Məhkəmə qərarları › İş №2(103)-8499/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8499/2021

25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8499/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2601/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 29.09.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3219,30 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2601/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 29.09.2020-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "obyektə sayğac sxemindən kənar xətt daxil olur" qüsurunun aşkar olunması səbəbilə NDQ № 008024 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASC-nin Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjinin əvəzi olaraq 35770 kvts olmaqla 3219.30 manat məbləğində borc iddiaçının **********10086 nömrəli abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.32ci bəndinə əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdənçıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, 29.09.2020-ci il tarixdə Digah qəsəbəsində yerləşən obyektə baxış keçirilib və məlum olub ki, obyekt market kimi istifadə olunur, orada həm də dülgər sexi var və ev də mövcuddur. Onlar cəriməni obyektə, yəni Kərimov Əkrəmə yazmışlar. Aktı imzalayan şəxs də abonentin nümayəndəsi kimi odur. Ona görə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Aşkar etdikləri gündən 3 illik iddia müddəti nəzərə alınmaqla, pozuntudan 1 il əvvəlki dövr üçün cərimə hesablanır. 1 günü hesablayıb, yəni 1 saatda 7 kvt saat enerji sərf olunduğundan onu 14 saata, cəmini isə 365 günə vurub nəticədə 35770 kvts elektrik enerjisinin itirildiyini müəyyən etmişlər. Tərtib olunmuş sonuncu baxış aktı ilə ilk müəyyən olunan pozuntu arasındakı vaxt müəyyən edilir. Sonuncu akt 2020-ci ildə tarixdə tərtib edilib. İtirilmiş enerji miqdarı hesablanıb tərəfə onun əvəzi olan məbləğin ödənilməsi barədə bildiriş göndərilib. Cəriməni obyekt ödəyəcək. Orada faktiki olaraq 2 obyekt işləyir. Borc İddiaçı deyil, Kərimov Əkrəmin adına yazılıb. Obyektin iddiaçıya məxsus olması barədə sənəd təqdim etməli idi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, özü 1-ci qrup Qarabağ əlili, anası Şuşada şəhid olmuşdur. Cərimə yazılan ünvan ona aiddir. Belə ki, həmin ünvandakı evdə ailəsi ilə birgə yaşayır və evində çox kiçik dülgər sexi də əvvəllər fəaliyyət göstərmişdir. İddiaçının nümayəndəsinin adını qeyd etdiyi Əkrəm Kərimov sexdə işləyən savadsız bir fəhlə olmuş və sonuncunun həmin ünvanda və ərazidə evi və hansısa obyekti olmamışdır. Akt tərtib edilən zaman özü rayonda olmuşdur. "xxxx"ın əməkdaşları onun evdə olmamasından istifadə edərək Əkrəmi aldadıb, “kişi sözü” verərək guya baxış keçirmək adından ona akta qol çəkdiriblər. Onun evinə və dülgər sexinə heç vaxt qanunsuz xətt çəkilməmişdir. Cavabdehin nümayəndələri hər ay ünvana gələrək əraziyə nəzarət edirlər. Qanunsuz qoşulma olsaydı yəqin ki, işıq əməkdaşları hər ay bunu görməli idi. Əgər qanunsuz işığa qoşulmuşdursa onda hər ay 150 manatdan artıq işıq pulunu nəyə görə ödəmişdir. Cavabdeh qurumdan cəriməni onların silə bilmədiyini, ona görə də məhkəməyə müraciət etməyi ona təklif etdilər. Cərimə ona yazılmamışdırsa məhkəməyə niyə müraciət etməlidir ki, cavabdehin nümayəndəsinin bu fikri başadüşülən deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərtib olunan NDQ № 008024 saylı, 29 sentyabr 2020-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd olunması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan akt isə sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etmir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin aktı hazırlaya bilər. İkincisi, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı izahatında cərimənin iddiaçıya deyil, Əkrəm Kərimova yazıldığını bildirdi. X3 həmin ünvana hansı aidiyyətinin olduğunu göstərmədi. Əksinə 29.09.2020-ci il tarixli 008024 nömrəli aktda Əkrəm Kərimov abonentin nümayəndəsi kimi qeyd olunmuşdur. Lakin aktda Əkrəm Kərimovun iddiaçının abonent kimi hansı əsasla nümayəndəsi olması da bəlli deyil. Göründüyü kimi, aktda qeyd olunanlarla cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı göstərdikləri ziddiyyət təşkil edir. Bu cür vəziyyət özü də iddianın əsaslı olduğunu bilavasitə təsdiq etmiş olur. Üçüncüsü, iddiaçıya cərimə kimi yazılan 3219,30 manat əsassızdır. Çünki, maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən mübahisəli ünvanda qeyd olunan akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkiliş də edilə bilərdi. Yəni, həqiqətən qanunsuz qoşulma faktı videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır. Baxmayaraq ki, iddia tələbinə etirazın əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbləri də bunu ehtiva edir. Dördüncüsü, elektrik enerjisindən istifadəyə görə əvəz ödəməsi istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, cavabdeh qurumun da istifadə haqqını vaxtında tələb etmək vəzifəsi olmuşdur. Cavabdeh tərəf iddiaçının göstərdiyi halları təkzib etmək üçün akt tərtib edilən tarixə qədər iddiaçının elektrik enerjisindən istifadəyə görə ödənişləri icra etməməsinə yaxud lazımınca icra etməməsinə dair məhkəməyə hansısa bir sənəd təqdim etməmişdir. Demək, iddiaçının cavabdehə elektrik enerjisindən sərfiyyata görə hansısa məbləğdə cari borcu da olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2601/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar