Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8476/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi Cavabdeh İB-nin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3383/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – ödədiyi 1146,30 manat pulu nağd şəkildə ona qaytarılmasını və ödənilməmiş 300 manatın silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz sayğacları elektron sistemə keçəndən sonra iddiaçının yaşadığı mənzilə də elektron qaz sayğacı 2012-ci ildə quraşdırıldı. 2012ci ildən 2015-ci il noyabr ayına qədər sayğaca bir dəfə də olsun nəzarət keçirilmədi. Halbuki, qaz sayğaclarına nəzarət şöbəsi ən azı 6 aydan bir nəzarət keçirməlidir. 2015-ci il noyabr ayının 12-də qaz idarəsinin işçiləri iddiaçıya yaxınlaşaraq demişlər ki, sayğacı nasazdır, mənfiyə düşüb və onun 931 manat 50 qəpik borcu yaranıb. O vaxta kimi iddiaçının qazı kəsildikdə qaz kartına nə yükləyirdilərsə, onu da istifadə edirdilər. Qaz kəsiləndə təkrarən qaz yükləyirdilər. Qazı kəsmişlər və borcu iddiaçıya ödətdirmişdilər. Ondan sonra iddiaçıya təzə sayğac quraşdırıldı. 01.05.2020-ci il tarixdə yenidən qaz idarəsinin işçiləri iddiaçıya yaxınlaşıb yenə eyni sözlər: “Sizin sayğacınız nasazdır, mənfiyə düşüb. Sizin 514 manat 80 qəpik borcunuz yaranıb”. Halbuki 2015-ci il noyabr ayından 2020-ci il may ayına kimi bir dəfə də olsun sayğaca nəzarət olunmamışdır. Sayğacı yenidən dəyişdirdilər. Sual oluna bilər - Sayğac nasazdırsa onun məsuliyyətini abonent daşıyır? O vaxta kimi iddiaçının qazı kəsildikdə qaz kartına nə yükləyirdilərsə onu da istifadə edirdilər. Qaz kəsiləndə yenidən qaz yükləyirdilər. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ödədiyi 931,49 manat pul vəsaitinin Cavabdeh İB tərəfindən onun xeyrinə tutulması və cərimə kimi hesablanmış 510,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3383/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh İB-dən 931,49 (doqquz yüz otuz bir manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilsin. ünvan 1 ünvanı üzrə (Abonent kodu: **********00220) İddiaçı hesablanmış 510,80 (beş yüz on manat səksən qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən sayğaca müdaxilə edildiyi üçün yaranmış qaz itkisinə görə 1146.30 manat tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlu şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3383/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 260 manat cərimə yazılmışdır. İş materiallarında olan ******* saylı 01.05.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılaraq, yerində “Mexanika G-6” tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan İddiaçı qaz sayğacına məxsus GASREP vərəqindən görünür ki, onun qaz kartına yüklədiyi məbləğlərdən 400+531,49=931,49 manat tutulmuş, 2020-ci il üzrə qalıq borcu 510,80 manatdır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 3.1.4, 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.5 və 5.6-cı bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3383/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3383/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8476/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8476/2021
01.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver