiaçının xüsusi mülkiyyət hüquqları pozulmuş, onun razılığı alınmadan və bu məsələdən tərəflərin mövqeyi araşdırılmadan kompensasiya verilmişdir. Nəticədə Yasamal Rayon İcra Hakimiyyətinin işçilərinin diqqətsizliyindən cavabdehlərə onun hessabına əsassız varlanmağa şərait yaradılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsi işə baxarkən işin faktiki hallarını və maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbimin təmin olunmama səbəbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən kompensasiya məbləği tələb olunan Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətləri tanındığından, iddiaçı isə həmin mənzilə hər hansı hüququ olmadığından cavabdehlərdən mənzilə görə ödənilmiş kompensasiya məbləğini tələb etməkdə haqlı deyildir. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 53 saylı evin ½ hissəsi Cavabdeh1 və Cavabdeh2 adna qeydiyyata alınmasını məhkəmə prosesi zamanı 09.04.2021-ci il tarixdə bilmişdir. O zaman bilmimişdir ki, Yasamal Rayon Məhkəməsinin 2- 1015/2002 saylı, 10.06.2002-ci il tarixli qətnaməsi ilə, evin ½ hissəsi Cavabdeh1 və Cavabdeh2 adna qeydiyyata alınmışdır və həmin evin ½ hissəsinə dair X7 adna olan qeydiyyat yazısı ləğv edilmişdir. Hazırda isə Yasamal Rayon Məhkəməsinin 2-1015/2002 saylı, 10.06.2002-ci il tarixli qətnaməsini əsassız hesab edərək həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Göründüyü kimi, anaları özü yaşadığı dövrdə, özünə məxsus evi öz qızları arasında üç yerə bölünməsi barədə öz fikrini bildirməsinə və bu fikrini qohumlara və onlara çatdırmağına baxmayaraq, bacıları anasının vəfatından 3 il sonra məhkəmyə müraciət edərək, ərizəçilər Cavabdeh1 və Cavabdeh2 - X7 babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsi; babaları Məhərrəm Səlimovun 1941-ci ildə, babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölmələri və Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev ½ hissəsinə dair mirası qəbul etmələrinə dair hüquqi faktların müəyyən edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə baxmış hakim anasının vəfatından sonra vərəsəlik pay hüququ kimlər arasında müəyyən olunaraq və bölünməsində obyektiv araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. 2-1015/2002 saylı qətnaməsində, işin faktiki nə də hüquqi əsaslandırmasında onun varlığı barədə məlumat yazılmayıb. Bu da o, deməkdir ki, ona qarşı qərəzlik olub və vərəsəlik pay hüququ iki bacıları arasında bölünüb. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyəti nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X9 və Cavabdeh1 nümayəndəsi və vəkili X8 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən kompensasiya məbləği tələb olunan Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tanınmış, İddiaçı isə həmin mənzilə hər hansı hüququ olmadığından cavabdehlərdən mənzilə görə ödənilmiş kompensasiya məbləğini tələb etməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140 və 152-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış **********50 saylı, 23.04.2021-ci il tarixli məktubdan görünür ki, 5 saylı Bakı Dövlət Notariat Kontorunun 2n-697 reyestr nömrəli, 20.04.1962-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin ½ hissəsi X7 adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin 2-1015/02 saylı, 10.06.2002-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, A.Şaiq küçəsi, 53 saylı evin ½ hissəsi Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır və həmin evin ½ hissəsinə dair X7 adına olan qeydiyyat yazısı ləğv edilmişdir. ********** saylı, 08.04.2015-ci il tarixli hüquq sahibinin ərizəsi əsasında Məmmədova (Zeynalova) Təranə Cəfər qızının mülkiyyət hüquqları ləğv edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7828/2014 saylı, 14.11.2014-cü il tarixli qətnaməsinə əsasən evin ½ hissəsi X10 adına qeydiyyata alınmışdır. 5 saylı NK-nın 2V-1-74 reyestr nömrəli, 19.05.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə” əsasında sözügedən ünvanın 1/8 hissəsi X1 adına qeydiyyata alınmışdır, lakin Yasamal Rayon İcra Hakimiyyətinin 556/g-12 saylı, 13.07.2017-ci il tarixli məktubuna əsasən qeyd olunan şəxsin hüquqlarına xitam verilmişdir. ünvan 3 ünvanı hazırda Cavabdeh1 (1/4 hissə) və X10 (3/8 hissə (açıq qalır)) adında qeydiyyatdadır.(İ.v.114-115) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1015/02 saylı, 10 iyun 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 - Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev ½ hissəsinə dair mirası qəbul etmələri faktı müəyyən edilmiş və həmin ünvanda yerləşən mənzilə dair X7 adına olan qeydiyyat yazısı ləğv edilmişdir.(İ.v.116-117) İş materiallarında olan, AN-İ № ******* saylı, 08 may 2014-cü il tarixli fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evin ½ hissəsi X9 tərəfindən 49.480 manata Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə satılmışdır.(İ.v.59-60;73-74) İş materiallarında olan, 08.05.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən 32.680 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evdən digər tərəfin xeyrinə imtina etmişdir.(İ.v. 78-79) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1015/02 saylı, 10 iyun 2002-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 - Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev ½ hissəsinə dair mirası qəbul etmələri faktı müəyyən edilmiş, onların adlarına qeydiyyat vəsiqəsi verilməsi qət edilmişdir. Həmin tarixdən 2014-cü il tarixə qədər onların həmin mənzilə mülkiyyət və istifadə hüquqları olmuşdur. Bu səbəbdən də Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilmişdir. İddiaçı sözügedən mənzildə mülkiyyətçi olmadığına görə, həmçinin həmin mənzildə ümumiyyətlə yaşamadığına görə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ona kompensasiya ödənilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən kompensasiya məbləği tələb olunan Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tanındığından, İddiaçı isə həmin mənzilə hər hansı hüququ olmadığından cavabdehlərdən mənzilə görə ödənilmiş kompensasiya məbləğini tələb etməkdə haqlı olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı apelyasiya şikayətində anaları özü yaşadığı dövrdə, özünə məxsus evi öz qızları arasında üç yerə bölünməsi barədə öz fikrini bildirməsini və bu fikri qohumlara və onlara çatdırmağını qeyd etsə də, bunu təsdiq edən rəsmi sənədləri və sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa İddiaçı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2417/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar