Məhkəmə qərarları › İş №2(103)-847/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-847/2023

16.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-847/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi X4, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4435/2022 saylı işi üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi dalan 1, ev 6 “C” saylı evin əlavə giriş qapısı kimi tikilmiş qapının sökülməsi və həmin hissənin daşla hörülməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısında tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehlə onun evinin arasında olan hasarın üzərinə quraşdırılmış kameranın cavabdeh tərəfindən sökülməsinə və onun tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının ona qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabeh Cavabdeh İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4435/2022 saylı işi üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 0905787nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir; - Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci tarixli, 788 nömrəli arayışa əsasən İddiaçı D.Bünyadzadə küçəsi, 4 saylı evdə xx.xx.1990-cı ildən bu günə qədər qeydiyyatdadır və yaşayır; -Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsini 29-cu Polis Şöbəsi tərəfindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 09515193 saylı məktuba və inzibati xəta haqqında qərara əsasənYasamal rayonu, D. Bünyadzadə küçəsi dalan 1, ev 6 C ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinin nəticəsi barədə müraciətə cavab olaraq bildirilir ki, qonşusu D.Bünyadzadə 4 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı barəsində ictimai qaydaları pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə edilmişdir; - xx.xx.2022-ci il tarixli, 2(102)-2189/2022 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)-4029/2021 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməklə, ilk iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısnın qarşısında sökülmüş iki pilləli pilləkənin cavabdeh X2 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm, uzunluğu 1,4 metr olmaqla müəyyən edilməsi qərara alınmışdır. Qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh X3 qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanındakı 6 C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 (25x25 olmaqla) uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin cavabdeh X2 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X2 Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə”dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı 03 mart 2021ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanındakı 6C saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkən bərpa edilməsi, iki pilləli pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm və eni 50 sm müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir(iş səh. 4, 5, 33, 39, 47,48). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4435/2022 saylı işi üzrə 20 oktyabr 2022-ci il qətnaməsinin qismən iddianın təmin edildiyi hissədə ləğv edilməsinə, iddia tələbinin bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəllənin 218.1, 220-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri açıq-aşkar şəkildə pozulmuş, iddia tələbinin təmin edildiyi hissədə məhkəmə qətnaməsi əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə təmamilə əsassızdır. Belə ki, hasarın üzərində quraşdırılmış ona məxsus kamera yalnız onun həyətini çəkir. Həmin kamera iddiaçının yaşadığı fərdi yaşayış evinin nə girişini, nə həyətini və nə də içini çəkir. Bunu təsdiq edəcək iş materiallarında hər hansı bir sübut da mövcud deyil. Həmçinin məhkəmə özü də qeyd edir ki, həmin kamera onun həyətini çəkir. Belə olan halda məhkəmənin kamera quraşdırılmasının ona qadağan edilməsi barədə gəldiyi nəticənin təmamilə absurd və əsassız olduğu müəyyən edilir. Həmçinin iddia ərizəsinə verdikləri etirazda da qeyd etdikləri kimi cavabdehin yaşadığı evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının hazırkı tələbi irəli sürmək üçün ümumiyyətlə subyektiv hüququ mövcud deyil. Lakin məhkəmə tərəfindən əsassız olaraq bu dəlilimizə də hər hansı bir hüquqi qiymət verilməmişdir.

6. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad etməklə, apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslıdır.Belə ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, hasarın üzərində quraşdırılmış kamera yalnız cavabdehin həyətini çəkir. Həmin kamera iddiaçının yaşadığı fərdi yaşayış evinin nə girişini, nə həyətini, nə də içini çəkir. Bunu təsdiq edəcək iş materiallarında hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəfin özü məhkəmə iclasında onun yasadığı evin giriş-çıxışını, həyətini və içinin çəkildiyini özündə əks etdirən video disk təqdim etmişdir və həmin sübut məhkəmə tərəfindən araşdırılmışdır. Belə olan halda apellyasiya şikayəti verən şəxs hansı əsasla verə bilər, onun quraşdırdığı kamera evini çəkmir? Möhtərəm məhkəmə kollegiyası, halhazırda da, cavabdeh tərəfindən quraşdırılmış kamera onun evinin giriş-çıxışını, həyətini və içini çəkir. Buna görə də, o, öz evində sərbəst hərəkət edə bilmir. Cavabdehə kim icazə verib ki, onun şəxsi toxunulmazlıq hüququnu pozsun? Həmçinin cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının yaşadığı evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hesab etmişlər ki, iddiaçının, yəni onun hazırki iddia tələbini irəli sürmək üçün ümumiyyətlə subyektiv hüququ mövcud deyil. Apellyasiya şikayəti verən şəxsin diqqətinə çatdırmaq istəyir ki, harada yaşamasından aslı olmayaraq hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hər hansı mənzildə mülkiyət hüququ ilə, yaxudda kirayə yaşamağın şəxsi toxunulmazlıq hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.Apellyasiya şikayəti yazan şəxs belə düşünür ki, “əgər sənin hər hansı evə mülkiyyət hüququn yoxdursa və həmin evdə yaşayırsansa istənilən şəxs tərəfindən video çəkilişə məruz qala bilərsən”. Təbii ki, bu cür mövqenin bildirilməsi qanunsuz və əsassızdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, kameranın iddiaçının həyətinin çəkmədiyini, cavabdehin öz həyətini çəkdiyini, bundan əlavə, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını, bunu sübut edəcək hər hansı sənəd təqdim etmədiklərini bildirmiş, qətnamənin təmin edilən hissədə əsassız olduğundan ləğv edilməsini və şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verməklə,həmin evdə qeydiyyatda olduqlarını,cavabdeh tərəfindən quraşdırılan kameranın onların evinin içini çəkdiyini, bunun onların özləri tərəfindən təqdim edilmiş disklə də sübut olunduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən, iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iki dəlil irəli sürmüşdür. Bunlardan birincisi - hasarın üzərində quraşdırılmış ona məxsus kameranın yalnız onun həyətinin çəkdiyini, ikincisi isə - cavabdehin yaşadığı evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyi olmuşdur. Birinci dəlil üzrə cavabdehin narahatlığı anlaşılmazdır. Belə ki, əgər hasarın üzərində quraşdırılmış ona məxsus kamera yalnız onun öz həyətini çəkirsə, onda başqasının həyətinin çəkilməsini qadağan edən qətnamə onun hansı hüquqlarının pozulmasına yönəldiyi sübut edilmir və məntiqi cəhətdən əsassızdır. İkinci dəlil üzrə isə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının olmadığı halda belə şəxsin qeyd edilən ünvanda yaşaması onun əlaqəli mülki hüquqlarının olmasını müəyyən edir və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunduğundan, habelə cavabdehin bununla bağlı qarşılıqlı iddiası olmadığından müzakirə predmeti ola bilməz. Diqqətə çatdırılmışdır ki, qonşunun mülkiyyət hüquqları yalnız yaşadığı daşınmaz əmlaka olan hüquqlarla məhdudlaşmır, bu həmdə ona məxsus daşınar əşyalar üzərində olan mülkiyyət hüquqlarına da aiddir.

11. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır; İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır; İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

12. Mülki Məcəllənin 1.2-ci maddəsinə görə: Fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq Məcəllənin vəzifələrindən biridir.

13. Məcəllənin 6.1.6-ci maddəsinə əsasən: şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi mülki qanunvericiliyin prinsiplərindən biridir.

14. Məcəllənin 170.1 və 170.2-ci maddələrinə əsasən: İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

15. Şikayət əsassız olduğundan və ümumiyyətlə mübahisənin mahiyyətinə aid müzakirə ediləsi dəlillər təqdim edilmədiyindən, mübahisə edilməyən maddi hüquq normalarının tətbiqi üzrə araşdırmanın prosessual mümkünsüzlüyü, prosessual hüquq normalarının isə pozulmadığı müəyyən edilir.

16. Apellyasiya şikayəti əsassız olduğundan və dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4435/2022 saylı işi üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar