Məhkəmə qərarları › İş №2(103)-8493/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8493/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8493/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(009)- 1384/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın yekun nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.02.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilmiş Y-69 saylı protocol ilə sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2018-ci il tarixli və 2(105)- 2970/2017 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac ilə mülkiyyətində olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzili 32.512 manat qiymət müəyyənləşdirilərək "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Hesab edir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla həyata keçirilmiş və nəticədə onun həm mülki qanunvericilik ilə həm də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Belə ki, əmlakın ilkin satış qiyməti 51.000 manat müəyyən edilməsinə baxmayaraq, yekun olaraq 32.512 manat məbləğində pula ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Yekun hərracın keçirildiyi tarixdə əmlakın real bazar qiyməti 80.000 manat məbləğində olmasına baxmayaraq, yekun olaraq 32.512 manat ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı sifarişçi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2018-ci il tarixli və 2(105)-2970/2017 saylı icra vərəqəsi əsasında "xxxx" MMC tərəfindən 06.02.2019-cu il tarixdə tərtib edilmiş və mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzilin 32.512 manata "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair Y-69 saylı yekun protokolun və hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhəri İcra Şöbəsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2970/2017 saylı 25.05.2018-ci il tarixli Qərarın icra edilməsi məqsədi ilə "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nə sənədlər təqdim edilmişdir. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin 06 fevral 2019-cu il tarixli Y-69 saylı Protokoluna əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzili ilkin satış mərkəzi manat olmaqla hərracda 32.512 (otuz iki min beş yüz on iki) manata "xxxx" ASC tərəfindən alınmışdır. Keçirilmiş hərrac barədə tərtib edilmiş protokoldan da görünür ki, hərracda ipoteka saxlayandan başqa alıcı iştirak etməmişdir. Belə ki, protokoldan göründüyü kimi hərracın hansı formada, yəni açıq və ya qapalı auksion şəklində və hərracda iştirakçıların ipoteka predmetinin 5 faizi məbləğində behin ödənilməsi və qalib olmayan iştirakçıların ödədiyi behin qaytarılması barədə də heç bir məlumat verilməmişdir. Bundan başqa, ipoteka saxlayan digər alıcıların olmamasından və hərrac təşkilatçısının qanuna zidd hərəkətlərindən istifadə edərək süni şəkildə ipoteka predmetinin qiymətini azaltmaqla hərracın qalibi olmuşdur. Hərracın təşkilatçısı hərracın baş tutmaması haqqında kütləvi informasiya vasitəsində elan verməli olduğu halda bunu etməmiş, ipoteka saxlayana bir növ ipoteka predmetini daha ucuz qiymətə əldə etməyə imkan yaratmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(009)-1384/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(009)-1384/2021 saylı qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı səbəbindən qanunsuz və ədalətsiz olmuşdur. Belə ki, hərrac qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tərəfindən verilmiş apellayasiya şikayəti birinci instansiya məhkəməsinin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyi və əsaslığının tam olaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-69 No-li protokolun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2970/2017 saylı, 25.05.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 28484/24, 20.11.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr yerləşən 65 saylı evin 87 saylı mənzili ilkin satış qiyməti 51.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 32512,50 manata "xxxx" KB ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06.02.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr yerləşən 65 saylı evin 87 saylı mənzili 32512,50 manata "xxxx" KB ASC-yə satılmışdır. Məhkəmənin sorğusu əsasında Sumqayıt İcra İdarəsi tərəfindən təqdim edilmiş sənədlərin surətindən aydın olur ki, həm ilk, həm də təkrar hərrac keçirilməsi ilə bağlı tərəflərə və sifarişçi İcra İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi qaydada bildirişlər verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, «İpoteka haqqında» Qanunla borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısına) sifariş verir. «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipteka saxlayan qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası işin hallarına və qanunvericiliyin qeyd edilən tələblərinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlinmişdir. Kollegiya İlk növbədə xatırladır ki, qeyd edilən əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, MPM-nin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Bu səbəbdən məhkəmə kollegiyası əmlakın 80.000 manat qiyməti olduğu halda, 32512 manata satılması ilə bağlı dəlilini əsassız hesab edir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Sifarışçi İcra İdarəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, hərrac təşkilatçısı hər iki hərracla bağlı tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə bildirişlər göndərmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hərrajın nətijələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi 06.02.2019-cu il tarixdə imzalandığı halda, iddiaçı həmin əqdləri təxminən 2 il 2 ay sonra, yəni 26.04.2021-ci il tarixdə mübahisələndirmişdir. Halbuki, Azərbayjan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilən maddə ilə müəyyən edilmiş müddət mahiyyət etibarı ilə kəsici müddət olmaqla, həmin müddətin keçməsi əqdin etibarsızlığını mübahisələndirməyə mane olan haldır. İddiaçı həmin əqdləri 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirməsinin üzrlü səbəbdən baş verməsini məhkəmə araşdırması zamanı əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etmir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 87 saylı mənzilin "xxxx" MMC tərəfindən alınması barədə 06.02.2019-cu il tarixdə Y- 69 №-li hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(009)-1384/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar