Məhkəmə qərarları › İş №2(103)-8477/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8477/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8477/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2519/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 və İddiaçı1 oglu cavabdehlər "xxxx" MMCyə, "xxxx" ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(106)24/2018 saylı icra vərəqəsi əsasında Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 58 saylı mənzili üzrə cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracların etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçılar X2 iddianın təmin tədbiri barədə ərizə verərək hazırkı işə baxılanadək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)- 2519/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 488/489 məhəllə, 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(005)- 2519/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Cavabdeh2 ASC-nin idarə heyətinin sədri E.Ə.Həsənov ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)- 2519/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair e- 2(005)-2519/2021 saylı mülki iş Sizin icraatınızdadır. e-2(005)-2519/2021 saylı mülki iş üzrə 23.06.2021-ci il tarixində qətnamə qəbul edilərək, İddiaçı2 və İddiaçı1 iddiası rədd edilmişdir. Qeyd etmək istəyir həmin iş üzrə e-2(005)-2519/2021 saylı qərardad qəbul edilərək, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 488/489 məhəllə, 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-2519/2021 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 488/489 məhəllə, 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçılar İddiaçı2 və İddiaçı1 şikayət verərək, qeyd edilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 ASC-nin iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-2519/2021 nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 488/489 məhəllə, 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Məhkəmə qərardadı belə əsaslandırmışdır ki, iddia rədd olunduğundan iddianın təmin tədbiri ilə bağlı qərardad ləğv olunmalıdır. Hesab edirik ki, məhkəmə iddianı təmin tədbirini ləğv etməkdə haqlı olmamışdır. Qərardadda istinad olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(005)-2519/2021 nömrəli qətnaməsi ilə bizim cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASCyə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin olunmamışdır. Lakin həmin qətnamə ilə razı deyillər, apelyasiya şikayəti verəcəklər, qətnamə hələ qüvvəyə minməmişdir. Başqa sözlə, mübahisə hələ yekunlaşmamışdır. Belə olan halda iddianı təmin tədbirinin ləğv edilməsi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 27.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" ASC-nin iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, iddia rədd olunduğundan iddianın təmin tədbiri ilə bağlı qərardad ləğv olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin ləğv edilməsi barədə ərizəni təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2519/2021 saylı, qətnaməsi 23 iyun 2021-ci il tarixdə qəbul edilmiş cavabdeh "xxxx" ASCnin ərizəsi isə 30 iyun 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, qətnamə qanuni qüvvəsini almamış məhkəmə iddianın təmini tədbirinin ləğv edilməsi barədə ərizəyə baxaraq təmin etmişdir. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yerləşən 488/489 məhəllə, 36 saylı evin 58 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Ona görə də hazırki halda iddia təmin tədbirinin ləğvi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" ASC-nin iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2519/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" ASC-nin iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar