Məhkəmə qərarları › İş №2(103)-8469/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8469/2020

02.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8469/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Rəşad Məhəmməd oğlu Həsənov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2969/2020 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sərf olunan elektrik enerjisinə görə hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə hesablanmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ev 3, 27 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə X2 həmin mənzili satmışdır. Mənzilin yeni sahibi X3 ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında elektrik enerjisinin alqı-satqısı barəsində müqavilə bağlamaq istəyərkən müəyyən problemlər ortaya çıxmışdır. Belə ki, qeyd olunan fərdi yaşayış evi ona məxsus olduğu dövrdə xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc yaranmışdır. Mübahisələndirilən borc elektrik enerjisi işlədicilərin gücünə görə orta sərfiyyat əsasında hesablanmış debitor borcdur. O, məişət abonenti hesab olunduğumdan hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektirik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Qeyd edilməlidir ki, kommunal xidmətləri müqabilində, yəni qaz, su və elektrik enerjisinin istifadəsinə görə yaranmış borclar vaxtaşırı icra edilməli öhdəliklərdən hesab olunur. Bu səbəbdən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ev 3, 27 nömrəli mənzildə xx xxxxxx 2001ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə yaranmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc üzrə 5 (beş) il müddət keçdiyindən qanunun tələbinə əsasən öhdəliyə xitam verilməlidir. Həmçinin, elektrik enerjisinə görə yaranmış borcun silinməsinə dair ərizə ilə onun tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin, cavabdeh ərizəni təmin etməmişdir. Belə olan halda onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2969/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən, maddi hüquq normalarının tətbiq edilməsində səhv nəticəyə gəlinmiş və sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. İş üzrə İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-2969/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 207803 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, 3 nömrəli evin 47 kv.metr yaşayış sahəsi olan 3 otaqlı 27 nömrəli mənzil İddiaçı adına 1350 nömrəli reyestr kitabında xx xxxxxxx 2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli 216549 nömrəli xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, xx xxxxxx 2001-ci ilə dair Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, ev 3, mənzil 27 ünvanında sərf olunan elektrik enerjisinə görə yaranmış debitor borc 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində müəyyənləşdirilmişdir. Debitor borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir. Mülki işin materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, ev 3, mənzil 27 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, 3 nömrəli evin, 47 kv.metr yaşayış sahəsi olan 3 otaqlı, 27 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 216549 nömrəli xx xxxxxx 2020-ci il tarixli elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxx 2001-ci ilə dair Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, ev 3, mənzil 27 ünvanında sərf olunan elektrik enerjisinə görə yaranmış debitor borc 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində müəyyənləşdirilmişdir. Debitor borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir. İddiaçı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sərf olunan elektrik enerjisinə görə hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə hesablanmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. MM-nin 551-ci maddəsinə əsasən bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. MM-nin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Göründüyü kimi, hesablanmış borc məbləği 2001-ci ili əhatə etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, bütün tələblər on il (adi müddət) eçdikdən sonra, eyni zamanda vaxtaşırı ödənişlər haqqında tələblər üç il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan qeyd edilən borc məbləğinin cavabdeh təşkilat tərəfindən tələb edilməsi müddət baxımından qüvvəsini itirmişdir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, qeyd edilən borc məbləğinin formalaşdığı dövrdən, yəni müvafiq borcun müəyyən edilməsi ilə bağlı 2001-ci il tarixdən cavabdeh təşkilat tərəfindən abonentdən, başqa sözlə deyilsə iddiaçı şəxsdən 19 il ərzində həmin borcun ödənilməsi ilə bağlı heç bir hüquqi tədbir görülməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məişət abonenti tərəfindən X1 zamanı pozuntu aşkar edildiyi, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Göründüyü kimi, belə bir aktın mövcudluğu iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı hazırkı kiçik iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-2969/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Rəşad Həsənov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar