Məhkəmə qərarları › İş №2(103)-8496/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8496/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8496/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eyni zamanda cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(011)-5482/2016 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Niftəliyeva Nadirə Əliməmməd qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoru) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi 4Ə-49 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eyni zamanda cavabdehə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və sonuncu tərəfindən vurulmuş 500 manat məbləğində zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 daim xəstə anasına işdən sonra qulluq edir, özünün də müəyyən xəstəliyi və kifayət qədər yaşı olduğuna görə yollarda qalmaq onun üçün çətin idi və ailədə qərara gəlmişlər ki, Bakı şəhəri, Y.Nəsirov küçəsi 4, mənzil 30-da və Bakı şəhəri, Ə.Əliyev küçəsi 26, mənzil 1168-də mövcud mənzilləri birgə satışa çıxardaraq, xəstə qaynanası X27 ilə eyni mərtəbədə qonşu olmaq məqsədilə yeni tikili binada 2 ədəd mənzilləri alsınlar və ya əvəzləşdirsinlər. Bu zəmində İlham adlı ev dəllalı “Gözdən Əlillər” Cəmiyyətinə məxsus F.X.Xoyski prospekti, 123A ünvanında yerləşən yeni tikili binada onlara 2 ədəd mənzil almağı təklif etmiş və Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi kimi Nəsibov Məzahiri onlarla tanış etmişdir. Sonuncu isə öz növbəsində “Gözdən Əlillər” Cəmiyyətinə məxsus F.X.Xoyski prospekti, 123A ünvanında mənzilləri almaq üçün ilk növbədə qeydiyyatda olduğu mənzillərdən qeydiyyatdan çıxmağı və Nərimanov RPİ-nin Pasport və Qeydiyyat Şöbəsinə müraciət etməklə, “Gözdən Əlillər” Cəmiyyətinin F.X.Xoyski prospekti, 123A ünvanında yerləşən yataqxanasına qeydiyyata alınmasını tövsiyə etmişdir. Bu məqsədlə Məzahir Nəsibov xx.xx.2015-ci il tarixdə F.X.Xoyski prospekti, 123A ünvanında yerləşən yeni tikili binada 108 kv.m. sahəyə malik 2 otaqlı mənzili həyat yoldaşı X6 75000 manata təklif etmiş və həmin tarixdə, yəni xx.xx.2015-ci il tarixdə ev dəllalı X12 məxsus “Təbriz” daşınmaz əmlak alqı-satqı ofisində onları Məzahirlə tanış edən ev dəllalı X19 ilə həyat yoldaşı X7 arasında 15000 manat məbləğində beh müqaviləsi imzalanıb, təsdiq edilmiş və həyat yoldaşı X7 beh müqaviləsində qeyd edilən 15000 manatdan da artıq 16000 manat məbləğində pul vəsaitini ev dəllalı X12 ödəmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə həyat yoldaşı X7 Ə.Əliyev 26, 1168 saylı mənzili satmış və “Gözdən Əlillər” Cəmiyyətinin müraciəti ilə F.X.Xoyski prospekti, 123A ünvanında yataqxanada pasport qeydiyyatına alınmış və eyni ünvanda yeni tikili binada Nəsibov Məzahirin göstərdiyi 108 kv.m. sahəyə malik 2 otaqlı mənzili almaq məqsədilə onun mənzil növbəsinə durmasına dair Nərimanov RİH-nin xx.xx.2015-ci il tarixli sərəncamını Məzahir Nəsibov ona verməzdən əvvəl xx.xx.2016-cı il tarixdə 3 saylı notariat kontorunda X28 ilə X7 arasında 70000 manat məbləğində kredit müqaviləsi imzalanıb, təsdiq edilmiş və sonuncu tərəfindən beh müqaviləsi üzrə 10000 manat Nəsibov Məzahirə çatdığı üçün 60000 manat məbləği ödəməklə, öz öhdəliyini icra etmiş və mənzil növbəsinə durmağa dair Nərimanov RİH-nin xx.xx.2015-ci il tarixli sərəncamını Nəsibov Məzahirdən almışdır. Nəticə etibarilə Məzahir Nəsibov Bakı şəhəri, F.X.Xoyski prospekti, 123A ünvanında göstərdiyi 108 kv.m. sahəyə malik 2 otaqlı mənzilə görə 70000 manat pul vəsaitini almasına baxmayaraq, göstərdiyi mənzilin açarlarını təqdim etməyib və şərti olaraq kredit müqaviləsində razılaşdırılmış şəkildə xx.xx.2016-cı il tarixinədək həmin mənzilin açarları təqdim olunmalı idi və sonda kredit müqaviləsi ləğv olunmalı idi. Daha sonra eyni qayda ilə ikinci mənzilin verilməsi üçün Nəsibov Məzahir Y.Nəsirov küçəsi, ev 4, mənzil 30-da qeydiyyatda olan onu da “Gözdən Əlillər” Cəmiyyətinin xx.xx.2015-ci il tarixli müraciəti ilə “Gözdən Əlillər” Cəmiyyətinin F.X.Xoyski prospekti, 123A ünvanındakı yataqxanasına qeydiyyata alınmasını təşkil etmiş, amma həyat yoldaşından fərqli olaraq ona F.X.Xoyski prospekti, 123A ünvanında yeni tikili binada mənzil növbəsinə durmasına dair Nərimanov RİH sərəncamını xx.xx.2016-cı il tarixdə təqdim etmişdir. xx.xx.2015-ci il tarixdə Nəsibov Məzahir birinci göstərilən yeni mənzilə köçürülməsinə söz vermiş, sonra isə qeyd etmişdir ki, “FHN-dən icazə verilmir”, daha sonra “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazələr verilmir” kimi bəhanələr gətirmiş, lakin xx.xx.2015-ci il tarixdə yeni tikili binanın rəsmi açılışı baş tutduqda və açılışa cənab Prezidentin gəlişindən xəbər tutmuş, bundan başqa 85 nəfərə mənzillərinin açarlarının verilməsindən xəbərdar olmuş və Nəsibov Məzahirə aydınlıq gətirmək üçün onunla əlaqə saxlamış, sonuncu isə öz növbəsində qeyd etmişdir ki, bu insanlar çoxdan mənzil növbəsində durublar, Novruz bayramına kimi mənzillərinə köçəcəklər. Bir müddət sonra Nəsibov Məzahir 2016-cı ilin yanvar ayının 4 və ya 5-də həyat yoldaşı X9 ilə əlaqə saxlamış və Bakı şəhəri, Y.Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilin satılıbsatılmamasını soruşmuş və həyat yoldaşı X9 bildirmişdir ki, bu mənzili həyat yoldaşı, yəni o, hələ satmamışdır. Bu zaman o, şərti alıcı qismində qohumu Niftəliyev Camalı onunla tanış etmiş və sonuncu Məzahirlə birgə evə gəlmiş və bu mənzili bəyəndiyini qeyd etmişdir. Daha sonra zəng etmişdir ki, 50000 manat pulu var və o, bu mənzili satışa 75000 manata çıxartdığı üçün 50000 manat təklif ilə razılaşmamış və bu təklifdən imtina etmişdir. Bu zaman Niftəliyev Camalı onunla tanış edən Nəsibov Məzahir zəng açmış və demişdir ki, o, artıq onun həyat yoldaşına bir mənzili verir, ikinci mənzili də bu mənzilin əvəzinə ona verəcək, Camalın pulu yoxdur, ona görə tam rahat olaraq mənzillərin əvəzləşməsini onunla edə bilər. xx.xx.2016-cı il tarixdə yaşadığı Bakı şəhəri, Y.Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilinə X29 Camalla birlikdə gəlmişlər və onunla F.X.Xoyski prospekti, 123A ünvanında yerləşən yeni tikili binada ikinci mənzili verməyi vəd edərək, hər hansı ödəniş olmadan şərti alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini razılaşmışlar və sabah xx.xx.2016-cı il tarixdə 3 saylı notariat kontorunda saat 17:00-da görüşməyi razılaşmışlar. xx.xx.2016-cı il tarixdə saat 17:00-da 3 saylı notariat kontoruna gəlmiş, amma Niftəliyev Camal qeyd olunan ünvana gəlməmiş və həyat yoldaşı X9 ilə əlaqə saxlayıb bildirmişdir ki, o, 9 saylı notariat kontoruna gəlməli olacaq, 3 saylı notariat kontorunda şərti alqı-satqı müqaviləsinin bağlanmasına notarius izn verməmişdir. 9 saylı notariat kontoruna gəldikdə artıq saat 18:00 radələrində olmuş, müştərilərdən kimsə olmamış, əməliyyat sistemi dayandırılmış və formal alqı-satqı müqaviləsini və əlaqəli digər sənədlərin məzmununu oxumadan imzalamış, onun üçün bu mənzilin əvəzinə F.X.Xoyski prospekti, 123A ünvanında yeni mənzil veriləcəyi üçün alqı-satqı müqaviləsinin məzmunu onu maraqlandırmamışdır. Kassa bağlı olmuş, formal qəbzin təsdiqlənməsini xəzinədarəməliyyatçı pul mədaxil etmədən necə təsdiqlənəcəyini notariusa sual etdikdə, Nəsibov Məzahir bildirmişdir ki, “pulu nə edirsən, əvəzində yeni mənzil veriləcək”. Beləliklə, Bakı şəhəri, Y.Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilinə dair Niftəliyev Camalın həyat yoldaşı X10 ilə şərti alqı-satqı müqaviləsi bağlanmış, verginin 1000 manata yaxın pulunu da ondan istədikdə, həyat yoldaşı X9 qeyd etmişdir ki, satıcı qismində onlar pul aldı ki, vergisini də ödəsinlər. Üzərində cəmi 500 manat pulları olduğunu demiş, o zaman Niftəliyev Camal 500 manata kimi pul vəsaitini çıxardıb, həyat yoldaşı X2 onda olan 500 manatın şərti müqavilədən yaranmış vergi öhdəliyinin ödənilməsi üçün istədi və nəticədə bu 500 manatı vergini ödəmək məqsədilə həyat yoldaşı X2 alıb, Niftəliyev Camala vermişdir. Bu səbəbdən iddia tələbində ayrıca 500 manat pul şəklində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə Nəsibov Məzahirlə əlaqə saxlamış, qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdə F.X.Xoyski prospekti, 123A ünvanında hər iki mənzilin açarları veriləcəkdir. xx.xx.2016-cı il tarixdə yeni yaşayış kompleksinə həyat yoldaşı ilə birgə getmiş, orada bayram münasibətilə mühafizəçidən başqa heç kim olmamış və mühafizəçi nə Məzahir adlı, nə də Camal adlı şəxslərin həmin ünvana gəlmədiyini və ümumiyyətlə, bu şəxsləri tanımadığını bildirmişdir. xx.xx.2016-cı il tarixdə onunla xx.xx.2016-cı il tarixdə notariat kontorunda olan X30 ona zəng etmişdir ki, xx.xx.2016-cı il tarixdə Nəsibov Məzahir və Niftəliyev Camal ailələri ilə birgə ölkədən qaçıb gediblər, ondan da Niftəliyev Camal xx.xx.2016-cı il tarixdə onun yanında 15000 manat, xx.xx.2016-cı il tarixdə isə 40000 manat pulunu yeni mənzil vermək vədi ilə aldadıb almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(011)-5482/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə Niftəliyeva Nadirə Əliməmməd qızı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilinə dair Niftəliyeva Nadirə Əliməmməd qızının adına xx xxxxxx 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Niftəliyeva Nadirə Əliməmməd qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi həm satıcı, həm də alıcı tərəfindən imzalanmış, notarius tərəfindən tərəflərə Mülki Məcəllənin 568, 646-647-ci maddələrinin məzmunu izah olunmuş, tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydasına görə alıcı mənzilin dəyərini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəmiş, Forma 2 arayışına əsasən həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin və satıcının nikahda olduğu şəxsin mənzilin satılmasına razılıqları alınmış, mənzilə dair alınmış 1 saylı forma arayışına əsasən mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlanmışdır. Həmçinin birinci instansiya məhkəməsinin iclaslarında cavabdehin iştirakı təmin edilməmiş, o, iş üzrə cavabdeh kimi göstərilsə də ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Eyni zamanda apelyasiya baxışında cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi 4 saylı evin, 30 saylı mənzilini boşaldaraq çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Niftəliyeva Nadirə Əliməmməd qızı qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan mənzili satmaq qərarına gəlmiş və o, da ev almaq istədiyindən həmin mənzili aralarında razılaşmış məbləğə almaq qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı mənzilini alqı-satqı etmək üçün bütün sənədləri hazırlamış və alqı-satqını həyata keçirmək üçün notariat kontoruna getmişlər. Notariat kontorundan iddiaçı bu barədə razılıq ərizəsi yazmış, sənədləri notariat orqanına təqdim etmiş, Niftəliyeva Nadirə Əliməmməd qızı da razılaşdıqları məbləği notariusun depozit hesabına köçürdükdən sonra alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı özü şəxsən imza edərək, depozit hesabına köçürülmüş məbləği çıxarmışdır. İddiaçı mənzili xx xxxxx 2016-cı ilədək ona təhvil verməyi öhdəsinə götürsə də, mənzili təhvil verməmişdir. O, dəfələrlə mənzili ona təhvil verməsini bildirsə də, iddiaçı bundan imtina etmişdir. İddiaçı imtinasını onunla əsaslandırmışdır ki, Məzahir adlı şəxs onu aldatmışdır. Bundan sonra o, uşağının xəstəliyi ilə əlaqədar xaricə getməli olmuşdur. O, evin boşaldılması məsələsini qohumuna tapşırsa da, yəni bununla bağlı qohumuna etibarnamə versə də, iddiaçı onun qohumunu hədələmiş və ona evə yaxın belə düşməyə qoymamışdır. Bundan sonra iddiaçı belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə alqı-satqı müqaviləsi bağlanarkən alıcı üzərinə düşən vəzifələri tamamilə icra etmiş, mənzilin dəyərini ödəyərək mənzili mülkiyyətinə qəbul etmişdir. Hal-hazırda öz evində cavabdehin təqsiri ucbatından yaşaya bilmir. Bununla da o, mülkiyyət hüququndan mərhum olmuşdur. Cavabdeh Niftəliyeva Nadirə Əliməmməd qızı birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olduğundan və Mülki Prosessual Məcəllənin 372.5-ci maddəsinin tələbləri nəzərə alınaraq qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(103)- 8195/2016 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5482/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, ilk iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə Niftəliyeva Nadirə Əliməmməd qızı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə Niftəliyeva Nadirə Əliməmməd qızı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında Niftəliyeva Nadirə Əliməmməd qızının adına xx xxxxxx 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Niftəliyeva Nadirə Əliməmməd qızı tərəfindən İddiaçı qarşı irəli sürülmüş qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)-3764/2017 saylı Qərarı ilə Niftəliyeva Nadirə Əliməmməd qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)- 9047/2017 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5482/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 4 saylı evin 30 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və ilkin iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2609/2018 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)- 9047/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə Bədal X8rşı xx xxxxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, “...işə baxan məhkəmələr isə İddiaçı iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilibedilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı İddiaçı buna dair iradə ifadəsinin olub-olmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılmaması yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin ərizəçinin həmin müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur...”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3(k)/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2609/2018 saylı Qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)- 9047/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia apelyasiya icraatında irəli sürüldüyündən və həll edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Niftəliyeva Nadirə Əliməmməd qızı arasında xx.xx.2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilini Niftəliyeva Nadirə Əliməmməd qızına 55000 manata satmışdır. Müqavilədən həmçinin görünür ki, müqavilənin çap tarixi xx.xx.2016-cı il tarixdə, saat 18:36-da göstərilmişdir. Həmin mənzilə dair Niftəliyeva Nadirə Əliməmməd qızının adına xx.xx.2016-cı il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhərinin notariusu X20 tərəfindən təsdiq edilmiş 4-Ə/49 reyestr nömrəli notariat işinə əlavə edilmiş ərizələrdən görünür ki, X7 və X37 Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilinin satılmasına etiraz etməmişlər. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 22 nömrəli sərəncamının surətindən görünür ki, Qasımov X14 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçı F.X.Xoyski prospektindəki 123A nömrəli evdə daimi qeydiyyatdadır. Qeyd olunanlara istinad edərək İddiaçı Əliəşrəf oğlunun 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi, sərəncamın surətlərinin hüquq şöbəsinə və İddiaçı göndərilməsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 327 nömrəli sərəncamının surətindən görünür ki, X1 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Elmira Abbasəliyeva F.X.Xoyski prospektindəki 123A nömrəli evdə daimi qeydiyyatdadır. Qeyd olunanlara istinad edərək X3 2 nəfərlik ailə tərkibi ilə (özü, oğlu) mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi, sərəncamın surətlərinin hüquq şöbəsinə və Elmira Abbasəliyevaya göndərilməsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna əsasən verilmiş 9/10-056 saylı xx.xx.2016-cı il tarixli məktubda göstərilmişdir ki, X28 özgənin əmlakını ələ keçirmək məqsədilə X13 etibarından suiistifadə etməklə ona ünvan 3 ünvanında yerləşən “Gözdən Əlillər Cəmiyyətinə” məxsus olmaqla gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2 otaqlı 108 kv.metr sahəsi olan mənzil ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla xx.xx.2015-ci il tarixdə 70000 manat pulunun dələduzluq yolu ilə ələ keçirmişdir. xx.xx.2016-cı il tarixdə Nərimanov rayon Prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2016-cı il tarixdə icraata qəbul edilmişdir. Aparılmış istintaq zamanı X16 X17, X32, X18, X21, X31, X11 və şəxsiyyətləri istintaq tərəfindən dəqiqləşdirilməkdə olan bir çoxlarını da eyni üsulla aldadaraq küllü miqdarda pulunun ələ keçirilməsi müəyyən edilmişdir. Qeyd edilən cinayət işi ilə əlaqədar X24 zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. Bundan başqa aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, X28 tanışı Camal Niftəliyevlə birlikdə X13 etibarından sui-istifadə edib aldatmaqla ünvan 3 ünvanında yerləşən “Gözdən Əlillər Cəmiyyəti”nə məxsus olmaqla gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2-ci mənzilin veriləcəyinə yalan vəd verib İddiaçı məxsus Nərimanov rayonu, Y.Nəsirov küçəsi ev 4, mənzil 30 ünvanında yerləşən mənzili Camal Niftəliyevin həyat yoldaşı Nadirə Niftəliyevanın adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. Bakı şəhəri Nərimanov rayon prokurorunun xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayevin və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin qərardan görünür ki, X28 özgənin əmlakını ələ keçirmək məqsədilə X13 etibarından sui-istifadə etməklə ona ünvan 3 ünvanında yerləşən gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından 2 otaqlı 108 kv.metr sahəsi olan mənzil ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla xx.xx.2015-ci il tarixdə 70000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Nəsibov Məzahir 2016-cı ilin yanvar ayının 4 və ya 5-də onunla əlaqə saxlamış və Bakı şəhəri, Y.Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilin satılıb-satılmamasını soruşmuş və o, bildirmişdir ki, mənzil hələ satmamışdır. Bu zaman Məzahir şərti alıcı qismində qohumu Niftəliyev Camalı iddiaçı ilə tanış etmiş və əri Məzahirlə birgə evə gəlmiş və bu mənzili bəyəndiyini qeyd etmişdir. Daha sonra zəng etmişdir ki, 50000 manat pulu var və İddiaçı bu mənzili satışa 75000 manata çıxartdığı üçün 50000 manat təklif ilə razılaşmamış və bu təklifdən imtina etmişdir. Bu zaman Niftəliyev Camalı iddiaçı ilə tanış edən Nəsibov Məzahir zəng açmış və demişdir ki, artıq ona bir mənzili verir, ikinci mənzili də bu mənzilin əvəzinə ona verəcək, Camalın pulu yoxdur, ona görə tam rahat olaraq mənzillərin əvəzləşməsini onunla edə bilər. xx.xx.2016-cı il tarixdə yaşadığı Bakı şəhəri, Y.Nəsirov küçəsi, 4 saylı evin, 30 saylı mənzilinə X29 Camalla birlikdə gəlmişlər və onunla F.X.Xoyski prospekti, 123A ünvanında yerləşən yeni tikili binada ikinci mənzili verməyi vəd edərək, hər hansı ödəniş olmadan şərti alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini və xx.xx.2016-cı il tarixdə 3 saylı notariat kontorunda saat 17:00-da görüşməyi razılaşmışlar. xx.xx.2016-cı il tarixdə saat 17:00-da o, 3 saylı notariat kontoruna gəlmiş, amma Niftəliyev Camal qeyd olunan ünvana gəlməmiş və onunla əlaqə saxlayıb bildirmişdir ki, 9 saylı notariat kontoruna gəlməli olacaq, 3 saylı notariat kontorunda şərti alqı-satqı müqaviləsinin bağlanmasına notarius razılıq verməmişdir. 9 saylı notariat kontoruna gəldikdə artıq saat 18:00 radələrində olmuş, müştərilərdən kimsə olmamış, əməliyyat sistemi dayandırılmış və formal alqı-satqı müqaviləsini və əlaqəli digər sənədlərin məzmununu oxumadan imzalamışlar. Verginin 1000 manata yaxın pulunu da Bədaldan istədikdə, o, qeyd etmişdir ki, satıcı qismində onlar pul aldı ki, vergisini də ödəsinlər. Ondan 500 manatın şərti müqavilədən yaranmış vergi öhdəliyinin ödənilməsi üçün istəmiş və nəticədə bu 500 manatı vergini ödəmək məqsədilə İddiaçı ondan alıb, Niftəliyev Camala vermişdir. Məzahirgilin pulları az olduğundan, 15000 manat Məharətdən pul almışlar ki, alqı-satqı müqaviləsini bağlaya bilsinlər. Notariat əməliyyatı saat təxminən 18:30-da aparılmışdır. Şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, iddiaçının arvadı Elmira onun xalasıdır. Əvvəlcə onlara Nərimanov rayonunda yerləşən bir notariat kontoruna getmələri bildirilmiş, lakin sonradan xalasına zəng vurmuşlar ki, başqa notariat kontoruna getsinlər. Məzahir gəlmiş, demişdir ki, tez-tez razılıq ərizələrini imzalasınlar. O da, mübahisəli mənzildə qeydiyyatda olduğundan, onun da notarial qaydada təsdiq olunmuş razılığı alınmışdır. Camal və arvadı Nadirə də orda olmuşdur. Sonra xalasından vergilərə görə pul istəmişlər. Xalası demişdir ki, o evi satmır, barter edir. Buna görə, vergini nəyə görə ödəməlidir. Sonra xalası 500 manat məbləğində pul vəsaiti vermişdir. Şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, o, cinayət işi üzrə tanınan 173 ev alanlarda biridir. Camal ona kirvəsi Məzahirin vasitəsilə ev təklif etmişdir. X23 2-ci dəfə görmüşdür. O da, 73000 manat Məzahirə, 2000 manat isə Camala verməli idi. Beh kimi 1000 manat vermişdir. Camal demişdir ki, alqı-satqı edirlər, lakin pul yoxdur. O da, notariat kontoruna pulla gəlmiş, orada iddiaçını, onun arvadı Elmira xanımı, Rəna xanımı, Məzahiri, Camalı və Camalın arvadı Nadirəni görmüşdür. Notariat kontorunun içərisində bank da olmuşdur. 40000 manat Camalgildə pul olmuş, 15000 manat da ondan alaraq üstünə qoyaraq, kassaya vermişlər. Belə ki, onların əllərində 55000 manat məbləğində pul olmadığından, onu notariat kontoruna dəvət etmişlər ki, onda olan 15000 manat məbləğində pul vəsaitini 40000 manatın üzərinə əlavə etməklə formal olaraq banka qoyub-çıxartsınlar və alqı-satqını həyata keçirsinlər. Vergiyə görə tərəflər arasında mübahisə yaranmışdır. Sonradan 500 manat məbləğində pulu Bədalgil vermişlər. Sonradan o, cavabdehin və ərinin ölkəni tərk etmələrini, yəni qaçmalarını eşitdikdə, alqısatqı zamanı notariat kontorunda olduğundan, bununla da ünvanı bildiyindən, mübahisəli mənzilə gəlmiş, həmin vaxt iddiaçını görmüş və ona cavabdehin və ərinin qaçmalarını bildirmişdir. Göründüyü kimi, mübahisələndirilən müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, bundan sonra İddiaçı F.X.Xoyski prospektindəki 123A nömrəli evə qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixli sərəncamla isə onun mənzil növbəsinə götürülməsi və vətəndaşların ümumi növbəlilik siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçıya başqa mənzil verilməsi vəd edilmiş, bunun qarşılığında da onu aldadaraq qeyd olunan müqaviləni bağlamağa nail olmuşlar. Beləliklə, müəyyən edilir ki, mübahisələndirilən müqavilə aldadılmaqla bağlanılmışdır, belə ki, cavabdehin əri C.Niftəliyev tanışı M.Nəsibovla birlikdə ünvan 4 ünvanında yerləşən “Gözdən Əlillər Cəmiyyətinə” məxsus olmaqla gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından mənzilin iddiaçıya verilməsi vədinin qarşılığında sonuncuya məxsus ünvan 5 ünvanında yerləşən 30 saylı mənzilin arvadı - Cavabdeh adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsinə nail olmuşdur. Yəni, iddiaçının aldadılması ondan ibarət olmuşdur ki, Məzahir Nəsibov adlı şəxs ona başqa mənzil verməyi vəd etmiş və cavabdehin əri Camal Niftəliyev bundan məlumatlı olmuşdur. Həmçinin mübahisələndirilən müqavilə bağlanılarkən iddiaçıya hər-hansı pul vəsaiti ödənilməmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə aldadılmaqla bağlanıldığından qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab edilir və belə olan halda Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən onun əsasında verilmiş çıxarış da etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin baxılan işdə etibarsız hesab edilən əqd üzrə iddiaçı Qasım Bədalovun cavabdeh Nadirə Niftəliyevadan hər hansı məbləğdə pul alması müəyyən edilmir, ona görə də həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyil. İddia tələbinin maddi zərər hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı işdə isə zərərin mövcud olması sübut olunmur. Qarşılıqlı iddia tələblərinə dair kollegiya qeyd edir ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Lakin mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsi barədə əqd və onun əsasında verilmiş çıxarış etibarsız hesab edildiyinə görə cavabdehin tələbləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5482/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,55 kv.metr olan mənzilin alqı-satqısına dair İddiaçı ilə Niftəliyeva Nadirə Əliməmməd qızı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Niftəliyeva Nadirə Əliməmməd qızının adına xx xxxxxx 2016-cı il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Niftəliyeva Nadirə Əliməmməd qızının İddiaçı qarşı İddiaçı və ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi 4 saylı evin, 30 saylı mənzilini boşaldaraq çıxarılmaları barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar