Məhkəmə qərarları › İş №2(103)-8439/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8439/2021

01.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8439/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi Fərhadov Eldar Hidayət oğlunun, Cavabdeh nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, bağ massivi 9760 ünvanında (abonent kodu: **********00001) istifadəsində olan qaz sayğacının cavabdehin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edildiyini, xüsusi plombun aşkar edilmədiyini və bu səbəbdən də 388,8 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsinin tələb edildiyini göstərərək, əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə kiçik iddiaya dair ərizənin təmin edilməsi, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, bağ massivi 9760 ünvanında (abonent kodu: **********00001) hesablanmış qaz sərfiyyatına görə 388,8 (üç yüz səksən səkkiz manat, 80 qəpik) manat borcun əsassız hesab edilərək silinməsi, cavabdeh Azəriqaz İstehsalat Birliyinə həvalə edilməsi, Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 20 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə Qaydaları”nın 4.8ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması’’, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar isthlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər.. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlu apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Fərhadov Eldar Hidayət oğlu isə apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmişdir ki, qaz sayğacının xüsusi plombu aşkar edilmədi. Abonentin saldosunda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 388,8 manat tələb edilməsi göstərilmişdir.. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 4.2, 4.8, 5.2 və 5.6-cı bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır . Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4656/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar