Məhkəmə qərarları › İş №2(103)-8464/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8464/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8464/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(011)-708/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00001) hesablanmış 3456 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. “Azəriqaz” İB-nin əməkdaşları məlumatı olmadan sözügedən ünvana gəlmiş, həmin ünvana baxış keçirmiş, guya təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3456 manat məbləğində əsassız borc yazmışlar. Sözügedən akt iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir. Sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Digər tərəfdən akt 31.05.2020-ci il tarixdə tərtib olunmuşdur. Bu tarix isti aylara təsadüf etdiyindən bu dövrdə qaz sərfıyyatı ən minimum səviyyədə olduğu üçün ilin bu mövsümündə təbii qazdan qeyri-qanuni istifadə edilməsi heç bir halda ağlabatan deyildir. “Azəriqaz” İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ona məxsus ünvanda təbii qaz ilə işləyən “kvadrat şəkilli” su qızdırıcısının və “odluq” adlı isitmə cihazının mövcud olması qeyd olunmuş, həmin cihazlara görə ümumilikdə 17280 kub metr sərfıyyat hesablanmışdır. Ona məxsus ünvanda Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən hər hansı bir istilik sistemi mövud olmamışdır. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və əsassız borc yükləmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(011)-708/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00001) qaz sərfiyyatına görə hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat borcun silinməsi cavabdeh X2 həvalə edilməsi, “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulması, “Azəriqaz” İstehsalat Birliyindən ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın tutularaq “X4” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyidirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 31.05.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində (istixanada) sayğacdan kənar qeyriqanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. “Azəriqaz” İstehsalat Birliyinin 31.05.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 17280 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. **********00001 saylı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 3456 manat təşkil edir. “X4”MMC-nun 04.05.2021-ci il tarixli, 28 saylı ekspert rəyi ilə ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə dair X2 məxsus təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. Evin daxilində bir ədəd kustar üsulu ilə hazırlanmış qızdırıcı (kombi) avadanlığı və mətbəxdə, stolun üzərində bir ədəd üç gözlü qaz avadanlığı quraşdırılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılması və dəyişdirilməsi, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Məhkəmə kollegiyası birinciinstansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünə məxsus evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları cavabdeh iş materiallarına əlavə etmədiyinə və ya məhkəmə kollegiyasına təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(011)-708/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar