Məhkəmə qərarları › İş №2(103)-843/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-843/2022

29.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-843/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh, Surdo-tərcüməçi X6 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(004)-53/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14-də yerləşən 4 saylı ev müvafiq icra hakimiyyəti tərəfindən həyat yoldaşının adına verilmiş müvafiq sərəncamla onların istifadəsinə verilmişdir. Lakin yaşadıqları həmin ev qəzalı vəziyyətdə olduğundan, 05 iyun 1992-ci ildə həmin evin əvəzinə ünvan 1 ünvanında yerləşən 35 və 36 saylı mənzillər onlara verilmişdir. O hazırda ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh 24.06.1989-cu ildə onun oğlu X12 ilə ailə həyatı qurmuş və toydan sonra oğlu ilə birlikdə onların əvvəlki Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14- də yerləşən 4 saylı evində yaşamağa başlamışlar. Sonradan yuxarıda qeyd etdiyi səbəbdən onlar həmin evdən keçmiş gəlini və oğlu, həmçinin digər ailə üzvləri ilə birlikdə hazırda mülkiyyətində olan evə köçmüşlər. Cavabdeh oğlu ilə nikahda olan zaman onların birgə nikahından övladları olmamışdır. Cavabdeh uşaqlıqdan lal-kar xəstəsi olmuşdur. Oğlu isə uşaqlıqdan 1 -ci qrup əlil, həm ağır formada şəkər, kor, iflic, həm də vərəm xəstəsi olduğu üçün yataq xəstəsi idi və daimi olaraq kənar şəxslərin köməyinə ehtiyacı var idi. Lakin cavabdeh isə evləndikdən oğluna baxmamış və ona hər hansı bir qulluq göstərməmişdir. Tez-tez evdə dava-dalaş salmış, oğlunu, hətta onu və qızını tez- tez polis idarələrinə və müxtəlif orqanlara şikayət etmiş və onu döydüklərini iddia etmişdir. Oğlu ilə növbəti mübahisələrinin birində cavabdeh xəstə ərinə baxmaqdan imtina edərək, onu xəstə yatağında qoyaraq çıxıb getmişdir. Bir neçə müddətdən sonra məhkəmə bildrişlərindən onlar cavabdehin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini öyrənmişlər. Cavabdehin onlara qarşı qaldırdığı “mənzilə köçürülmə” barədə iddia tələbinə qarşı onun tərəfindən “mənzildən istifadə hüququnun itirilməsi” barədə qarşılıqlı iddia ərizəsi verilmişdir. Yasamal rayon Məhkəməsinin 2-1641/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi və onun onun mükiyyətində olan mənzilə köçürülməsi, onun Cavabdeh qarşı qaldırdığı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş və Bakı şəhər Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 3K-46/1999 saylı, 14 yanvar 1999-cu il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, kasassiya şikayətinin təmin edilmədən saxlanması qərara alınmışdır. Həmçinin həmin vaxt oğlu Elşən Dosiyev cavabdehə qarşı aralarında olan “nikahın ləğvi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2-1160/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasında olan nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Lakin oğlu ilə olan nikahı ləğv edildikdən sonra da cavabdeh onlardan əl çəkməmiş və onlarla birlikdə yaşamağa davam etmişdir. 06 mart 2006-cı il tarixdə isə oğlu Elşən Dosiyev şəkərli diabet xəstəliyindən yaşadığı evdə vəfat etmişdir. Hazrki vaxtadək onun mülkiyyətində olan mənzildə yaşayan cavabdeh daimi olaraq onları münaqişələrə cəlb edir, onlardan şikayət etmək üçün özünü ora-bura vuraraq xəsarət alır və bundan sonra polis bölmələrinə şikayət edir. O və ailə üzvləri işdən evə gəldikləri zaman cavabdehin qazın üstünə yuyunmaq üçün sular yerləşdirdiyini, həmçinin hamam otağını paltar yumaq üçün məşğul etdiyini görürlər. Halbuki yaşadıqları binaya su üç saatlıq müddətə verilir. O və ailə üzvləri bu barədə iradlarını cavabdehə bildirdikləri zaman isə o, özünündə işdən gəldiyini, işini nə vaxt bitirəcəksə, ondan sonra mətbəx və hamam otağından istifadə edə biləcəklərini bildirir. Bəzən isə həmin münaqişələr zamanı o, əlinə hər hansı bir ağır əşya alaraq onu vurmağa cəhd edir. Sonra isə əsassız yerə polis bölmələrinə onun, qızı və nəvəsi barəsində şikayətlər yazır, o və ailə üzvləri polis bölmələrində izahatlar yazmaq məcburiyyətində qalır. Yaşadığı mənzilin sahəsi 81,09 kv.m təşkil edir, onun özü, cavabdeh, qızı, qızının iki qızı, qızının oğlu öz həyat yoldaşı və övladı ilə birgə həmin mənzildə olduqca sıx şəraitdə yaşayırlar. Bu vəziyyətdə cavabdehin onun mülkiyyətində olan mənzildə yaşaması faktiki olaraq tamamilə mümkünsüzdür və onun mənzildən istifadə hüququnun olması onun mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Cavabdehdən bir neçə dəfə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, o, bununla qətiyyən razılaşmamış, ondan öz adına olan və şəhərin mərkəzində yerləşən mənzil verilməsini tələb etmişdir. Sonradan cavabdehə hətta Xırdalan və ya Masazırda yerləşən ərazilərində ev almağını, həmin evə onu da qeydiyyata aldırmaqla o, vəfat etdikdən sonra dövlətə qalmaması üçün ailə üzvlərinin birinin adına almağını təklif etsə də, cavabdeh həmin təkliflə də razılaşmamışdır. Cavabdehə mənzilə istifadə hüququna xitam verilməsi üçün 6000 manat məbləğində kompensasiya vermək istəyir. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması qanunauyğundur və onun mənzil üzərində olan mülkiyyət hüququnu bərpa edir. Göstərilənlərə əsasən Cavabdeh 6000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, Cavabdeh 9000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(004)- 53/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməsi və cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitamı və mənzildən əşyaları ilə birlikdə çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, fiziki qüsurlu olaraq lal-kardır, məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ədalətli deyil, o, həmin məbləğlə müəyyən müddət özü üçün yaşayış şəraiti qura bilməyəcəkdir. Ona görə də ona həmin ərazidə bir otaqlı mənzilin dəyərini təşkil edən 25000-30000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilə bilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, qətnamənin dəyişdirilməsi, mübahisə predmeti olan mənzilin yerləşdiyi ərazidə bir otaqlı mənzilin dəyəri həcmində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, hazırki halda Cavabdeh qətnaməni kompensasiya məbləği hissəsində tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Kollegiya iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Yasamal rayon X20 icraiyyə Komitəsinin 003985 nömrəli, 05.06.1992-ci il tarixli orderinə, X4 razılıq ərizəsinə, 19 saylı MKİS-ın 24.06.2006-cı il tarixli forma-2 arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzil ilkin olaraq 29.07.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda sözü gedən mübahisəli mənzildə İddiaçı, X13, X3, X10, X11, X14 və Cavabdeh qeydiyyatdadır. İddiaçının oğlu X15 ilə Cavabdeh 24.06.1989- cu il tarixdə nikaha daxil olmuş, tərəflər arasında olan nikah Yasamal rayon Məhkəməsinin 2-1160 saylı qətnaməsi ilə 11.11.1998-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1641 saylı, 11.11.1998-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzilə köçürülməsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdehlər X7, X8, X5, X1, İddiaçı və 3-cü şəxslər qismində cəlb etdiyi daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 19 saylı Notariat Ofisinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4297/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı cavabdehə 9000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini, mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını qiymətləndirərək, mübahisəli mənzildə cavabdehin istifadə hüququna xitam verilməsi üçün 9000 manat kompensasiya verilməsini bazar qiymətlərinə adekvat hesab etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87-ci maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsi, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarı, «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarı, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 228.2-ci maddələri və R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən, maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin qərarında göstərilənlərə düzgün istina etsə də, həmin normalara uyğun işin hallarına verdiyi qiymət əsaslı olmamışdır. Belə ki, məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə razılaşdırılmaqla təmin olunmalıdır. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında şərh edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı mübahisəli mənzildən 9000 manat kompensasiya verilməklə, cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmiş, cavabdeh isə kompensasiya məbləği ilə razılaşmayaraq, mübahisəli mənzildə uzun müddət yaşamasına, fiziki qüsurlu əlil olaraq lal-kar olmasına əsaslanaraq, ona həmin ərazidə yaşayışının təmin olunması üçün 25000-30000 manat kompensasiya verilməsini xahiş etmişdir. İşə baxan məhkəmə isə cavabdehin dəlilləri üzrə hər hansı bir qiymətləndirmə aparmamış, yalnız iddiaçının təklif etdiyi kompensasiya məbləğini adekvat hesab etmişdir. Hazırki apelyasiya icraatında kollegiya kompensasiyanın məbləğini tərəflər arasında razılaşdırılıb ağlabatan məbləğin müəyyənləşdirilməsi üçün məhkəmə iclasını dəfələrlə (3 dəfə) təxirə alaraq iddiaçını məhkəməyə dəvət etmiş və bu barədə iddiaçıya həm rəsmi məhkəmə bildirişi, həm də elektron qaydada “sms” bildiriş göndərilməklə, məlumat versə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş və cavabdehin apelyasiya şikayətinə hər hansı bir münasibət bildirməmişdir. Cavabdeh isə apelyasiya icraatında birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi kompensasiya məbləği ilə razı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası kompensasiya məbləğini müəyyənləşdirə bilməmişdir. Məhkəmə kollegiyası işin hallarını, cavabdehin 1989-cu ildən mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla, hazırki vaxta kimi (33 il müddətində) yaşaması, həmçinin fiziki qüsurlu olaraq lal-kar olması, habelə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərdə əks etdirilmiş göstərişlərə əsaslanaraq hesab edir ki, iddiaççı tərəfindən təklif edilən kompensasiya məbləği mübahisəli mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi üçün ədalətli hesab edilə bilməz. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilib, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(004)-53/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar