Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8438/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(011)-2672/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********20074) hesablanmış 1180,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları məlumatı olmadan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə gəlmiş, guya təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də ayrı-ayrı vaxtlarda akt tərtib olunmuş, itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ilk dəfə 885,60 manat, daha sonra isə 295,20 manat məbləğində əsassız borc yazılmışdır. Sözügedən aktlar iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş “itirilmiş qazın dəyərinin hesablanması komissiyası” tərəfindən verilmiş rəydə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfıyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüşdür. Hesabat müddəti isə 30.10.2020-ci il tarixində tərtib olunmuş tələbnamədə 90 gün, 30.11.2020-ci il tarixində tərtib olunmuş tələbnamədə 30 gün götürülmüşdür. Həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı üçün istilik cihazı quraşdırılmamışdır, təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Lakin Cavabdeh İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ünvanda təbii qaz ilə işləyən “QSSQ” istilik cihazının və dəmir sobanın mövcud olması qeyd olunmuş, həmin cihazlara görə müvafiq də müxtəlif vaxtlarda müxtəlif həcmdə sərfıyyat hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(011)-2672/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********20074) qaz sərfiyyatına görə hesablanmış 1180,80 manat borcun silinməsinin cavabdeh X4 həvalə edilməsi və X2 dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması, X2 ekspertiza tədqiqatının dəyəri 300 manatın tutularaq “X5” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq 1180,80 manat dəymiş ziyan hesablanmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 30.10.2020-ci il tarixli, ******* saylı və 30.11.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 30.10.2020-ci il tarixli və 30.11.2020-ci il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 8856 m3 və 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. **********20074 saylı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 1180,80 manat təşkil edir. Məhkəmənin 06.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 27.04.2021-ci il tarixli, 258 saylı ekspert rəyi ilə ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə dair X4 məxsus təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılması və dəyişdirilməsi, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2672/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8438/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8438/2021
06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver