Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-848/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin tutulması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-4694/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı məxsus avtomobil 2 il müddətinə, sığorta haqqı 4000 manat olmaqla, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nəqliyyat vasitələrinin tam sığortası növü üzrə müvafiq sığorta təminatı almış, iddiaçı həmin məbləğdən 2000 manat ödəniş etmişdir. 2.xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün avtomobil servisə göndərilmiş, 18 yanvar 2024-cü il tarixdə tərəflər arasında İMİ23001921 saylı şəhadətnamənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavə bağlanmışdır. 3.İddiaçı tərəfindən sığorta təminatının alınması üçün müraciət olunduqda cavabdeh xx.xx.2024-cü il tarixli məktubla sığorta haqqının qanunla müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbindən müqavilənin qüvvəyə minmədiyini bildirmiş, aralarında bağlanmış sığorta müqaviləsi üzrə razılaşdrılmış sığorta haqqının iddiaçıya ödənilməsindən imtina edilmişdir. 4.Qüsur aktına əsasən iddiaçının avtomobilinə dəymiş ziyan 6750 manat məbləğində qiymətləndirilmişdir. 5.Hazırda iddiaçı sığorta ödənişini, həmçinin gecikdirilmiş günlər üzrə hesablanmış dəbbə pulu olmaqla və ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulmasını xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) 6750 manat məbləğində əsas pul vəsaiti, 1680,75 manat məbləğində hesablanmış dəbbə pulu və 104,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə, 8535 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) ilə aralarında xx.xx.2023-cü il tarixində İMİ23001921 saylı Sigorta müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətində olan Range Rover minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 X4 vasitələrinin tam sığortası üzrə sığorta qaydaları əsasında sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixində Bakı səhəri Binəqədi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cavabdeh Dövlət Sığorta Kommersiya şirkətinə (ləğv prosesindədir) sığorta tələbi ilə müraciət edilmiş, yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sənədlər təqdim edilmiş və cavabdeh tərəfindən avtomobilə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “Range Rover” minik markalı, ** TN *** dövlət qeydiyyat nisanlı nəqliyyat vasitəsinə dəymiş zərər X11 MY AUTO SERVİCE tərəfində 6750 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı uzun müddət ərzində dəfələrlə cavabdehə müraciət etdikdən sonra 05 fevral 2024-cü il tarixdə əsassız, qanunvericiliyə uyğun olmayan imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına müraciətinə də cavabdeh tərəfindən eyni məzmunlu cavab məktubuünvanlanmışdır. Cavabdeh sığortalı tərəfindən sığorta haqqının tam ödənilməməsini əsas gətirərək sığorta ödənişini ödəməkdən yayınmağa çalışır. Belə ki, nəzərdə tutulmuş sığorta haqqının 2000 manat məbləği sığorta müqaviləsi bağlanarkən sığortalı İddiaçı tərəfindən ödənilmişdir. 8.Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiyası Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmiş, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “X12 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobilin könüllü qaydada sığortalanması ilə bağlı Şirkətə müraciət etmiş və bununla əlaqədar İMİ23001921 saylı xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə X7 X2 sığorta” şəhadətnaməsi imzalanmışdır. Həmin şəhadətnamədə sığorta haqqı 4000 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. “X12 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün iddiaçı şirkətə müraciət etmişdir. İddiaçı tərəfindən Şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığorta haqqı 4000 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi müvafiq sığorta şəhadətnaməsində sığorta haqqı iddiaçının iddia etdiyi kimi hissəli yox, tam şəkildə ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış sığorta haqqı tam ödənilmədiyindən müvafiq sığorta müqaviləsi qüvvəyə minməmiş və buna görə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta ödənişinin verilməsindən imtina edilmişdir. 9.İddiaçı etiraza münasibət bildirərək qeyd etmişdir ki, etiraz kökündən əsassız və yanlışdır. Belə ki, cavabdeh etirazında bildirir ki, “X12 Rover” markalı, 77TN111 dövlət qeydiyyat nişanlı avtomobilin könüllü qaydada sığortalanması ilə bağlı şirkətə müraciət etmiş və bununla əlaqədar İMİ23001921 saylı, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə X7 X2 sığorta” şəhadətnaməsi imzalanmışdır. Həmin şəhadətnamədə sığorta haqqı 4000 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. Halbuki, aralarında bağlanmış İMİ23001921 saylı, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə X7 X2 sığorta” şəhadətnaməsinin 2-ci səhifəsində əsas şərtlərində razılaşdırılmışdır ki, ümumi sığorta haqqı bu şəhadətnamənin ayrılmaz hissəsi sayılan sığorta haqqının ödəniş cədvəlinə əsasən ödənilməlidir. Sığorta şəhadətnaməsi sığorta haqqının razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Cavabdeh etirazında bildirir ki, iddiaçı tərəfindən şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı və şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığorta haqqı 4000 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Belə çıxır ki, yol nəqliyyat hadisəsi baş verməsəydi cavabdeh bilməyəcəydi ki, sığorta haqqı tam ödənilməyib. Bundan başqa həmin müqavilənin şərtində göstərilir ki, sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Müqavilənin digər şərtində göstərilmişdir ki, sığorta hadisəsi zamanı ödənilməmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılacaq. Cavabdeh tərəfindən verilən etiraz, əsassız olduğu və yalnız cavabdehin sığorta ödənişini ödəməkdən yayınması məqsədi daşıdığını bir daha sübut edir. 10.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 oktyabr 2024-cü il tarixli, 2(006)-4694/2024 saylı qətnaməsi ilə (hakim-Nail Abbasov) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 11.Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İMİ23001921 saylı Sığorta Şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı məxsus “X12 Rover” markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manat müqabilində xx.xx.2025-ci il tarixinədək sığortalanmışdır. 12.Həmin şəhadətnamədə qeyd edilmişdir ki, sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaqdır. 13.İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1-dən görünür ki, tərəflər həmin əlavəni dövlət qeydiyyat nişanının ** TN *** dəyişməsi barədə imza etmişlər. 14.İnzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 19:30-da Range Rover minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 15.Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində onunla Şirkət arasında bağlanmış İMİ123001921 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 4000 manat məbləğində müəyyənləşdirilmiş və onun hissəli şəkildə ödənilməsi razılaşdırılmamışdır. Tərəfindən Şirkətin bank hesabına xx.xx.2023-cü ii tarixində 2000 manat məbləğində pul vəsaiti ödənilmiş və daha sonra hər hansı ödəniş həyata keçirilməmişdir. AR Mülki Məcəlləsinin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 903.6-cı maddəsinə əsasən isə hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Məlum olduğu üzrə xx.xx.2023 cü il və xx.xx.2024-cü il tarixində Bakı şəhəri ərazisində ona məxsus olan və onun tərəfindən idarə olunan “Range Rover” minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yekunda yuxarıda qeyd olunanları da nəzərə alaraq bildirilmişdir ki, tərəfindən sığorta haqqı Şirkətin hesabına tam ödənilmədiyi üçün onunla bağlanmış sığorta müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvəyə minməmişdir. Bu səbəbdən də baş vermiş yol nəqliyyat hadisəsi üzrə ona Şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. 16.xx.xx.2023-cü il tarixli sığorta xidmətləri üzrə qəbzdən görünür ki, 3801000GB7049410A91 saylı hesab nömrəsinə 2000 manat köçürülmüşdür. 17.X11 My Auto Service tərəfindən xx.xx.2024-cü İl tarixdə verilmiş qüsur aktından görünür ki, Range Rover markalı avtomobilinə 6750 manat ziyan dəymişdir. 18.Məhkəmə işin fakitiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobil 2 il müddətinə 4000 manat sığorta haqqı ödəmək müqabilində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nəqliyyat vasitələrinin tam sığortası növü üzrə müvafiq sığorta təminatı almış, iddiaçı həmin məbləğdən 2000 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermişdir. İddiaçı tərəfindən sığorta haqqının qanunla müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbindən aralarında bağlanmış sığorta müqaviləsi üzrə razılaşdrılmış sığorta haqqının ödənilməsində iddiaçıya imtina edilmişdir. Hazırda iddiaçı sığorta ödənişini, həmçinin gecikdirilmiş günlər üzrə hesablanmış dəbbə pulu olmaqla və ödənilmiş dövlət rüsmunun onun xeyrinə tutulmasını xahiş edir. 19.Məhkəmə tərəflər arasında yaranan münasibətlərin hüquqi xarakterinə və mübahisə predmetinə dair belə qənaətə gəlmişdir ki, tərəflər arasında sığorta müqaviləsi bağlansa da, müqavilədə şərtləndirildiyi kimi sığorta haqqı tam ödənilmədiyindən sığorta müqaviləsi qüvvəyə minməmişdir. 20.Beləliklə iddianı əsassız edən məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında sığorta haqqının hissə-hissə ödənilməsinə dair razılıq olmamış, bununla da müqavilə qüvvəyə minməməklə, cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 888.2, 903.1, 903.2, 903.3, 903.4, 903.5, 903.6; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə sığorta müqaviləsinin şərtlərinə diqqət etməyib. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) ilə aralarında xx.xx.2023-cü il tarixində İMİ23001921 saylı Sığorta müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətində olan Range Rover minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 X4 vasitələrinin tam sığortası üzrə sığorta qaydaları əsasında sığorta təminatı almışdır. Müqavilə tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Aralarında bağlanmış İMİ23001921 saylı, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə X7 X2 sığorta” şəhadətnaməsinin 2-ci səhifəsində əsas şərtlərində razılaşdırılmışdır ki, Ümumi sığorta haqqı bu şəhadətnamənin ayrılmaz hissəsi sayılan sığorta haqqının ödəniş cədvəlinə əsasən ödənilməlidir. Sığorta şəhadətnaməsi sığorta haqqının razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. Sığorta haqqının ödənilməsi cədvəlinin məhkəməyə təqdim edilməməsi həmin şərtin olmaması kimi qiymətləndirilə bilməz. Sığortaçı tərəfindən elektron qaydada təqdim edilmiş sığorta haqqının ödəniş formasını təsdiq edən cədvəl Məhkəməyə təqdim edilmişdir. Cavabdeh sığorta haqqının 2000 manat hissəsinin ödənilməsini etiraf edir və ödənişlə bağlı qəbz əlavə edilmişdir. Dəfələrlə məhkəmə iclaslarında müqavilənin yuxarıda qeyd olunan şərti məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə əhəmiyyət verməmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilə mövcuddur. Müqavilənin şərtlərində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və bununla bağlı sığortalıya təqdim edilmiş komputer çıxarışı məhkəməyə təqdim edilmişdir. Müqavilənin əlavəsi cavabdeh tərəfindən rəsmi təqdim edilməsə də, hakim tərəfindən hər hansı tələb və ya sorğu ünvanlanmamışdır. Müqavilənin digər şərtində göstərilmişdir ki, Sığorta hadisəsi zamanı ödənilməmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılacaq. İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1-dən görünür ki, tərəflər həmin əlavəni dövlət qeydiyyat nişanının ** TN *** dəyişməsi barədə imza etmişlər. Müqaviləyə xitam verilmişdirsə 01 sentyabr 2024-cü il tarixdə bağlanmış müqaviləyə 18 yanvar 2024-cü il tarixdə necə əlavə və dəyişiklik edilmişdir. Baş vermiş hər iki yol-nəqliyyat hadisəsi cavabdeh tərəfindən araşdırılmış və zərər müəyyən edilmişdir. Bunula bağlı sorğu məktubları ünvanlanmışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi sığorta müqaviləsi bağlanmış, sığorta haqqının bir hissəsi ödənilmiş, müqavilənin şərtində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmuş, sığorta müqaviləsi qüvvədə olmuş çünki əks halda sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş ünvanlanmalı. Sığorta haqqı yenə də ödənilmədiyi halda müqaviləyə xitam verilməli və sığorta haqqı geri qaytarılmalı idi. Qanunvericiliyin normalarından belə nəticəyə gəlmək olar ki, sığortalının sığorta haqqınının bir qismini ödəməməsi heç də sığorta müqaviləsinə xitam verilməsinə gətirib çıxarmamışdır. Çünki tərəflər arasında razılaşma mövcuddur bu müqavilədə də göstərilmiş həmçinin tərəflərin iradə ifadəsini də özündə əks etdirmişdir. Belə ki, hər iki sığorta hadisəsi sığortaçı tərəfindən qeydə alınmış eləcə də sığorta əməliyyatı həyata keçirilmiş və sığorta ödənişinin ödəniləcəyi bildirilmişdir. Ləğv prosesində olan təşkliatın müştərilərinin narazılığı narahat etmir. Buna görə də istənilən razılaşmanı pozmağa hazırdır. Sığortalı ilə danışıq aparan əməkdaş artıq bu təşkilatda işləmir və beləliklə ləğv prosesində olan sığortaçı qanunvericiliyin və müqavilənin tələblərini pozur. Lakin məhkəmə qətnamə çıxararkən sığortaçının bu kimi halda hüquq və vəzifələrini nəzərə almadan sığorta haqqını bir qisminin ödənilməməsi ilə sığorta müqaviləsinin qüvvədən düşməsi qənaətinə gələrək işin halları üzrə səhv nəticəyə gəlmişdir.Məhkəmə tərəfindən İddiaçı 2000 manat məbləğində sığorta haqqı ödəməsini və sığorta haqqının digər hissəsinin hadisə üzrə dəymiş zərərdən çıxılaraq ödəniləcəyi barədə sığortaliya məlumat verilməsi, sığorta haqqı ödənilmədikdə sığorta müqaviləsinə xitam verilməsi qaydalarının qanunvericiliklə tədbiqi, müqaviləyə əlavələrin məhkəməyə təqdim edilməməsi (çünki həmin əlavələr yalnız sığortaçıda saxlanılmış, yalnız elektron cədvəl sığortalıya göndərilmişdir.) halları araşdırılmamış, yuxarıda qeyd etdikləri qanunvericilik normalarının tələbləri pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan aşağıdakı faktiki hallar aydınlaşdırılmamışdır: 1.Sığorta müqaviləsinin şərtlərində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırılmış, lakin Məhkəmə tərəflər arasında yaranan münasibətlərin hüquqi xarakterinə və mübahisə predmetinə dair belə qənaətə gəlir ki, tərəflər arasında sığorta müqaviləsi bağlansa da, müqavilədə şərtləndirildiyi kimi sığorta haqqı tam ödənilmədiyindən sığorta müqaviləsi qüvvəyə minməmişdir. 2.Sığorta haqqı 2000 manat ödənilmiş digər hissəsi 2000 manat ödənilməmişdir. Belə olduğu halda sığorta müqaviləsinə qanunvericiliyin tələbinə uyğun olaraq (bildiriş göndərməklə müddət müəyyən etrməklə) xitam verilməli, sığorta haqqı sığortalıya geri qaytarmalıdır. 3.Yuxarıda qeyd olunanları nəzərə almayaraq Məhkəmə bu nəticəyə gəlmişdir ki sığorta müqaviləsi qüvvəyə minməmişdir. Halbuki həmin müqaviləyə 03 ay sonra əlavə buraxılmışdır. 4.Sığorta haqqının ödənilməyən hissəsinin sığorta ödənişindən tutulması da aralarında bağlanmış müqavilə şərtlərində öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlə aralarında bağlanmış sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyi yaranmışdır və sığorta hadisəsi nəticəsində dəymiş zərər sığortalıya ödənilməlidir.İşdə olan sübutlar (sığorta müqaviləsi və ona edilmiş əlavələr) b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, sığorta müqaviləsinə əsasən sığorta haqqı tam olaraq ödənilməlidir. Sığorta ödənişi cədvəlini iddiaçı təqdim etməlidir. Sığorta hadisəsindən sonra Sığorta Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəyən zərərin müəyyən olunması üçün atomobil servisə göndərilmişdir. Bu işçilərin səhvidir. İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1 bağlanmışdır. Bu da işçilərin səhvidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 28.Maddə 888.2.Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 29.Maddə 903.1.Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 30.Maddə 903.2.Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 31.Maddə 903.4.Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 32.Maddə 903.5.Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 33.Maddə 903.6.Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 34.Maddə 919.1.Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: -919.1.7. sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 35.Maddə 920.1.Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. 36.Maddə 920.2. Sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. 37.Maddə 934.2.Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 41.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-4694/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 45.Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İMİ23001921 saylı X8 X4 Vasitələrinin Tam Sığorta Şəhadətnaməsinə əsasən sığortalı İddiaçı məxsus “X12 Rover” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil 4000 manat sığorta haqqı müqabilində xx.xx.2025-ci il tarixinədək sığortalanmış, xx.xx.2023-cü il tarixli sığorta xidmətləri üzrə qəbzə əsasən sığortalı tərəfindən 3801000GB7049410A91 saylı hesab nömrəsinə 2000 manat köçürülmüşdür. 46.X9 X7 X2 Sığortası Şəhadətnaməsində aşağıdakı şərtlər müəyyən edilmişdir: -Sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildirkdən sonra qüvvəyə minmiş hesab olunacaq. -Ümumi sığorta haqqı bu şəhadətnamənin ayrılmaz tərkib hissəsi sayılan sığorta haqqının ödəniş cədvəlinə əsasən ödənilməlidir. Sığorta şəhadətnaməsi sığorta haqqının razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunacaq. -Sığorta hadisəsi zamanı ödənilməmiş sığorta haqqı sığorta ödənişi məbləğindən çıxılacaq. 47.İddiaçı xx.xx.2023-cü il tarixdə saat 19:30-da Range Rover minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, My Auto Service tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qüsur aktına əsasən qəza nəticəsində iddiaçının Range Rover markalı avtomobilinə 6750 manat ziyan dəymişdir. 48.İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1-dən görünür ki, tərəflər həmin əlavəni dövlət qeydiyyat nişanının ** TN *** dəyişməsi barədə imza etmişlər. 49.Beləliklə işin hallarından məlum olunduğu kimi iddiaçıya məxsus avtomobil 2 il müddətinə 4000 manat sığorta haqqı ödəmək müqabilində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən nəqliyyat vasitələrinin tam sığortası növü üzrə müvafiq sığorta təminatı almış, iddiaçı həmin məbləğdən 2000 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermişdir.İddiaçı tərəfindən sığorta təminatının alınması üçün müraciət olunduqda cavabdeh xx.xx.2024-cü il tarixli məktubla sığorta haqqının qanunla müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbindən müqavilənin qüvvəyə minmədiyini bildirmiş, aralarında bağlanmış sığorta müqaviləsi üzrə razılaşdırılmış sığorta ödənişinin iddiaçıya ödənilməsindən imtina edilmişdir. Qüsur aktı tərtib edilərək iddiaçının avtomobilinə dəymiş ziyan 6750 manat məbləğində qiymətləndirilmişdir. 50.Kollegiya ilk olaraq qeyd edir ki, MM-nin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Hazırki müqavilədə sığorta haqqının ödənilməsi qaydası dəqiq olaraq müəyyən olunmadığı halda, cavabdehin sığorta haqqının birdəfəlik ödənilməsi ilə bağlı qeyd etdiyi hal əsaslı hesab oluna bilməz. Belə ki, cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi, sığorta hadisəsindən sonra, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün avtomobil servisə göndərilmiş, bundan sonra İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əlavə №1 bağlanmışdır. Onda sual yaranır ki, sığorta şəhadətnaməsi sığorta haqqına görə qüvvəyə minməmişdirsə, qeyd olunan hərəkətlər cavabdeh tərəfindən nəyə görə yerinə yetirilirdi? 51.Sığorta hadisəsi baş verdikdən sonra sığortaçı tərəfindən iddiaçıya dəymiş zərərin müəyyən edilməsi və avtomobilə baxış keçirilməsi, həmçinin əlavə №1 ilə müqavilə şərtlərinin dəyişdirilməsi (dövlət qeydiyyat nişanının yenilənməsi), sığortaçının müqaviləni etibarlı hesab etdiyini və öhdəliklərini tanıdığını sübut edir. 52.Qeyd olunanlar bir daha təsdiq edir ki, tərəflər arasında sığora haqqının hissə-hissə ödənilməsi razılaşdırılmış, həmin razılaşma iddiaçıya təqdim olunmasa da, cavabdeh tərəf məhkəməyə razılaşmanı təqdim etməmişdir və şəhadətnamədə bununla bağlı müəyyən olunan qeyri-müəyyənliklər Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən cavabdeh tərəfin ziyanına təfsir edilir. 53.Göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2000 manat ödəniş edilməklə şəhadətnamə qüvvəyə minmişdir. Belə ki, Mülki Məcəllənin 903.4-cü maddəsinə uyğun olaraq, müqavilədə başqa şərt nəzərdə tutulmadıqda, sığorta haqqının ilk hissəsinin ödənilməsi müqavilənin qüvvəyə miniməsi üçün kifayətdir. 54.Beləliklə, sığorta şəhadətnaməsi qanuni şəkildə qüvvədə olmuşdur. Həmçinin tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsində sığorta hadisəsi zamanı ödənilməmiş sığorta haqqının sığorta ödənişi məbləğindən çıxılmasını tərəflər razılaşdırmışlar. 55.Digər tərəfdən, Sığorta müqaviləsində sığorta haqqının 4000 manat olduğu və bunun hissəhissə ödənilməsi razılaşdırıldığı halda, iddiaçı yalnız 2000 manat ödəmişdir. Mülki Məcəllənin 919.1.7-ci maddəsinə görə sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Bu halda sığortaçı müqaviləyə vaxtından əvvəl xitam verilə bilərdi. Mülki Məcəllənin 920-ci maddəsinə əsasən müqaviləyə xitam verilməsinə maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə yazılı xəbərdar etməlidir. Sığrota şirkəti ödənişin tamamlanmaması səbəbindən müqaviləyə xitam vermək istəsə idi, iddiaçıya bu barədə xəbərdarlıq etməli idi. Lakin, cavabdeh belə bir addım atmamış, əksinə şəhadətnaməyə dəyişiklik edərək (Əlavə №1) və zərəri qiymətləndirərək, dolayısı ilə qeyd olunan hərəkətləri ilə sığorta haqqının ödənilməsi ilə bağlı ödəniş qrafikinin mövcudluğunu da təsdiq etmişdir. 56.Mülki Məcəllənin vicdanlılıq prinsipini müəyyən edən 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 57.Göründüyü kimi sığorta şirkəti sığorta hadisəsinin araşdırılması və zərərin müəyyən edilməsi zamanı müqavilənin qüvvədə olduğunu dolayı yolla nümayiş etdirmiş, lakin sonradan vicdanlılıq prinsipinə zidd olaraq öhdəliklıərin icrasından imtina etmişdir. Ödənişdən tam imtina etməklə, cavabdeh tərəf ödənilməmiş sığorta haqqının çıxılması kimi şəhədətnamədə nəzərdə tutulmuş razılaşdırılmış həll yolunu nəzərə almamışdır. 58.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə müqavilənin qüvvəyə minməməsini əsas gətirərək iddianı rədd edərkən müqavilənin sığorta haqqının hissə-hissə ödənilməsinə icazə verən şərtlərini və sığortaçının davranışlarını nəzərə almadan qərar qəbul etmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 59.Beləliklə yuxarıda qeyd olunan xüsusatlar xx.xx.2023-cü il tarixdə verilmiş İMİ23001921 saylı Sığorta Şəhadətnaməsinin qüvvədə olduğunu təsdiq etdiyindən və müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsinin baş verməsi işin hallarından müəyyən olunduğundan kollegiya hesab edir ki, iddiaçı sığorta təminatını tələb etməkdə haqlı olmuş, cavabdehin imtinası əsassız olmuşdur.
60. Kollegiya 6750 manat məbləğində əsas pul məbləğinin (sığorta ödənişinin) tutulması tələbinə qiymət verərək hesab edir ki, Sığorta Şəhadətnaməsində şərti azadolma məbləği 250 manat müəyyən edildiyindən və ödənilməmiş sığorta haqqının sığorta ödənişi məbləğindən çıxılması razılaşdırıldığından, iddiaçının avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi barədə qüsur aktına əsasən müəyyən edilmiş 6750 manatdan şərti azadolma məbləği-250 manat və ödənilməmiş sığorta haqqı-2000 manat çıxılaraq, yerdə qalan 4500 manat sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) İddiaçı xeyrinə tutularaq iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. 61.Məhkəmə kollegiyası iddia tələbinin hər gecikdirilmiş gün üçün 1680,75 manat məbləğində hesablanmış dəbbə pulunun tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 62.İşin hallarından göründüyü kimi sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, sığorta şirkətinin xx.xx.2024-cü il tarixli məktubu ilə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta ödənişinin ödənilməsi 40 gün gecikdirilmişdir. 63.Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan hissədə də qismən təmin edilməli, sığorta ödənişinin 40 gün gecikdirilməsi nəzərə alınmaqla hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 190 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (4750x0,1=4,75), (4,75x40=190) 64.Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-4694/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 4500 manat sığorta ödənişi və 190 manat sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) İddiaçı xeyrinə tutulmalıdır. 65.Həmçinin prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 104,30 manat dövlət rüsumunun 57 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 66.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-4694/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat sığorta ödənişi, 190 (yüz doxsan) manat sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu və 57 (əlli yeddi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4747 (dörd min yeddi yüz qırx yeddi) manat pul tutulsun. Qətnamədən kassasiya şikayəti veril bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov